Dərman bitkiləri müxtəlif xəstəliklərin müalicəsi və profilaktikasında istifadə olunan geniş bitki qrupudur. Bitkilərdən alınan dərmanlar təbii olub, süni və sintetik dərmanlara nisbətən orqanizm tərəfindən yaxşı mənimsənilir və heç bir əlavə təsir etmir. Müasir dünyada elmi-texnoloji proseslərin sürətli inkişaf etdiyi bir zamanda minlərlə kimyəvi mənşəli dərman maddələrinin istifadə edilməsinə baxmayaraq hər il 300-dən artıq yeni dərman preparatları dövriyyəyə buraxılır. Kimyəvi dərman maddələri orqanizmə birtərəfli təsir göstərərək, digər orqanların həyat fəaliyyətinə mənfi təsir göstərirlər. Antihelmint dərman bitkilərinin tətbiq edilməsi kimyəvi dərman maddələrinin təsirindən heyvan məhsullarının tərkibində yaranan keyfiyyət dəyişikliklərini də aradan qaldırır.
Avropa Birliyi kənd təsərrüfatı heyvanlarının və quşların xəstəliklərinin müalicəsində və profilaktikasında istifadə edilən antibiotiklərin böyük bir qismini 01 yanvar 2006-cı il tarixdən qadağan etmişdir. Buna səbəb antibiotiklərin insan və heyvan orqanizmlərində kumulyasiya edib, müxtəlif fəsadlar törətməsidir. Bütün dünya dövlətlərində, eləcə də bizim respublikamızda da parazitar xəstəliklərin müalicə və profilaktikasında ucuz, effektli təsir göstərən, heç bir zərərli təsiri olmayan təbii vasitələrdən istifadə aktual bir məsələyə çevrilmişdir.
Azərbaycan otlaqlarında toplanılmış, laboratoriya şəraitində qüvvətli antiseptik və antihelmint təsirə malik bitkilərdən biri də Adi Qaraqınıqdır. Vitamin və minerallarla zəngin bitkidir. Qədim Yunan və Romada “xoşbəxtliyin simvolu” olaraq adlanırdı. Qaraqınıq bitkisinə xalq arasında qara yarpız, qara nanə, qaraot, kəkotu da deyilir. Onun ətri kəklikotunun ətrinə çox bənzəyir. Adi qaraqınıq Dalamazkimilər –Lamiaceae Lindl. fəsiləsinin Qaraqınıq- Origanum L. cinsinə daxildir.
Qaraqınıq möhkəm kök və budaq sisteminə malikdir. İyun – avqust aylarında çiçəkləyir və avqust-oktyabr aylarında meyvə verir. Meyvəsi dörd xırda qozcuqdan ibarətdir. Xaricdə qaraqınıq bitkisinin cavan zoğlarından tərəvəz kimi istifadə edilir. Metabolizmanı gücləndirir buna görədə o dietik qida sayılır. Bu özəlliyinə görə qaraqınığı darçınla qarışdırıb detoks suyu hazırlaya bilərsiniz. Qurudulmuş qaraqınıq otundan çay dəmləyib içmək , xroniki mədə-bağırsaq xəstəliklərində hezm prosesini yaxşılaşdırır, ishtahanı açır, mədə şərəsi azlığında , mədə-bağırsaq traktı xəstəliklərində yaxşı təsir göstərir, mədədə iltihabı və spazmanı aradan götürür. Qaraqınıq otundan hazırlanmış çay öskürəyə qarşı yaxşı təsir göstərir, soyuqdəymə, bronxit və qrip kimi xəstəliklərin müalicəsində, həmçinin boğaz ağrılarında qarqara kimi istifadə edilir. Mərkəzi sinir sistemini sakitləşdirir, həzm prosesini nizamlayır, tər vəzilərinin fəaliyyətini artırır, bağırsaq peristaltikasını gücləndirir. Tərləməyi artıraraq zərərli toksinləri bədəndən qısa zamanda atılmasına təmin edir. Xalq təbabətində revmatizm zamanı oynaqların şişkinliklərində, podaqrada, amonoreyyada, ekzema, dəri səpkiləri və müxtəlif yaralanmalarda istifadə edilir. Bitkinin istifadə orqanı yeraltı hissəsi hesab edilir. Tərkibində 0,3-1,5% efir yağı (fenol, timol və onun izomerləri), aşı maddələr, acı maddələr, fitonsidlər, piqmentlər, kumarin, flavonoidlər, fenol, alkaloidlər, C, B1, B2 və digər vitaminlər vardır. Ən çox antiseptik efir yağı olan timol vardır. Efir yağları mədə-bağırsaq vəzilərini, bronxları və bağırsaqların peristaltikasını artırır və onları tonuslandırır. Qaraqınıq bitkisinin efir yağından diş ağrılarında istifadə edilir. Efir yağından parfümeriyada, sabun və ətirlərin tərkibinə daxil edilir.
Ağır həzm olunan yeməklərdə ədviyyat kimi istifadə edilir. Arı və böcək sancmalarında ağrını kəsib rahatlatır. Bunun üçün bir çay qaşığı dolu bitkinin qaynadılıb üzərinə sürtüb masaj etmelisiniz. Həmçinin apteklərdən bunun yağını alıb yara və kəsiklərin üzərinə vurmaq olar. Yaxşı balverən bitkidir. 85 kq/ha bal verdiyi məlumdur. Eyni zamanda boyaq bitkisidir.
Səkinə Baxşəliyeva,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, kiçik elmi işçi