19 aprel 2022 14:52
855

Ağlamaqdan qorxmayın - Psixoloq

Psixoloq, tibb elmləri doktoru Ying Wan "Psychology Today"ə bildirib ki, insanın göz yaşlarını tutması, onun psixi sağlamlığı üçün zərərlidir. Həkimin sözlərinə görə, uşaqlıq çağında mənfi hisslərin boğulub, xaricə vurulmaması gələcəkdə emosional problemlərə yol aça bilər.

Belə ki, şəxs öz emosiyalarını anlamaqda ciddi çətinlik çəkir. Buna görə də valideynlər uşaqlarına hisslərini ifadə etməkdə, ağlamaqda qadağa qoymamalıdır. Uşağı göz yaşlarını tutub içində saxladığı üçün tərifləmək yanlış tərbiyə üsuludur. Yetkinlik dövründə bu uşaqlar öz duyğularını tanıya, seçə bilmir. İnsanın zaman-zaman neqativ emosiyalar yaşaması normaldır, çünki bizlər həyatımız boyunca daim pozitiv ruh halında ola bilmərik.

Araşdırmaya əsasən insanlar inciklik, məyusluq kimi xoşagəlməz hisslərdən qaçmaq üçün kompyuter oyunlarına, sosial şəbəkələrə meyil salır. Və yaxud yaşadıqları stressi ac olmasalar belə əlinə keçən hər şeyi yeməklə ört-basdır etməyə çalışırlar. Bəziləri isə dayanmadan, özünə insaf göstərmədən idmanla məşğul olur. Lakin sadalananların heç biri çıxış yolu deyil. Mənfi hisslərinizin varlığını qəbul etməli, onlarla üzləşməlisiniz.

Nərmin Nərimanova