Asan hazırlanma və rahat qablaşdırma ilə bağlı hazır əriştə günümüzdə çox populyardır. Bəziləri bu hazır qidanın tərkibində süni boyaların, əlavələrin və əvəzedicilərin olduğunu iddia etsə də, əksinə bunun dahiyanə kəşf olduğunu düşünənlər də az deyil.
Ekspertlərin sözlərinə görə, təhlükəyə əsas yoxdur, çünki hazır əriştə əvvəlcədən bişirilir, buxarlanır və qurudulur, ən çox buğda çörəyi unundan hazırlanır. "Roskontrol"un mütəxəssisləri 17 ədəd məşhur hazır əriştə məhsulunun etiketində yazılan inqrediyentləri araşdıraraq, onların tərkibində sağlamlıq üçün təhlükəli hər hansı bir maddənin olub-olmadığını öyrəniblər.
Bütün nümunələrdə buğda unu, bitki yağı (soya və ya günəbaxan) və qurudulmuş tərəvəzlər (soğan, pomidor, paprika, sarımsaq, kərəviz, yerkökü, qarğıdalı, cəfəri) göbələklər, yosunlar və ədviyyatlar (qara və ya qırmızı bibər, sarımsaq, zəncəfil, keşniş, mixək, muskat qozu) olub.
Demək olar ki, bütün hazır əriştə nümunələrində şəkər aşkar edilib. Amma hər paketdə ət tapmaq olmur. Qida əlavələrinə gəldikdə isə, bəli, bəzi bu tipli məhsullarda onlar mövcuddur. Amma uşaqların və ya mədə xəstəliklərindən əziyyət çəkən insanların rasionunda istifadə edilmədiyi müddətdə bir təhlükə daşımır. "Roskontrol"un eksperti Andrey Mosov bildirib ki, hazır əriştələrdə əsas zərərli maddələrin konservantlar, ləzzət artırıcılar, süni boyalar və s. kimi qida əlavələrində olduğu qeyd edilir. Lakin bütün inqrediyentlərə (nümunələrimizdə göstərilənlərdən) qanunla icazə var, bu o deməkdir ki, onların sağlamlıq üçün təhlükəli olduğunu iddia etməyə heç bir əsasımız yoxdur. Dietoloq, endokrinoloq Alena Qorşkova isə deyir ki, hazır əriştədə bizim üçün faydalı və lazımlı heç nə yoxdur: "Bu cür qidaların müntəzəm istifadəsi qastrit, mədə və onikibarmaq bağırsağın xorası kimi mədə-bağırsaq patologiyalarının inkişafına və ya kəskinləşməsinə səbəb ola bilər".
Nərmin Nərimanova