Dünyanın hər yerində yüz milyonlarla müsəlmanın qeyd etdiyi müqəddəs Ramazan ayı artıq yarıya çatır. Lakin hələ də bəzi insanlar xroniki xəstəliklərə görə oruc tuta bilmirlər.
Qanda şəkərin miqdarını nəzarətdə saxlamağa ehtiyacı olan diabet xəstələri Ramazanda nə etməlidirlər? Həkimlər deyirlər ki, diabetin növündən asılı olaraq onlar da oruc tuta bilərlər.
Diabet insan qanında şəkərin səviyyəsinin çox yüksəlməsinə səbəb olan ömürlük bir xəstəlikdir. Diabetin iki əsas növü var. İngiltərə Milli Səhiyyə Xidmətinə (NHS) görə, 1-ci tip diabetdə bədənin immun sistemi insulin istehsal edən hüceyrələrə hücum edir. 2-ci tip diabet orqanizmin kifayət qədər insulin istehsal etməməsi və ya bədənin hüceyrələrinin insulinə düzgün reaksiya verməməsi ilə bağlı inkişaf edir.
Türkiyəli həkim Nesrin Yavuz Almaniyanın əczaçı jurnalına verdiyi şərhdə bildirib ki, 1-ci tip şəkərli diabet xəstələrinə Ramazan ayında oruc tutmaq məsləhət görülmür. Almaniya Diabet Dərnəyinin tərkibində olan diabet və miqrantlar üzrə işçi qrupunun üzvü Nesrin Yavuz qeyd edib ki, bu, böyrəkləri zədələnmiş və ya xəstəliyə görə drenaj tabletləri qəbul edənlərə də aiddir.
2-ci tip şəkərli diabet xəstələri oruc tuta bilərlər, lakin bəzi nüanslara diqqət yetirilməlidir.
Yavuz bildirib ki, hətta insulin inyektə etməyən insanlarda belə qanda uzun müddət qlükoza səviyyəsinin yaxşı olması vacibdir. İnsulin qəbul edənlər isə xüsusilə diqqətli olmalıdırlar, əks halda ağır hipoqlikemiyaya məruz qala bilərlər.
Təhlükəsizlik üçün Ramazandan əvvəl mütəxəssislə yemək vaxtları və insulin dozası barədə danışmaq məsləhətdir. Həmçinin şəkərinizi mütəmadi olaraq ölçün.
Əgər şəkərli diabet xəstəsi gün ərzində oruc tutarkən hipoqlikemiya təhlükəsi ilə üzləşirsə, dərhal orucunu dayandırması məsləhətdir.
Nubar Süleymanova, “İki sahil”