06 iyun 2022 18:00
1258

Nə gözəl yaraşır insana gülmək...

Amerika alimlərinin fikrincə, çöhrəsindən təbəssüm əskik olmayan insanlar daha çox yaşayır. ABŞ psixoloqlarının bu nəticəyə gəlməsi təsadüfi deyil. Onlar keçən əsrin 50-ci illərindəki 230 idmançının fotoşəklini seçmiş, sonra isə bu tədqiqatın məqsədi barədə heç bir məlumatı olmayan könüllülərdən xahiş etmişlər ki, həmin fotoları onlarda əks olunmuş insanların təbəssümünün genişliyi və səmimiliyi üzrə düzsünlər. Beləliklə, fotoşəkillər üç qrupa bölünmüşdür: ürəkdən gülənlər, süni gülümsəyənlər və nəhayət, gülümsəməyənlər.
Məlum olmuşdur ki, gülümsəməyən insanlar orta hesabla 73 il yaşamış, saxta təbəssüm sahiblərinin orta ömrü 75 yaşdan az olmuş, səmimi, açıq gülümsəməyi bacaranlar isə 80 il və daha çox yaşamışlar.

ABŞ-ın Merilend Universitetinin alimləri müəyyən ediblər ki, gülüş ürək damarlarının işini yaxşılaşdırır. Həkimlər tədqiqat obyekti olmağa razılıq vermiş şəxslərdən ilk növbədə böyük əqli gərginlik tələb edən filmi seyr etmələrini, sonra isə komediya janrında çəkilmiş fimlərə baxmalarını tövsiyə ediblər. Aydın olub ki, ciddi filmlər ürəkdə qan dövranının sürətini 35 faiz azaldıb, gülüş doğuran filmlər isə əksinə, qan dövranının təqribən 22 faiz artırıb. Odur ki, qorxu filmlərini sevənlər yaxşı sağlam ürəyə sahib  olmaq istəyirlərsə, “Yadlar“ və ya “Yırtıcılar“ kimi filmləri unutmalıdırlar.

Xatırlatmaq yerinə düşərdi ki, əvvələr gülüşün müalicəvi təsiri barədə avrstriyalı həkimlər də məlumat vermişdilər. Onlar da müəyyənləşdirmişdilər ki, gülüş ürək-damar xəstəliyinə tutulma təhlükəsini xeyli azaldır.

Amerika mətbuatının yazdığına görə, yerli alimlər ürəkdən gülməyin idmanı əvəz etdiyini, üstəlik, iştahla bağlı problemləri aradan qaldırdığını müəyyənləşdirib. 8 ildir gülüşün orqanizmə təsirini araşdırmaqla məşğul olan alimlərin bildirdiyinə görə, onun insan orqanizmində bir çox sahələrə müsbət təsiri var: immun sisteminin stimullaşdırılması, qanda xolesterinin miqdarının tənzimlənməsi, qan təzyiqini normada qalması və s.

Həyatınızın uzunömürlü və xoşbəxt olmasını istəyirsinizsə, tez-tez gülümsəyin.

Samirə Tağıyeva, “İki sahil”