Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi sahəsində son illərdə daha bir təhlükəli meyil yaranmışdır. Sintetik narkotik vasitələrin qanunsuz dövriyyəsində və onları istehlak edən şəxslərin sayında əhəmiyyətli artım baş vermişdir.
Məhz sintetik maddələrin, psixostimulyatorların qanunsuz dövriyyəsinin yüksək ictimai təhlükəliliyi nəzərə alınmaqla BMT Baş Assambleyasının sessiyalarında amfetamin qrupuna daxil olan stimulyatorların və onların prekursorlarının hazırlanması və dövriyyəsi ilə mübarizə üzrə fəaliyyət proqramları, müvafiq qətnamələr qəbul edilmişdir.
Sintetik narkotiklər - psixostimulyatorlar çoxdur. Lakin onların sırasında daha təhlükəliləri və geniş yayılanları amfetamin, metamfetamin və “ekstazı”dir.
Amfetaminlər cərgəsinə daxil olan stimulyatorlar (fenamin, fenatin, benzedron, pervitin və başqaları) ilk zamanda iş qabiliyyətini artırsa, gümrahlıq və yüngüllük hissi yaratsa da, sonradan onu qəbul edən şəxsdə narahatlıq, əsəbilik, qərarsızlıq əmələ gəlir. Göz bəbəkləri genişlənir, hətta güclü işığın təsirindən yumulmur. Dodaqların quruması, burun axması müşahidə edilir. Amfetaminlərin böyük dozaları qorxu hissini, nitqin qeyri-dəqiqliyini, davranışın (hərəkətin) pozulmasını, ləngidilmiş emosional reaksiyanı, özünə qapılmağı doğura bilər. Amfetamindən istifadə edən aludəçilərdə taxikardiya, böyrək çatışmazlığı, mütəmadi baş gicəllənməsi, yaddaş pozuntusu, diş tökülməsi, bədəndə yaralar, hətta ürək dayanması kimi anidən baş verən ölüm halları müşahidə olunur.
Amfetamin törəməsi olan metamfetamin bu gün dünyada ən sürətlə yayılan, insanın mənəvi, psixoloji və fiziki sağlamlığı üçün olduqca zərərli və son dərəcədə təhlükəli bir narkotik vasitədir.
Metamfetaminin küçə adları met, patı, ays, vint, kristal, buz, fen, kvas, barıt, büllur və sairdir. Metamfetamin kristal formasında şəffaf olduğundan, sınmış şüşənin qəlpələrinə bənzədiyindən onu “şüşə” də adlandırırlar.
Bir çoxlarının “patı” kimi tanıdığı və güclü psixi asılılıq yaradan metamfetaminin qəbulu nəticəsində beyin daim fəaliyyətdə olduğundan, aktiv iş rejiminə öyrəşir. Normaya qayıtdıqda isə artıq bu normanı qəbul edə bilmir və xəstədə depressiya baş verir. Maddənin təsiri getdikdən sonra insanda tükənmə, yorğunluq, süstlük yaranır. Uzun müddət metamfetamindən istifadə edənlərin beyinlərində dopamin hüceyrələri zərər görür və zamanla dopaminin səviyyəsinin azalması nəticəsində ciddi hərəkət pozğunluğu əmələ gəlir.
Metamfetamindən istifadə edən şəxslər sutkalarla yatmır və yuxusuzluqdan əziyyət çəkirlər. Təbii ki, insan orqanizmi bütün mövcud ehtiyatlardan istifadə edir və nəticədə beyində qarşısı alınmaz proseslər başlayır. Bu da müxtəlif psixi pozğunluqlara və xəstəliklərə gətirir. Metamfetaminin qəbulundan müəyyən zaman keçdikdən sonra eyforiya vəziyyəti həyəcanlıq, qorxu, vahimə, süstlük, qıcıqlanma və depressiya ilə əvəzlənir.
Metamfetamindən mütəmadi istifadə nəticəsində saç və dırnaqlar tökülür, dəridə sağalmayan yaralar əmələ gəlir, beyin və ürək damarları zədələnir. Böyrəklərin, qaraciyərin və ağciyərin bərpası mümkün olmayan zədələnmələri, tənəffüs orqanlarının və tənəffüs yollarının zədələnməsi, infeksion xəstəliklər və iltihab prosesləri, çəkinin kəskin şəkildə azalması, sümük toxumalarının, o cümlədən dişlərin zədələnərək dağılması, depressiya, apatiya, psixoz kimi orqanizmdə ağır fəsadların yaranmasına gətirib çıxarır. Hətta, metamfetamindən uzun müddət istifadə edən narkomanların ayaqlarının amputasiyası halları da az deyildir.
Narkotiklərlə Mübarizə üzrə Dövlət Komissiyasının hazırladığı “Narkotiklər haqqında həqiqəti bilin” bukletində qeyd olunur ki, metamfetamindən qısa müddətdə istifadə zamanı iştahanın azalması, nəfəsin və ürək döyüntüsünün tezliyinin, arterial təzyiqin və hərarətin qalxması müşahidə olunur, kəskin tərləmə baş verir. Böyük dozanın qəbulu qıc olmaya və nəfəsin dayanmasına səbəb olmaqla ölümlə nəticələnə bilər. Bundan əlavə insult və ürək çatışmazlığı kimi təhlükəli xəstəliklərə səbəb ola bilər. Metamfetamindən istifadə zorakılıq və aqressiyaya gətirib çıxarır.
Depressiya, əsəbilik, əzginlik, iştahasızlıq, təcavüzkarlıq metamfetamin istifadəsində görünən simptomlardır. Bu simptomlar metamfetamindən istifadə edən şəxslərdə intihar düşüncələri də yarada bilər.
Digər sintetik psixostimulyator – “ekstazı”dir. Narkoalverçilər və narkomanlar arasında “portağal” və ya “ekstazı” adlanan bu maddələrdən asılılıq zamanı orqanizm az müddət ərzində tükənir və sürətli qocalma və ölüm baş verir. Beyində geridönməz proseslər yaranır. İnsan artıq əvvəlki mənliyini, şəxsiyyətini, ləyaqətini itirir. Müalicə isə demək olar ki, çox az hallarda effekt verir. Ona görə də bu maddələrin, hətta birdəfəlik qəbulu belə təhlükəlidir.
Sözügedən sintetik vasitələrin qanunsuz dövriyyəsinin yüksək ictimai təhlükəliliyi, onların ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində onlarla “patı” və digər narkotik vasitə satan narkotacirlər iş başında yaxalanmışlar. Son illərdə ölkədə narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə daha da aktivləşmişdir.
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin 2021-ci üzrə “Narkotik haqqında ümumdünya məruzəsi”ndə verilən məlumatlara görə, son 10 ildə dünyada narkotik istifadəçilərinin sayı 22 % artmışdır. Hesablamalara əsasən, 15-64 yaş arası 275 milyon insan son bir il ərzində narkotik vasitələrdən istifadə etmişdir və bu da həmin yaş arası ümumdünya əhalisinin təqribən 5,5 %-ni təşkil edir. Digər hesablamalara görə isə 275 milyon narkotik istifadəçisinin təqribən 36,3 milyonu narkotik asılılıqdan əziyyət çəkir.
Göründüyü kimi, narkomanlığın və narkobiznesin, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin təhlükəli sosial-iqtisadi, psixoloji, tibbi və sair xarakterli fəsadlarının qarşısının alınması və aradan qaldırılması sahəsində dünya miqyasında görülən tədbirlər hələ də gözlənilən nəticələri vermir. Məhz buna görə bu sahədə fəaliyyət daha əsaslı və kompleks, sistemli şəkildə təşkil edilməli, “ağ ölüm” daşıyıcısı olan bu bəlaya qarşı qətiyyətli və güzəştsiz mübarizə aparılması ən vacib bir məsələ kimi qarşıda durmalı, bu sahədə mütəşəkkil və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilməlidir.
Elvin Aslanov,
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı