Bu, təkcə onların həyat tərzindən asılıdırmı?
Hər şeyin yaxşı olacağına inam özlüyündə bizə həyata davam etməyə stimul verə bilər.
Nikbinlik - həyatda hər şeyin yaxşı olacağına ümid etmək - çox vaxt sağlamlıq və nəticədə uzunömürlülüklə əlaqələndirilir.
Tədqiqatçılar "müsbət" psixoloji xüsusiyyətlərin (şənlik, ürəyiaçıqlıq, mehribanlıq) xəstəlik və ölüm riskinin azalması ilə əlaqəli olduğuna dair artan sübutlar tapırlar.
Bu, yalnız depressiya və ya digər psixoloji problemlərin olmaması ilə bağlı deyil. Müsbət xüsusiyyətlər sağlamlıq və rifaha təsir edən müstəqil amillər kimi işləyir.
Amerika Birləşmiş Ştatlarından olan elm adamları nikbinliyin ömrün özünü uzadıb-uzatmadığını, yoxsa sağlamlıq və pis vərdişlərin olmamasının bu əlaqəyə aid olub-olmadığını aydınlaşdırmaq qərarına gəliblər.
Araşdırmada müxtəlif irqlərdən olan 159 255 qadının məlumatları təhlil edilib. Araşdırmanın əvvəlində onların orta yaşı 63 olub.
Nəticədə daha yüksək nikbinlik səviyyəsi daha uzun ömür uzunluğu və 90 yaşa qədər yaşamaq ehtimalı ilə əlaqələndirilib. Eyni zamanda, bədbinliyin gözlənilən ömrün qısalması ilə əlaqəli olduğu üzə çıxıb.
Tədqiqatçılar nikbinlik və uzunömürlülük arasında əlaqənin bütün irqi və etnik qruplarda göründüyünü aşkar ediblər.
Tədqiqatçılar yüksək səviyyəli təhsilə malik, ciddi sağlamlıq problemləri (o cümlədən depressiya) olmayan və digərləri ilə müqayisədə bir qədər sağlam həyat tərzi keçirən ağdərili qadınlar arasında ən yüksək nikbinlik səviyyəsini aşkar ediblər.
Eyni zamanda, onu da qeyd edək ki, yaş və ailə vəziyyəti bu qadınların nikbinlik səviyyəsinə ciddi təsir göstərməyib.
Aydın görünür ki, “yaxşı həyatı”, sağlamlığı, pis vərdişləri olmayan qadınlar digərlərindən daha çox yaşayacaqlar.
Bununla belə, statistik metodlardan istifadə edən tədqiqatçılar müəyyən ediblər ki, həyat tərzi faktorları nikbinliklə gözlənilən ömür arasındakı əlaqənin yalnız dörddə birini təşkil edir. Yəni, qalan dörddə üçü tamamilə həyata müsbət baxışın nəticəsidir.
Optimizm qismən irsi olsa da, yetkin insanlarda nikbinliyin səviyyəsini artırmağa kömək edən psixoloji üsullar var.
Yeni məqalənin müəllifləri ümid edirlər ki, “nikbinliyin öyrənilməsi” strategiyaları ömrün uzadılması ilə maraqlananlar üçün yeni vasitə ola bilər.
Araşdırma “The American Geriatrics Society” jurnalında dərc olunub.
Nubar Süleymanova, “İki sahil”