13 aprel 2022 17:20
1742

Cavanlaşmaq üçün bu üsulları bilirdinizmi? - FOTO

İnsanların gözəl qalmaq üçün əl atmadığı üsul qalmayıb. Bu qeyri-adi üsullardan bəzilərini sizə təqdim edirik.

Qızıldan qocalma əleyhinə maska

Qədim zamanlardan bəri insanlar qızılın möcüzəvi xüsusiyyətlərinə inanırdılar. Elmi araşdırmalar qızıl haqqında söylənilən bir çox faktları təsdiq edir. ABŞ-ın Florida ştatının Palm-Beachdə yerləşən “Mar-a-Lago” klinikası ziyarətçilərinə bədənlərini 24 karatlıq qızılla örtməyi təklif edir. Gözəllik klinikasında işləyən mütəxəssislər iddia edirlər ki, qızıl dərinin qocalmasının qarşısını alaraq, bədəni sellülitdən azad edir. Ən bahalı prosedurlardan  olduğu üçü daha çox zəngin qadınlar bu üsula müraciət edirlər. Orta hesabla 12 seansdan ibarət olan bu metodun 1 seansı 250 dollardır.

Pivə vannaları

Dünyada ən çox içilən içki olan pivə artıq gözəllik metodu kimi də istifadə edilir. Özəlliklə Çexiya və Avropa ölkələrində istifadə olunan pivə vannalarının dərini təmizlədiyi deyilir.

İlan masajı

Orta Şərqdə və İsraildə geniş yayılan ilan masajı qorxulu görünsə də, artıq digər ölkələrdə də geniş yayılmağa başlayıb. Əgər cəsarətiniz varsa, bu masaj həm sizi rahatladacaq, həm də cildinizə gözəl təsir göstərəcək. Masajda sürüngənlərlə təmasın rahatladıcı təsir verdiyi deyilir. İlanların uzunluğu isə masajın tipinə görə dəyişir. Daha böyük ilanlar dərindəki əzələ gərginliyini yaxşılaşdırır, balaca ilanlar isə üzdən təsir edir.

Kişilər üçün gil maskası

Bəylərimizə təraşdan sonra dərilərinin həssaslığının artması və qurumasının qarşısını almaq üçün müxtəlif maskalardan istifadə etmələri məsləhət görülür. Həmin maskalardan ən effektivi gil tərkibli olanlarıdır. Onların hər dəri tipinə uyğun çeşidləri mövcuddur. Tərkibində gil olan üz maskaları təbii gil və vitaminlərlə zəngin olduğu üçün uzun illər ərzində dərinin gənc görünməsini təmin edir. Üzə çəkildikdən 10 dəqiqə sonra artıq öz təsirini göstərərək təraş sonrası əmələ gələn quruluq və çatları aradan qaldırır. Elə ilk istifadədən sonra üzünüzdəki qara nöqtələr, sızanaqlar, ölü hüceyrələr və ləkələrdən canınızı qurtarmaq üçün onların ən yaxşı təbii vasitə olduğunun şahidi olacaqsınız.  Tərkibində dəmir, maqnezium, kalsium, fosfor və A, B, C vitaminləri olan bu maskalar üzü təmizləyərək ehtiyacı olan nəmliyi qısa vaxt ərzində geri qaytarır.  Beləcə, dərinin gənc qalmasına kömək edir.

Balıq masajı

Türkiyədə geniş yayılan balıq masajı isə dərini gözəlləşdirmək üçün istifadə edilir. Dişləri olmayan balaca balıqlar isti suda yumşalan insan vücudundakı ölü dəriləri incitmədən və qanatmadan dişləyib qoparır, həmin yerə yeni və daha gözəl dəri gəlir.

Ağızın içərisindən edilən masaj

Bukkal ağızın içərisindən edilən intensiv bir üz masajı prosedurudur. Masaj ustası əlini pasiyentin ağzına salaraq, üz əzələlərini masaj edir. Deyilənlərə görə, bu prosedur qan dövranını yaxşılaşdırır və dəriyə oksigenin daxil olmasını gücləndirir. Kosmetoloqlar hesab edirlər ki, bu masaj növü insanın dərisini daha hamar və elastik edir. Bu masaj növü hal-hazırda Böyük Britaniyada çox məşhurdur. Lakin bütün dünyada populyarlıq qazanmamışdır. Deyilənlərə görə, məşhur aktrisalar  Ancelina Coli, Keyt Moss və Skarlet Cohanson bu prosedurdan tez-tez istifadə edirlər.

Qan vasitəsi ilə prosedurlar

Qorxu filmlərində vampirlər əbədi yaşamaq üçün insan qanı ilə qidalanırlar. Bəzi elm adamlarının araşdırmalarına görə, insan qanı  dərinin bərpaedici xüsusiyyətinə malikdir. Bu kosmetik prosedur ABŞ-da çox məşhurdur. Pasiyentlərdən götürülən qan bir neçə növ mikroelementlərlə qarışdırılaraq üzə tətbiq olunur. Kosmetoloqların sözlərinə görə, bu prosedur dərinin  hamar və parıltılı qalmasına kömək olur. Məşhur plastik cərrah doktor Sam Lamın sözlərinə görə, hal-hazırda bütün dünyada istifadə olunan ən zərərsiz və kimyəvi qatqısı olmayan təbii prosedurlardan biri məhz vampir prosedurudur. Bəzi insanlar hələ də bu proseduru sınamaqdan çəkinirlər.

Şərab vannaları

Fransanın Beaujolais bölgəsində şərab hamamları gənclik iksiri kimi qəbul edilir. Sərin şərab vücudu sərinləşdirdiyindən əlavə şərabın qoxusu da ruhən insanı sakitləşdirir.

 Şillələmə masajı

Tailanddan gəlmə bu təbii üsul bir prosedurdan sonra cavanlığı üzə qaytarır. Şillələmə masajının texnikası lazımlı sahələr üzrə şillənin və yüngül zərbələrin çəkilməsindən ibarətdir. Bu qədim ənənəvi üsul üzün dərisini cərrahi müdaxilə olmadan daha elastik edir və məsamələri dolduraraq  qırışları azaldır. San Fransisko (Amerika) şəhərində yerləşən gözəllik salonlarından birində belə bir prosedurun 15 dəqiqəsi 350 dollara başa gəlir.

Quş nəcisindən maska

Bu maskanın tərkibinin əsas hissəsi quş nəcisindən ibarətdir. Qeyri-adi maskanın kökləri Yaponiyadan gəlib. Yaponiyada maskanı hazırlamaq üçün xüsusi olaraq bülbül quşunun ekskrementlərindən istifadə olunur. Bülbülün nəcisi artıq Nyu-York şəhərində yerləşən gözəllik salonlarında da istifadə olunur. Bu unikal inqridiyent köhnə dərini yeniləyən bir vasitə kimi təsir göstərir və  üzün təbii parıltısını qaytarır. Ultrabənövşəyi işıq altında qurudulmuş nəcis su  və düyü kəpəkləri ilə qarışdırılır və sonra üzə vurulur. Bütün dünyada tanınan məşhur Bekham ailəsi bu maskadan tez-tez istifadə edirlər.

Arıların zəhərindən məlhəm

Bu təbii qırış əleyhinə olan məhsul kosmetologiya dünyasında bir həyəcan təbili çalmış oldu. “Rodial” kosmetikasının istehsalçıları tərəfindən buraxılan bu məlhəm “Arı zəhəri” adlandırıldı. İstehsalçılar iddia edirlər ki, bu krem üz dərisinin qocalma prosesini dayandırır. Mütəxəssislərin sözlərinə görə, arıların zəhərindən düzəldilən məhsullar qan dövranını yaxşılaşdırır, üzün təbii parıltısını bərpa edir.

İlbizlər ilə prosedur

Son zamanlar üz gözəlliyi üçün ilbizlərin xeyirli olduğu ortaya çıxdı. İlbizləri yemirsiniz, xeyr, sadəcə üzünüzdə gəzməsinə icazə verirsiniz. Yapon elm adamları tərkibində oksid olan ilbizlərin dərinin nəmli qalmasını təmin etdiyini və ölü hüceyrələri aradan qaldırdığını bildiriblər. İlbizlərlə gözəlləşmə prosedurunun bir  seansı təxminən  20 dəqiqə çəkir.

Samirə Tağıyeva, “İki sahil”