07 iyul 2022 02:34
838

İsrailin yeni hərbi texnologiyası gizli obyektləri belə aşkar edə bilir

Hesabata görə, İsrailin yeni hərbi texnologiyası süni intellektə əsaslanan izləmə alqoritmindən istifadə edərək “divarların arasından görməyə” imkan verir. Sistem hətta dəmir-beton divarın arxasında gizlənmiş obyektləri tanıya bilir.

“İki sahil” “İnsider”ə istinadən xəbər verir ki, “Camero-Tech” adlı İsrail hərbi texnoloji startapı nazik alçıpandan dəmir-betona qədər divarları keçə və onların arxasında gizlənmiş obyektlərin yüksək keyfiyyətli təsvirini yarada bilən “Xaver 1000” portativ cihazını hazırlayıb.

Cihazın hərbçilər, hüquq-mühafizə orqanları əməkdaşları və təbii fəlakətlərdən sonra xilasedicilər üçün yaradıldığı iddia edilir. Kamera təkcə cisimlərin vəziyyətini deyil, həm də insanların sifətini və heyvanların hərəkətini “görməyə” qadirdir.

Bütün hərbi texnologiyalarda olduğu kimi, “Xaver 1000”in necə işlədiyi barədə çox az şey məlumdur. Cihaz 25,7 sm diaqonallı displey və açılan antenna ilə təchiz olunub. Displey istifadəçinin digər tərəfini “görmək” istədiyi divara bərkidilir.

Radiodalğalar obyektə nüfuz edir və süni intellekt sistemi təsviri dəqiqləşdirir və hərəkətləri dəqiqliklə izləməyə imkan verir.

Nubar Süleymanova, “İki sahil”