11 may 2022 18:00
1885

Günəbaxan tumlarının inanılmaz faydaları

Günəbaxan tumlarını yəqin ki, çox insanlar xoşlayır və bu, vərdiş halına çevrilir.  Bəs görəsən günəbaxan toxumu nə qədər faydalıdır?  ABŞ alimlərinin son araşdırmaları göstərib ki, tumun gündəlik az miqdarda istehlakı orqanizmdə qocalma proseslərini ləngidir. Lakin nəzərə alın ki, tum çiy olmalıdır.
Tumun tərkibində çoxlu miqdarda fosfolipid, vitamin və sterollar var. Fosfolipidlər sözün əsl mənasında möcüzəli maddələrdir, onların orqanizmə olan müsbət təsiri olduqca çoxdur — ürək-damar sistemi xəstəliklərinin qarşısını alır, qaraciyəri piylənmədən qoruyur, sinir sisteminin fəaliyyətini tənzimləyir və s.

Sterollar da öz növbəsində ömrü uzatmaq, cavanlığı və sağlamlığı qorumaq xüsusiyyətlərinə malikdir. Günəbaxan tumları E vitamini ilə zəngindir.  Həmçinin  kalium və maqneziumla zəngindir ki, bu 2 maddə ürəyin sağlamlığı üçün olduqca vacibdir. Günəbaxan toxumunda olan antioksidantlar daxili orqanlarda iltihabları azaltmağa kömək edir və tiroid hormonlarının metabolizmasında mühüm rol oynayır. Bu faydalı xüsusiyyətləri sayəsində günəbaxan toxumu bir çox xroniki xəstəliklərin inkişaf riskini azaltmağa kömək edir.

Günəbaxan toxumlarında zəngin olan maqnezium qan dövranın və  qanın qatılaşmasının qarşısını almağa  kömək edir.

Maqnezium çatışmazlığının ilk əlamətləri  daimi baş ağrısı və xroniki yorğunluq hesab olunur. Bundan əlavə, maqnezium çatışmazlığı sinir, immun və ürək-damar sisteminin fəaliyyətinə təsir göstərə bilər. Harvard Universitetində aparılan araşdırmalara görə, günəbaxan toxumlarını pəhrizə daxil edən insanlar depressiyadan daha az əziyyət çəkirlər.

Yeni Zelandiyadakı Otago Universitetinin alimlərinin elmi araşdırmaları günəbaxan toxumlarının gündəlik istifadəsinin pis xolesterolu 10% azaltmağa kömək etdiyini və eyni zamanda, yaxşı xolesterolu normada saxladığını göstərib. Bunun səbəbi, bu toxumların lipid mübadiləsinin nəticələrinə təsir edən faydalı doymamış yağ turşuları Omega-3 və linoleik turşu ehtiva etməsidir.

Çoxsaylı faydalı xüsusiyyətlərə malik olsa da, tumlar çox yüksək kalorilidi. Artıq çəki problemindən qaçmaq üçün, gündəlik normaya riayət etmək lazımdır. Norma isə 20-30 qram hesab olunur.

Günəbaxan tumunun daha bir yan təsiri allergiya ilə bağlıdır. Toxumlara qarşı allergiya tez-tez baş verməsə də, allergiyaya meyilli olanlar həkimlə məsləhətləşməlidir.

Samirə Tağıyeva, “İki sahil”