14 aprel 2022 17:00
1409

Pəhriz həmişə sabahdan başlayır…

Artıq çəki son illərdə bəşəriyyətin ən həssas bir mövzusuna çevrilib. Bir çox insan arıqlamaq istəyir, xüsusən də daim gözəl görünmək istəyən xanımlar. Bəzi insanlar ac qalmaqla və yaxud həddindən artıq idman etməklə qısa bir müddət ərzində arıqlamaq istəyir. Amma pəhriz saxlamadan və idman etmədən də arıqlamaq olar. Sadəcə arıqlama müddətini düzgün planlaşdırmaq lazımdır.

Yemək porsiyalarınızı azaldın. Özünüzə balaca qab alın və bununla qida qəbulunu azaltmış olarsınız. İlk  vaxtlar bu metod sizə çətin gələ bilər, lakin sonra  bu, vərdiş halına çevriləcək.

Bəzən ətrafımızda gözəl və öz həyat tərzinə diqqətlə yanaşan insanlarla ünsiyyət qurarkən öz həyatımıza belə gözəllik qatmış oluruq . Belə ki,bu insanlar sizə stimul verir və gələcəkdə gözəl görünüşə sahib ola bilməyiniz üçün sanki bir təkan olur.

Şirniyyat və qazlı içkilərdən uzaq durun. Şirniyyatdan həftədə 1-2 dəfə istifadə etmək məsləhətdir. Çünki şirniyyat və ya qazlı içkilərdən istifadə zamanı 300-500 kalori qəbul etmiş oluruq. Şəkərsiz qazlı içkilərdən də istifadə etmək  məsləhət deyil, çünki onların tərkibində süni şəkəri əvəz edici maddələr var. Onlar insanları daha da kökəldir.

Qaranlıqda heç bir zaman yemək yeməyin. Mütəxəssislər bildiriblər ki, yemək yediyimiz yer mütləq işıqlı olmalıdır, çünki qaranlıq yerdə iştah  daha çox artır.

Müxtəliflik yaradın. Yəni  fərqli qidaları qəbul edin. Hər bir qida məhsulunun tərkibində müxtəlif vitaminlər, minerallar var, ən başlıcası gündəlik rasionunuza daha çox meyvə və tərəvəz əlavə edin.

Qidanı yavaş-yavaş çeynəyin.Vaxtınız olmasa belə sürətlə yeməyə çalışmayın . Qida qəbulu müddəti 20 dəqiqəyə yaxın olmalıdır. Əgər yemək sürətlə qəbul edilirsə, siz daha çox qida qəbul etmiş olursunuz, bu da artıq çəki deməkdir.

Vanili biləyinizə sürtün. Bəzi ədviyyatlar var ki , iştahın qarşısını alır. Özünüzü daim formada saxlamaq istəyirsinizsə vanili biləklərinizə sürtün və görəcəksiz ki, daha az qida qəbul etməyə başlamısınız.

Hər yeməkdən öncə su için. Hər gün 1.5-2 litr su içməyə vərdiş edin, çünki su həzmi sürətləndirir.Yeməkdən 30 dəqiqə əvvəl su için, öncə içilən su iştahınızı azaldacaq.Yemək zamanı sudan istifadə etməyin. Yeməkdən 1-1.5 sonra su içə bilərsiniz.

Yeməyi suşi çubukları ilə yeyin və yaxud çəngəli sol əlinizlə tutun.Beləliklə, siz qidanı tələsmədən qəbul etmiş olursunuz və belə qida qəbulu sizi  yorur və yemək yemək həvəsiniz itir. 

Samirə Tağıyeva, “İki sahil”