05 iyul 2022 20:53
869

Dünya omeqa-3 turşusundan məhrum ola bilər

Qlobal iqlim dəyişikliyinin bəzi nəticələri bu gün artıq göz qabağındadır. Qlobal temperaturun yüksəlməsi bütün dünyada dəniz buzlarının əriməsinə, dəniz səviyyəsinin qalxmasına, daha uzun və daha intensiv quraqlıqlara və istilik dalğalarına səbəb olur.

Dünya okeanlarında plankton lipidlərinin ilk tədqiqi bu canlılarda əsas omeqa-3 yağ turşularının sintezinin illər ərzində azalacağını proqnozlaşdırır və planktonda lipid molekullarının mühüm alt qrupunun tərkibindəki bu azalma birbaşa suyun temperaturunun artması ilə bağlıdır.

Qlobal istiləşmə davam etdikcə, okean qida zəncirinin onurğa sütunu olan planktonun tərkibində omeqa-3 yağ turşuları getdikcə azalacaq. Bu, balıqlar və bilavasitə insanlar üçün daha az omeqa-3 deməkdir.

Omeqa-3 yağ turşuları insan orqanizminin öz-özünə istehsal edə bilmədiyi sağlamlıq üçün vacib maddələrdir. Onlar hüceyrə membranlarının qurulması üçün əvəzolunmazdır, qan damarlarını, oynaqları qoruyur, immunitet sistemini gücləndirir.

Onların müntəzəm istehlakı ürək sağlamlığı ilə əlaqələndirilir və son tədqiqatlar göstərib ki, omeqa-3 qəbulu xərçəngə tutulma riskini də azaldır.

Qeyd etdiyimiz kimi, omeqa-3 lipidlərin çoxsaylı alt qruplarından biridir.

Lipidlər canlı orqanizmlərin enerji saxlamaq, hüceyrə divarlarını "tikmək" və onlar arasında siqnal ötürmək üçün istehsal etdikləri geniş biomolekullar sinfidir.

Lipidlər okeanın səth təbəqələrində yaşayan planktonun ümumi kütləsinin təxminən 10-20%-ni təşkil edir.

Tədqiqatda elm adamları dünya okeanının müxtəlif yerlərindən alınan 930 lipid nümunəsini təhlil ediblər. Bunun üçün yüksək dəqiqlikdə ayırdedici kütləvi spektrometriya üsulundan istifadə edilmişdir.

Bu, "okean planktonik lipidomalarının", yəni toplanmış nümunələrdə yüzlərlə-minlərlə lipid növlərinin aqreqatlarının indiyədək məlum olmayan xüsusiyyətlərini öyrənməyə kömək etdi. Tədqiqatçılar müəyyən etdilər ki, yağ turşularının doymaması əsasən, temperaturla məhdudlaşır.

Bu o deməkdir ki, daha yüksək temperaturda molekullarda belə bağlar sadəcə yaranmayacaq və doymamış turşular getdikcə daha az olacaqdır.

Tədqiqatçılar xüsusilə, növbəti əsrdə faydalı eikosapentaenoik turşusunun (EPA) plankton tərkibində əhəmiyyətli dərəcədə azalacağını proqnozlaşdırırlar. Bunun iqtisadi əhəmiyyətli balıqçılıq təsərrüfatlarına ciddi zərər vuracağı ehtimal edilir.

Ən pis ssenari hesab edilən “SSP5-85” iqlim ssenarisi çərçivəsində okeanın bəzi bölgələrində, xüsusən də daha yüksək enliklərdə EPA miqdarı 25% azalacaq.

EPA ən qidalı omeqa-3 yağ turşularından biridir və pəhriz əlavəsi kimi geniş istifadə olunur.

Bu element olmasa, balıqlar daha tez-tez xəstələnəcək, daha zəif inkişaf edəcək və belə balıqların əti insanlar üçün daha az faydalı olacaq. Bu, istixana tullantılarının miqdarının və bütövlükdə bəşəriyyətin təbiətə təzyiqinin azaldılması zərurəti haqqında bir daha düşünmək üçün əsas deyilmi?

Yeni araşdırma "Science" elmi jurnalında dərc olunub.

Nubar Süleymanova, “İki sahil”