11 may 2022 17:15
1229

Dünyanın ən müəmmalı tapıntıları - FOTO

Arxeoloji kəşflər hər zaman hər kəsin marağına səbəb olub. Bəzən tapıntılar o qədər fantastik olur ki, alimlər arasında uzun illər mübahisələr yaradır. Bu yazıda dünyanın ən müəmmalı tapıntılarını sizlərə təqdim edirik.

Ən qədim pendir

 2021-ci ilin avqust ayında Qahirə yaxınlığındakı Sakkara rayonunda yerləşən məzarlıqdakı əşyaları araşdıran italyan alimləri orada dünyada ən qədim - 3,2 min yaşı olan pendir aşkar ediblər. Qahirə universiteti ilə birlikdə aparılan araşdırmalara görə, alimlər mal, qoyun və keçi südündən hazırlanan ən qədmi pendirin eramızdan əvvəl 1290–1213-cü illərdə istehsal edildiyi qənaətinə gəliblər.

Qeyd olunur ki, qədim misirlilər o dünyanın varlığına inandıqlarından, dəfn olunan adamların yanında məişət əşyaları, yemək, içki və s. basdırırdılar.

Qeyri-adi canlı

2017-ci ildə Harvey qasırğasından sonra çimərlikdə qəribə bir məxluq tapılıb. Bu canlı, yerli sakin Preeti Desai adlı qız tərəfindən aşkar edilib. O, “Twitter “sosial şəbəkəsinin istifadəçilərindən kömək istəyib. Bu qeyri-adi canlı bioloq mütəxəssis Kenneth Tay-ın diqqətini çəkib. Onun düşüncələrinə görə, bu canlı çox güman ki, iynədişli anqvildir(ilan balığının qədim növü). Bu canlıların  hər üç növü də bu bölgələrdə yaşayır və böyük dişləri var. Dağıdıcı daşqınlara səbəb olan Harvey qasırğasından sonra, dənizin dərinliklərində yaşayan canlılar sahilə atılıb. "Yekədiş" kimi də tanınan, iynədişli, ilanabənzər anqvil Atlantik okeanın qərb hissəsində 30-40 metr dərinliklərdə yaşayır. Fotoqrafiya və ekologiyanı sevən Desai, qasırğadan sonra olan dağıntıları qiymətləndirmək üçün çimərliyə gəlib.

Preeti Desai qeyd edib  ki, bir çox alimlər bu canlının  şəkillərini “Twitter”də paylaşıb.

İlanların məskəni

2009-cu ildə Ayxado ştatında Ben və Ember Sessione ailəsi Reksburqda yeni ev alırlar. Lakin orada onları nəyin gözlədiyindən xəbərləri belə olmur. Evə köçdükdən sonra onlar evin minlərlə zəhərli və nəhəng ilanlarla dolu olduğunu aşkarlayırlar.

Güman edilirdi ki, ev ilanların qış ayında yaşamaq üçün toplaşdığı ərazidə tikilib. Mənzərə görənləri şoka salıb. Onların sözlərinə görə, bu görüntü qorxu filmlərindən daha vahiməli olub.

Didilmiş insan qalıqları

2010-ci ildə İspaniyada aparılan  qazıntılar zamanı arxeoloqlar  adamyeyən təcavüzünə qurban olmuş bir qrup insanların qalıqlarını aşkar etmişdilər.   Arxeoloqlar bu didilmiş  qalıqların üç qadın və üç kişidən ibarət olduğunu müəyyən ediblər. Deyilənlərə görə onların arasında uşaq qalıqları belə olub. Sümüklərin hamısı tapdanmış vəziyyətdə olub.

Nəhəng pəncə

1986-ci ildə Yeni Zelandiyanın Ouen dağlarında yerləşən mağaralarda, arxeoloqlar olduqca qorxulu və nəhəng quş pəncəsi aşkar ediblər. Pəncə laboratoriyaya aparandan sonra çox qədim  bir quşa aid olduğunu müəyyən edən  alimlər, həmçinin  bu quş növünün nəhəng olduğunu da qeyd ediblər.

Naməlum avtomobil

Bir gün İngiltərənin Surrey qraflığının polisinə nəqliyyat hadisəsi barədə məlumat daxil olur. Görənlər sürücünün idarəetməni itirdiyinə görə, nəqliyyat hadisəsinin baş verdiyini qeyd edirlər. Hadisə yerinə gələn polis dərhal araşdırma işlərinə başlayır. Hadisə yerindən bir neçə metr aralıda polislər təsəvvür edilənə tam uyğun olan tamamilə sıradan çıxan avtomobil aşkarlayırlar.

Lakin onun içərisindən tapılan meyitin beş ay qabaq dünyasını dəyişmiş insan cəsədi olduğu müəyyən edilir. Belə çıxırdı ki, avtomobili ölü və çürük cəsəd idarə edib.

Ağacın kökündə tapılan meyit

2014-cü ildə  İrlandiyanın Slayqo şəhərində baş verən tufan 215 yaşlı ağacı kökündən çıxarmışdı. Bu hadisədən sonra ağacın kökündə yeniyetmə oğlanın skleti aşkarlanmışdı.

Aparılan araşdırmalar göstərib ki, bu oğlanın skletinin yaşı 800-ə yaxındır. Deyilənlərə görə naməlum oğlan  hansısa şiddətli müharibə zamanı  həlak olub. Lakin indiyə kimi hələ də skletdən 500 il cavan olan ağacın kök sistemində oğlan uşağına aid olan skletin necə yerləşməsi müəmmalı olaraq qalıb.

Sirli qədim meteorit

2015-ci ildə NASA alimləri Antraktidada on üç min illik tarixə malik meteorit aşkar ediblər. Məlum olub ki,  Marsdan düşən bu sirli meteoritin  daxilində Qırmızı planetə məxsus mikroblar hələ də var.

Həmin ildə Antraktidada 342 m dərinlikdə amerika tədqiqatçıları qorxunc canlının cəsədini aşkar etmişdilər.  Bu canlı indiyədək bəşəriyyətə məlum olan heç bir canlıya bənzəmir. Qabaran çənə, sümük çıxıntları ilə örtülmüş bədəni  və qəribə quruluşu alimləri çaşdırır. Onun hansı canlıya aid olduğu hələ də bilinmir

Çoxsaylı uşaq qalıqları

Arxeoloqlar İsraildə qədim Roma hamamında qazıntılar  apararkən, hamamın dibində minlərlə uşağın sümüyünü tapıblar. Bu uşaqların nə üçün sulara və kanallara atıldığı bilinmir amma ümid edirik ki, atılanlar canlı deyil ölü uşaqlardır.

 Qorxulu mənzil

2013-cü ildə bir kişi Parisdə mənzil alır.  Evə tez köçmək üçün tələsən kişi ev alqı-satqısı ilə məşğul olan agentlikdən mənzilin açarını alaraq ora yollanır. Qapını açıb evə daxil olan kişi gördüklərindən şoka düşür. Belə ki, o, ipdən asılı vəziyyətdə olan meyit ilə üzləşir.

Ekspertlərin apardıqları tədqiqatın  nəticəsində məlum olub ki, meyit 8 il ipdən asılı qalıb. Bu, kambocalı Tomas Nqin olub. Belə ki, o, işdən çıxarıldığına görə borclarını ödəyə bilməyib və özünə qəsd edib.

Pişik mumiyaları

2019-ci ildə Misirdə aparılan arxeoloji qazıntılarda fironlar dövrünə aid 25 sandıq dolusu heyvan mumiyaları tapılıb.Aşkar olunan sandıqlardan 75 pişik heykəli və mumiyalanmış pişiklər çıxarılıb. Tapıntılar arasında 5 ədəd böyük pişik mumiyası olduğu və bunlardan ikisinin aslan balalarına aid ola biləcəyi bildirilib. Əgər mumiyaların aslanlara aid olduğu sübut edilərsə ilk dəfə aslan mumiyası kəşf edilmiş olacaq.

Qazıntılar zamanı pişiklərdən başqa o dövrdə müqəddəs olaraq qəbul edilən Apis buğası, kiçik timsahlar və keçmiş firon tanrılara aid heykəllər də tapılıb.

Qeyd edək ki, mumiyaların tapıldığı Saggara bölgəsi 2.600 il öncə antik Misir pişik tanrıçası Bastet və oğlu aslan tanrısı Miysis üçün anma yeridir. Eyni bölgədə daha öncə də aparılan araşdırmalar zaman pişik mumiyaları və aslan skeletinin qalıqları tapılıb.

Samirə Tağıyeva, “İki sahil”