Viral xəstəliklərdən sonra orqanizmə və xüsusən də ürəyə qulluq etmək vacibdir.
COVID-19-dan sonra sinə ağrısı təhlükəlidirmi? Simptomların nə qədər uzana bilər? Nə vaxt narahat olmağa başlamalısınız?
COVID-19-dan sonra tam bərpa dönəmində, sağ qalanların çoxu uzunmüddətli simptomlardan və ağciyərlərdən kənara çıxan sağlamlıq fəsadlarından şikayətlənirlər. COVID-19-un ağır hallarda davam edən simptomları arasında öskürək və nəfəs darlığı kimi tənəffüs simptomları müşahidə olunsa da, həkimlər indi getdikcə daha çox orqanlarda, o cümlədən beyin, bağırsaq və ürəkdə daha geniş problemlər barədə məlumat verirlər.
Yorğunluq, zehni pozğunluq və yuxusuzluqdan tutmuş ürək döyüntüsünə, sinə ağrısına və əzələ ağrılarına qədər, ilkin infeksiyadan həftələr və ya aylar sonra davam edən bu simptomlar silsiləsi elmi ictimaiyyət tərəfindən "Uzun COVID" adlandırılıb. Fərqli ölkələrdə bu simptomların belə təsnif edilməsi üçün fərqli vaxt hədləri var, bu rəqəm dörd həftədən 12 həftəyə qədər dəyişir.
Belə nəticələrin immunitet sistemimizin koronavirusla mübarizəsi zamanı bədənimizdəki bütün qan damarlarını əhatə edən endotel hüceyrələrinin zədələnməsi ilə əlaqəli olduğu düşünülür. Bu zərər bədənimizin qan tədarükünü poza, qan laxtalanmalarına səbəb ola bilər ki, bu da ürəyi gücə sala və toxumalara qan və oksigen axınını azalda bilər. COVID-19 ürəklə əlaqəli bir sıra problemlərə, o cümlədən sürətli və ya qeyri-müntəzəm döyünmə şəklində ritm pozğunluqlarına, ürək döyüntüsünə və əzələ və onun ətrafındakı selikli qişanın iltihabına səbəb ola bilər. Amerika Kardiologiya Kollecinin jurnalında dərc edilən araşdırma nəticələrində xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin ən azı 25%-nin ürək fəsadları ilə qarşılaşdığı xüsusi vurğulanıb.
COVİD-19 sonrası yaranan başlıca ürək problemləri aşağıdakı kimi təsnif edilib:
Mialgiya
Bu, virus yoluxucu xəstəliklərinin ən çox görünən yan təsirlərindən biridir. Belə ağrılar, bədən virusla mübarizə apararkən əzələ toxumasında laktat toplandığı və birbaşa əzələ toxumasının iltihabına səbəb olduğu üçün baş verir. Xəstənin ürəyində bir problem olduğunu düşünməsinə baxmayaraq, əksər hallarda bu, sırf əzələ ağrısıdır.
Kardioloqlar bildirirlər ki, bu cür əzələ problemləri adətən öz-özünə yox olur və sinə ağrısı iki-üç həftə ərzində keçir. İstilik tətbiq etmək, ağrıkəsicilər qəbul etmək adətən problemi həll edir. Bu, həyati təhlükəsi olan bir vəziyyət deyil.
Titze sindromu
COVID-19-dan sonra sinə ağrısının başqa bir səbəbi kostoxondrit kimi tanınan Tietze sindromudur. Bu, qabırğaların döş sümüyünə birləşdiyi hissədə tez-tez viral xəstəliklərdən sonra inkişaf edən iltihablı bir reaksiya nəticəsində baş verir.
Bununla əlaqəli sinə ağrısı bıçaq batma kimi bir hissə səbəb olur. Dərindən nəfəs alarkən ağrının artdığını da hiss edə bilərsiniz. Ancaq bu cür ağrı ağrıkəsicilərə yaxşı tabe olur.
Bu sindrom adətən qısa müddətli olur və öz-özünə yox olur. Bəzi hallarda bir neçə ay çəkə bilər.
Miokardit
Bu, ürək əzələsinin iltihabıdır və immunitet sistemi nəzarətdən çıxdıqda və virusu məhv etməyə çalışarkən əzələyə zərər verdikdə baş verir.
Miokarditi olan bir COVID-19 xəstəsi üçün üç ehtimal var:
Ürək tamamilə sağalır;
Ürək çatışmazlığı xroniki olur;
Xəstədə ölümlə nəticələnən qəfil ürək çatışmazlığı inkişaf edir.
Miokardit zamanı təəssüf ki, sinə ağrısı müşahidə olunmur. Bu zaman ağrı adi infarkt kimi sancma, bıçaqlanma və ya təzyiq və yanma şəklində ola bilər.
Perikardit
Bu, perikardın və ya ürək membranının iltihabıdır. Xəstəlik həm də virusa qarşı mübarizənin bir yan təsiri olaraq ortaya çıxır. Bəzən virus birbaşa perikardı hədəfə ala bilir.
Perikarditin ən çox görülən simptomu, adətən, kəskin və bıçaqlanma hissi kimi təsvir edilən şiddətli sinə ağrısıdır. Ağrı öskürərkən, udqunduqda, dərindən nəfəs aldıqda və ya uzanarkən daha çox hiss olunur. Oturarkən və ya irəli əyildikdə ağrı bir qədər azala bilər. Ani (kəskin) perikarditin müalicəsində iltihabəleyhinə və ağrıkəsici dərmanlar istifadə edilir.
COVID-19 ilə əlaqəli perikarditdə həkimləri qorxudan şey ürəyə təzyiq edən və ürəyin fəaliyyətini pozan perikardial mayenin qəfil artmasıdır. Bu vəziyyət təcili müdaxilə tələb edir. Artıq mayenin boşaldılması üçün sinə divarından ürəyin ətrafındakı toxumaya bir kateter vurulur. Erkən müalicə faydalıdır və müsbət klinik nəticələr əldə etmək mümkündür.
Nubar Süleymanova, “İki sahil”