13 iyun 2022 19:00
1091

Dünyanın ən təhlükəli şəhərləri

Qarşıdan yay gəlir və insanlar tətil günlərini səmərəli, unudulmaz etmək üçün əvvəlcədən səyahət proqramlarını planlamağa çalışırlar. 

Bəzən isə səyahətçilər gedəcəkləri ölkələr haqqında yetərli bilgiyə sahib olmadıqları üçün tətilləri pis keçmir, hətta həyatlarını da təhlükəyə atırlar.

San Pedra Sula-Honduras

Elə bir şəhər düşünün ki, ildə hər 100.000 vətəndaşından 159 – u cinayətə qurban gedir. Hondurasdakı bu rəqəmlər San Pedra Sulanı dünyanın ən təhlükəli şəhəri etməyə kifayət edir. Son dərəcə  yoxsulluqda yaşayan yerli əhali narkotik  qruplaşmalarının çaxnaşmalarına görə küçəyə  çıxmağa  qorxur. Bu şəhərdə edilən cinayətlərin səviyyəsi elə həddə gəlib çıxmışdı ki, ölkədə mövcud olan ABŞ sülhməramlı qüvvələri belə dayana bilməyib bu şəhəri tərk etmək məcburiyyətində qalmışdır.  Əlavə edək ki, bu şəhəri “dünyanın qətl paytaxtı” da adlandırırlar.   

Kiudad Juarez-Meksika

Meksikanın ABŞ-la sərhədində yerləşən bu şəhər dünyanın narkotik mərkəzi olaraq adlandırılır. 2012 – ci ildə Kiudad Juarezdə cinayət səviyyəsi 57% – ə qədər düşdü və Meksika üçün  bu sevindirici hadisə idi. Düşünün ki, cinayət səviyyəsinin bu qədər aşağı düşməsi  şəhərin ən təhlükəli şəhərlər siyahısında 2 – ci yerdə olmasına əngəl olmadı.

Resifi-Braziliya

Resifi- Braziliyanın  beşinci şəhəridir. Burada 3 milyondan yuxarı insan yaşayır. Bu şəhəri "Braziliya Venesiyası" adlandırsalar da,daha çox öz kriminal vəziyyəti ilə məşhurdur. Burada ildə təxminən 1000 nəfər öldürülür.

Joao-Pessoa-Braziliya

Bu şəhər yeniyetmə ölümlərinə görə məşhurdur. Burada hər 3-cü yeniyetmə 19 yaşına çatmamış ölür. Ümumilikdə, 723 600 insana ildə 560 ölüm düşür.

Çox  maraqlıdır ki, bu şəhər dünyada yaşıllıq sahəsinə görə (7 kvadrat kilometr) Parisdən sonra  2-ci yerdədir dünyada . Buna baxmayaraq şəhərdə çox yüksək cinayətkarlıq halları var.

Karakas-Venesuella

Narkotik qaçaqmalçılığının mərkəzlərindən biri olan bu şəhər dünyanın ən təhlükəli yerlərindən biri sayılır. Çox böyük neft ehtiyatlarına malik olmasına baxmayaraq, Venesuellada yoxsulluq ən mühüm problemlərdən biridir. Bu cənnət şəhərdə küçələr turistlər üçün çox təhlükəlidir. Hər küçə başında döyülərək qarət edilmiş insanlara rast gəlmək mümkündür.  Qeyd edək ki, rəsmi adı Santyaqo-de-Leon-de-Karakas olan bu şəhər iqtisadi böhran səbəbindən son illər ciddi böhran keçirir. Hər 100 min sakinə 122 qətlin törədildiyi Karakasda qətl və zorakılıq hallarının əksəriyyətinin üstü açılmamış qalır. Şəhərin kənarında yerləşən kasıb məhəllələri isə xüsusilə təhlükə zonasıdır. Buna görə, həmin ərazilərə getmək turistlərə məsləhət görülmür.

 Yeni Orlean- ABŞ

Yeni Orlean ABŞ-ın ən kriminal şəhərlərindən biridir. Burada 343 100 insana 100-dən artıq cinayət düşür. Cinayətin səbəbi ən çox qruplaşmalar arasındakı olan  müharibələr və narkodillerlər arasında bitməyən çaxnaşmalardır.

Moqadişu-Somali

Aclığın və fəlakətin geniş şəkildə yayıldığı şəhərdə bütün bu problemlərə üstəlik daxili müharibələr də əlavə olunduqda yaşamağın mümkünsüz olduğu bir vəziyyət yaranır. Şəhərin böyük bir hissəsi qatı islamçıların idarəsindədir. Onların da Əl-Qaidə terror təşkilatına xidmət etdiyini nəzərə alsaq, dünyanın ən çox partlayış baş verən şəhərlərindən biri olması qaçılmazdır. Adam qaçırma və terror bölgədəki ən böyük problemdir. Belə vəziyyətə dözməyən  insanlar yavaş – yavaş  bu şəhəri tərk etmək məcburiyyətində qalırlar.

Medelin- Kolumbiya

Bu şəhərdə 2 393 000 insana hər il 1 175 ölüm düşür. Deyilənlərə görə  bunun səbəbi yerli qruplaşmalar arasında olan və heç bitməyən  müharibələrdir. Lakin qeyd etmək lazımdır ki,bu şəhərdə  son  zamanlarda ölüm sayı nisbətən aşağı düşüb.

Bağdad- İraq

ABŞ-ın işğalından sonra vəziyyətinin heç cürə normallaşa bilmədiyi, müharibələrdən yorğun düşmüş  şəhərlərdən biri də Bağdaddır. Demək olar ki, hər gün  partlayan bombalar və şiddət hadisələri burada yaşayan insanları artıq bezdirib. Şəhərdə inanılmaz  xaos mühiti hələ də davam etməkdədir.

 Makeio-Braziliya

Turizm mərkəzlərindən biri olan bu şəhər 100.000 nəfərə düşən 135 cinayətlə Braziliyanın ən təhlükəli şəhəridir. Cinayətkarların əsas cinayət obyektlərinin turistlər olduğunu nəzərə alsaq, bu bölgəyə getməyi düşünənlərin qərarlarını yenidən nəzərdən keçirmələri məsləhətdir.

Karaçi-Pakistan

Pakistanın ən böyük şəhəri olan Karaçidə siyasi iqtidarsızlıq, yüksək cinayət səviyyəsi və terror səbəbindən yaşamaq  gündən-günə daha çətin hala gəlir. Şəhərdə ölüm hadisələri və müxtəlif bombaların partlaması o qədər çox olur ki, sakinləri artıq belə hallar  heç təəccübləndirmir. Demək olar ki, ən vacib problemlərdən biri yoxsulluq olan Karaçidə oğurluq, cinayət və adam oğurluğu tez-tez müşahidə edilir.

 Akapulko-Meksika

Akapulko şəhəri Meksikanın cənub-qərbində Herrero ştatında dəniz sahilində yerləşir. Liman şəhərində tez-tez insanlar itkin düşür və şəhər hakimiyyəti buna qarşı effektiv tədbirlər görə bilmir. Turizm şəhəri kimi tanınan Akapulkonun ən böyük problemlərindən biri də narkobiznesdir. Dünyanın ən çox cinayət işlənən yerlərindən biri olan bu şəhər hər il milyonlarla turist cəlb etməsinə baxmayaraq,burada yaşayan insanlar  cinayət və narkobaronlarlardan boğaza yığılmış vəziyyətdədir. Artıq bu şəhərin sakinləri üçün hardasa öldürülmüş olaraq tapılan birilərini  görmək adi bir hala çevrilib.

Sana-Yəmən

Böyük bir siyasi qarışıqlığın olduğu ölkədə hər gün artan şiddət hadisələri narahatlığı daha da artırır. Yəməndə demək olar ki, hər vətəndaş silaha sahibdir. Varlı  ya da kasıb olmasından asılı olmayaraq, hər kişinin mütləq bir xəncəri vardır. Başda ABŞ olmaqla, bir çox ölkə Yəmənə, xüsusilə, Sanaya səyahət edən  öz vətəndaşlarına xəbərdarlıq edir. Ölkədə mövcud olan Əl-Qaidə terror təşkilatı tez-tez sui-qəsdlər və hücumlar təşkil edərək şəhərin tikan üstdə oturmasına səbəb olur.

 Keyp Toun- Cənubi Afrika

Dünyanın ən çox turist cəlb edən şəhərlərindən biri olan Keyp Toun cinayətlərin və oğurluğun yüksək səviyyədə olması səbəbilə ən təhlükəli şəhərlərdən biri sayılır. Varlı bir şəhər olmasına baxmayaraq, gəlirlərin paylaşdırılmasındakı bərabərsizlik,  xüsusilə şəhərdəki zənci əhalini cinayətə sövq edir. Mənşələri Avropaya söykənən ağ əhali şəhərin ən lüks bölgələrində ,yerli xalqın böyük bir qismi  isə xəstəliyin və çirkabın ən çox yayıldığı komaya bənzər yerlərdə yaşayır. Hətta bu bölgələrin çoxunda elektrik və su kimi zəruri ehtiyacların olmadığı yerlər də var. Oğurluq, cinayət, adam oğurluğu və təcavüz kimi halların yüksək olduğu bu şəhərdə xüsusilə,  gecələr qadınlar üçün olduqca təhlükəlidir.

Samirə Tağıyeva, “İki sahil”