Məhəmməd Peyğəmbərin(s.ə.s) sevimli təamlarından və Quranda adı 28 dəfə çəkilən xurma xüsusilə Ramazan ayında süfrələrdə bol olur. Əslində xurmanı təkcə orucluq ərəfəsində deyil,elə hər gün qəbul etmək lazımdır. Çünki 6-7 xurma orqanizmin sutkalıq mineral və enerji tələbatını ödəyir. Oktyabr və noyabr aylarında yetişən bu meyvənin vətəni Çin və Yaponiya hesab edilir. Buna görə bəzi yerlərdə "yapon xurması" da deyilir. Bütün dünya xurma ilə 1855-ci ildə amerikalı admiral Metyu Perrinin 200 il bundan öncə Yaponiya səfərindən sonra tanış olub. Metyu Perri ABŞ-a döndüyündə o, bu gün hər kəsin sevdiyi xurma meyvələrini də özü ilə gətirmişdi. Latın dilindən xurma "Allah yeməyi" və ya "Cənnət meyvəsi" kimi tərcümə olunur. Bu yazıda xurmanın həm faydalarından, həm də bir neçə qeyri-adi və hətta zərərli tərəfləri barədə məlumat verəcəyik.
Xurmanı tək sayda yemək lazımdır
Allahın Rəsulu (s.ə.s) hədislərin birində buyurmuşdur ki, xurmanı tək sayda yemək lazımdır. Hətta hədisin mətnində sayı da bildirərək - bir, üç ya da beş - xurmaları tək sayda yeməyi buyurmuşdur. Bu hadisənin üstündən əsrlər ötdükdən sonra amerikalı alimlər sübut etmişdilər ki, xurmanı tək saylar ilə yedikdə - 1,3,5 ədəd - şəkər karbohidrata çevrilir və bədənə enerji verir. Əgər cüt olaraq yeyilsə - 2,4,6 ədəd - şəkər kaliuma çevrilir ve böyrəklərə mənfi təsir edir.
Xurma enerji mənbəyi kimi
Alimlər insanın yalnız xurma və su ilə uzun illər yaşaya biləcəyini təsdiq edirlər. Qida mütəxəssisləri qeyd edirlər ki, bir ədəd xurma və bir stəkan süd insanın qidaya olan gündəlik tələbatını ödəyə bilər. Tərkibində təxminən 20 faiz nəmlik olan təzə xurmalarda 60-65 faiz şəkər və 2 faiz zülal, quru xurmalarda isə 75-85 faiz şəkər mövcuddur. 100 qram təbii şəkildə qurudulmuş xurmanın enerji dəyəri 274 kilokaloridir. Mütəxəssislər ağır fiziki və zehni işlə məşğul olan insanlara yorğunluq və halsızlıq hiss etdikdə səhər, günorta və axşam 3 ədəd xurma yeməyi məsləhət görürlər.
Xərçəng əleyhinə vasitədir
Xurma digər narıncı ərzaqlar olan balqabaq, çaytikanı, ərik kimi şişlərin yaranmasının qarşısını alır. Parlaq narıncı rəngi sayəsində yüksək miqdarda beta karotin var. Bu isə öz növbəsində ən yüksək antioksidantdır. Beta karotin hüceyrə strukturunu dağıdan sərbəst radikallarla mübarizəyə kömək edir, dərinin yaşlanması ilə mübarizədə köməkçi olur. Bu maddə xurmada daha çoxdur, nəinki pomidor və balqabaqda. Xurma, həmçinin güclü bir maqnezium qaynağıdır. Daha yaxşı hüceyrələrin meydana gəlməsi və qaraciyərin sağlamlığı üçün də maqnezium olduqca əhəmiyyətlidir. Gündə 3 ədəd xurma yemək bədəni qaraciyər xərçəngi və müxtəlif qaraciyər xəstəliklərindən də qoruyur.
Anemiya müalicəsinə yardım edir
Xurmanın ləti bu xəstəliyin müalicəsinə yaxşı kömək edir, çünki onun tərkibində çoxlu sayda dəmir var. Meyvə xüsusilə dəmir elementi çatışmazlığından əziyyət çəkən gələcək analar üçün vacibdir.
İnfarkt riskini azaldır
Damarlarda yaranan tıxanma infarkt riskinə gətirib çıxaran olduqca təhlükəli və ölümcül bir haldır. İsrailli alimlər nar suyu və xurmanın eyni anda yeyilməsinin damar tutulmalarına yaxşı təsir etdiyini deyirlər. Lakin bununla yanaşı, damar tutulmalarına yaxşı təsir edən üsul gündə 3 ədəd xurma deyil, xurmanın dənəsinin tozudur. Xurma dənələrini toz halına gətirib müəyyən aralıqlarla yemək damarları açır, eyni zamanda damar tutulmalarına yaxşı təsir edir.
Xurmanın tərkibindəki yüksək kalium və maqnezium ürək və damarların normal işini qorumağa kömək edir. Bu maddələr bədən üçün olduqca vacibdir, çünki ürək əzələsinin hüceyrələri maddələr mübadiləsində iştirak edir və onları enerji ilə təmin edir. Məhz bu səbəbdən də xurma istifadəsi aritmiya və ürək çatışmazlığının təbii profilaktikası adlandırmaq olar.
Xolestirinə qarşı qorucu rol oynayır
Xurma bədəni və zehni gücləndirir, damar qalınlaşması və xolesterinə qarşı qoruyucu rolu oynayır, böyrək iltihabına və daşlardan təmizlənməsinə müsbət təsir göstərir.
Mütəxəssislər ağır fiziki və zehni işlə məşğul olan insanlara yorğunluq və halsızlıq hiss etdikdə səhər, günorta və axşam 3 ədəd xurma yeməyi məsləhət görürlər.
Xurma kosmetik vasitə kimi
Xurma istehlakı, həmçinin dərini qidalandırır, günəş ləkələrini yox edir, qanda şəkərin miqdarını tənzimləyir.
Xurmanın içi və yumurta sarısından olan maska məsamələr və qara nöqtələrə qarşı əvəzsiz maskadır. Xurma dərini təravətləndirir və qocalığın ilkin əlamətləri ilə mübarizə aparır.
Maska hazırlamaq üçün bir xurmanı süzgəcdən keçirin, ona yumurta sarısı və ya qaymaq əlavə edin. Alınan məhsulu üzdə 15-20 dəqiqiə saxlayın. Sonra üzünüzü nəm ilıq pambıqla silin və soyuq su ilə yuyun. Bir kursda 15-20 dəfə maska etmək lazımdır.
Osteoporozun qarşısını alır
Tərkibindəki zəngin kalsium sayəsində xüsusilə qadınlarda inkişaf edə biləcək sümük əriməsi narahatlığına mane olur. Buna görə də gündə 3 ədəd xurma yemək həm osteoporoza mane olur, həm də gündəlik kalsium ehtiyacını qarşılayır.
Xurmanın zərərli tərəfləri də var imiş…
Xurmanı mütləq isti çay və ya su ilə qəbul etmək lazımdır. Çünki xurmada olan qlükoza, şəkər və turşu qələvi maddələri dişləri dərhal sıradan çıxarır. Hətta peyğəmbərlər də xurmanı mütləq su ilə qəbul edərdilər.
Xurma çox gec həzm olunur. Mədə xorası, mədə turşuluğu, yarası olanlar xurmanın qabığını soyub yeməlidirlər. Xurma yalnız səhərlər qəbul olunmalıdır. Axşamlar xurma yemək olmaz.
Şəkər xəstələri olan insanlara xurma olmaz. Xurma qanda şəkəri artırır. Miqreni, kəskin baş ağrısı olan insanlar xurma ilə ehtiyatlı olmalıdır. Xurmanı yedikdən sonra dərhal aktiv hərəkətdə olmalısınız. Əks təqdirdə xurma miqreni artırır.
Mütəxəssislər yoda yüksək həssaslığı olan insanlara xurma yeməyi məsləhət görmür. Belə hallarda o, allergik reaksiyaların müxtəlif təzahürlərini yarada və ziyan vura bilər. Yoda qarşı allergiya ən çox uşaqlarda rast gəlinir, lakin böyüklərə də xeyli pis təsir göstərir.
Samirə Tağıyeva, “İki sahil”