Sağlamlıq insan həyatının ən böyük sərvətidir, desək yanılmarıq. Ömrü uzatmaq, daim sağlam və gümrah olmaq üçün qidalanmadan tutmuş gənc və gözəl görünməyə kimi hər şeyə xüsusi diqqət ayrılmalı, lazımi prosedurlar öyrənilməli və ona riayət edilməlidir.
Gənc və gözəl görünməkdə dəriyə qulluq vacib amillərdən hesab olunur
Bildiyimiz kimi, dərimizin günəşin təmin etdiyi D vitamininə ehtiyacı vardır. Lakin buna baxmayaraq günəş şüaların yaşlanma müddətini sürətləndirdiyi bildirilir. Bu səbəbdən də günəş kremi istifadə etmək lazımdır.
Həmçinin bütün göz ətrafını örtən və ultrabənövşəyi şüaların qarşısını alan qorumalı eynəklərdən istifadə də məsləhətdir. Bu eynəklərin göz kənarlarında bəzi qırışlara qarşı qorumanı təmin etdiyi bildirilir.
Dərinizdə kollagenin meydana gəlməsinə köməkçi olan alfa hidroksil tərkibli üz təmizləyiciləri ilə üzünüzü təmizləyin. Beləcə yeni dəri hüceyrələrinin daha tez meydana gəlməsinə köməkçi olarsınız.
Balanslı qidalanmaq, dərinizin A, C, D və E kimi vitaminləri lazımlı miqdarda almasını təmin edir
Hazırda bütün dünya alimlərinin bir qanun olaraq qəbul etdiyi qocalığın qarşısını alan vasitələrdən biri də bağırsaq mikroflorasını normada saxlamaqdır. Belə ki, üst-üstə yeyilən yeməklər bağırsaqlarda çürümə proseslərini artırır, bunun nəticəsində də insan tez qocalmağa başlayır. Bunun qarşısını almaq üçün qədim deyimə əməl etmək lazımdır: “doymadan süfrədən duracaqsan, acmamış yeməyəcəksən”. Bağırsaqlarda çürümə əmələ gəlməsinin qarşısını almaq üçün ən təsirli vasitələrdən biri də yemək zamanı qatıqdan və ya kefirdən istifadə etməkdir. Hər yemək zamanı 1 stəkan qatıq və ya kefir için. Burada nəzərə alınması lazım olan əsas şərt qatığın və kefirin təbii olmasıdır, mütləq evdə hazırlanmasıdır. Marketlərdən alınan məhsullardan istifadə etmək olmaz, onlarda probiotiklər az olur.
Əllərdəki yaşlılıq əlamətlərinin qarşısını almaq üçün ilk öncə əllərə yumşaq losyon tətbiq etmək məsləhətdir
Hər gün idmanla məşğul olmaq, bədən tarazlığı və maddələr mübadiləsi baxımından faydalı hesab olunur. Sağlamlıq baxımından üzmək, qaçmaq, rolik və velosiped sürmək də çox faydalıdır.
Stress qocalmanın ən başlıca səbəblərindəndir. İnsan əsəb keçirən zaman milyonlarla sinir hüceyrəsi məhv olur. Özünüzü əsəbdən qoruyun, bunun üçün lavanda, ballı nanə, adi nanə, cökə, çobanyastığı, yarpız, pişikotu, qavzaban, mayasarmaşığı, zəncəfil çaylarından növbəli şəkildə için. Onu da deyim ki, hicama və zəlinin özü də əsəb sakitləşdirici təsir edir.
Yeri gəlmişkən, orqanizmi möhkəmləndirməyin daha bir metodu da var və o, elə də mürəkkəb metod deyil – söhbət kontrast duşdan gedir (növbəli olaraq isti və soyuq duşun altında dayanmaq). Kontrast duşa başlamağa qərar vermək o qədər də asan deyil, çünki ilk günlərdə elə də xoş təəssürat yaratmır, əksinə, gərginlik və diskomfort hissləri doğurur. Nəzəri olaraq hamı bilir ki, bu prosedur bütün orqanizmi gümrahlandırır, immuniteti gücləndirir, qan dövranını və dərinin vəziyyətini yaxşılaşdırır, sellüliti aradan qaldırır və hətta arıqladır, amma təəssüf ki, çoxumuz kontrast duşa başlamamaq üçün nə qədər istəsəniz bəhanə tapırıq.
Kontrast duş – təkcə gümrahlıq, enerji və soyuqdəymədən müdafiə deyil, bu – bütün orqanizmin məşqidir. Bu zaman əzələlər, vətərlər, damarlar, kapilyarlar, hüceyrlərər, bir sözlə, orqanizmimizdə nə varsa, məşq edir və maddələr mübadiləsi əhəmiyyətli dərəcədə sürətlənir, bu isə o deməkdir ki, artıq çəki də tezliklə aradan qalxır. Kontrast duş mütəmadi olaraq qəbul edildikdə, orqanizm kalori yandırır, dəri və əzələlər isə yenidən elastik olur, sellülit aradan qalxır.
Bir sözlə sağlamlığınıza xeyri olan bütün imkanlardan yararlanın. Çünkü, həyatınız təkcə sizin üçün deyil, sizi sevənlər üçün də çox önəmli hesab olunur.
Samirə Tağıyeva, “İki sahil”