06 iyul 2022 03:20
1079

Kosmonavtların səhhətində nələr baş verirmiş?..

Kosmonavtlar kosmosda Yerdə insanların onilliklər boyu itirdikləri sümük kütləsini bir il ərzində itirirlər. Bir çoxları Yerə qayıtdıqdan bir il sonra belə bunu bərpa edə bilmirlər. Beynəlxalq Kosmik Stansiyada (BKS) uçan 17 kosmonavtda sümük itkisi ilə bağlı aparılan araşdırma bu prosesi dolğun başa düşməyə imkan yaradıb. Kosmik səyahətin insan orqanizminə təsiri və onu azaltmaq üçün atılacaq addımlar potensial iddialı gələcək missiyalar qarşısında həlledici məqamdır.

Tədqiqat nəticəsində kosmosdakı mikroqravitasiya şəraitinin səbəb olduğu kosmonavtlarda sümük itkisi və Yerdə sümük mineral sıxlığının nə dərəcədə bərpa oluna biləcəyi ilə bağlı yeni məlumatlar toplanıb. Təcrübələrə orta yaş həddi 47 olan 14 kişi və üç qadın astronavt cəlb edilib, onların missiyaları kosmosda dörd aydan yeddi aya qədər idi.

Yerə qayıtdıqdan bir il sonra kosmonavtlar orta hesabla alt ayağın sümüklərindən biri olan tibiada sümük mineral sıxlığının 2,1% azaldığını və sümük gücünün 1,3% azaldığının şahidi olublar. Doqquz kosmos uçuşundan sonra sümük mineral sıxlığı bərpa olunmayıb, əksinə davamlı itki baş verib.

"Biz bilirik ki, kosmonavtlar uzun müddətli kosmos uçuşu zamanı sümüklərini itirirlər. Bu araşdırmanın yeni cəhəti odur ki, biz kosmonavtları kosmosa səyahət etdikdən sonra sümüklərinin bərpa olub-olmadığını və necə bərpa olunduğunu anlamaq üçün bir il ərzində izləmişik”, -deyə “Scientific Reports” jurnalında dərc edilən araşdırmanın aparıcı müəllifi, Kalqari Universitetinin professoru Leyq Qabel bildirib.

Sümük itkisi adətən, Yer kürəsində ağırlıq daşıyan sümüklərin kosmosda çəki daşımaması səbəbindən baş verir. “Kosmik agentliklər sümük itkisinin qarşısını almaq üçün əks tədbirləri - məşq rejimlərini və qidalanmanı təkmilləşdirməli olacaqlar”,-deyə məlumatda bildirilir.

"Kosmosda uçuş zamanı sümük strukturları incələşir və nəticədə sümük çubuqlarının bəziləri bir-birindən ayrılır. Beləliklə, kosmonavtın ümumi sümük quruluşu daimi olaraq dəyişir.

"Mikroqravitasiyanın insan sağlamlığına, xüsusən də altı aydan artıq kosmos missiyalarında kosmonavtların uzunmüddətli səhhətinə necə təsir etdiyi barədə hələ də bilmədiyimiz çox şey var və bu məsələ geniş şəkildə öyrənilməlidir", - deyə Qabel bildirib.

Nubar Süleymanova, “İki sahil”