İl ərzində insanın bədənində müxtəlif dəyişikliklər baş verir. Təəssüf ki, bütün bunların mahiyyətinə o qədər də əhəmiyyət vermirik. Fəqət, sağlamlığımızın qayğısına qalmaq məqsədilə bu prosesləri izləmək hər bir şəxs üçün olduqca vacibdir. Sizə həyatda sağlam və gözəl olmaq arzusu ilə bu barədə bir neçə söz demək istəyirəm.
Ürəkdən başlasam yerinə düşər. Sağlam ürək dəqiqədə 80 dəfə vurur. Çox maraqlıdır ki, o bu müddət ərzində 5 litr qanı bədənin bütün hissələrinə çatdıra bilir. Belə olduğu halda il ərzində ürəyin vurma miqdarı 42 milyona bərabərdir. Onu da deyim ki, bərk həyəcanlananda, əsəbiləşəndə, qorxanda, eləcə stress keçirəndə ürək öz döyünmə ritmini də itirir.
İnsanın bədənində axan 5 litr qanın tərkibində 35 milyon qırmızı qan zərrəciyi var. 4 aydan bir onlar təzələnir. Sağlam qanda ağ qan zərrəciyi demək olar ki, yox dərəcəsindədir. Yəni 600 qırmızı qan zərrəciyinə cəmi bir ağ qan zərrəciyi düşür. Qan dövranı düzgün olan insanda nəfəs alma da yaxşı gedir. Adi halda yaşlı adam bir dəqiqədə 16 dəfə nəfəs alıb verir. Bu vaxt 8 litr hava qəbul edir və buraxır. Nəticədə bir adam belə hesabla hər gün nəfəsalma prosesində 0,5 litr su itirir.
İnsanın göz yaşı 3 aylığından sonra ağlayaraq gözdən axır. Hər gün ”istehsal” etdiyimiz göz yaşı isə 5 milli litrdir. Bu rəqəm ağlayıb-ağlamamağımızdan asılı olmayaraq il ərzində dəyişilməz qalmaqla 1,5 litrə çatır. Gözlə bağlı daha bir maraqlı fakt. İnsan gözü hər 3 saniyədə bir qırpılır. Bir ildə isə göz qırpmaları sayı 10 milyona bərabər olur.
Baş bədənin əsas hissəsidir. Orta hesabla hər bir başda 100 min saç soğancığı bitir. Saç ayda 1s.uzanır. Gündə isə 150-300 saç itirməklə bu da ildə 109500 saç deməkdir. Hər bir saç başımızda 2-6 il qalır. Saqqal tükləri isə gündə 0,38 mm uzanır.
İnsanın dərisi il ərzində 3 dəfə dəyişir. Dərinin ölmüş hissələri 120 gün müddətində yeniləri ilə əvəz olunur. Gənc insan dərisində təqribən 7,9 litr su var. Hər gün tərləyərək dəri vasitəsi ilə adam 2 litr su itirir. İtirilən su nisbəti tərlənməyə kimi yenidən bərpa olunur.
Bədənin bir üzvü olmaqla dırnaqların rolu həyatda hər kəsə aydındır. Dırnaqların artım sürəti çox aşağıdır. Belə ki, ay ərzində 0,5 sm. uzanır. Əgər bir ildə onları kəsməsək uzunluğu 7,7 sm-ə çatacaqdır. Ayaq dırnaqları əl dırnaqlardan 2 dəfə gec uzanır.
Bəli, insana qüsursuz bədən dünyada qiymətli nemətdir. Şair də gözəl deyib:
Qoy eşitsin qohum, qardaş, el məni,
Həyatın varlığı ellər gözəldir,
Qüsursuz bədəndə canın sağlığı,
Qəlb oxşayan şirin dillər gözəldir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü