Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin səkkizinci aktiv peyki olan “Türksat 5B”nin kosmosa buraxılması münasibətilə videomüraciət yayıb.
“İki sahil” xəbər verir ki, dövlət başçısı Türkiyə və türk xalqının qürur mənbəyi olan daha bir hadisənin şahidi olmaqdan şad olduğunu qeyd edib.
Dövlət başçısı xatırladıb ki, Türksat 5B 42 dərəcə şərq uzunluğundan fəaliyyət göstərəcək və Türksat 3A və Türksat 4A-nı tamamlayacaq: “Türksat 5B-nin istismara verilməsi ilə məlumatların ötürülmə sürəti və həcmi 15 dəfədən çox artacaq. Beləliklə, əhatə dairəsi daxilində istifadəçilər internetə çıxışın məhdud olduğu bölgələrdə quru, dəniz və hava nəqliyyatı vasitələri də daxil olmaqla genişzolaqlı peyk interneti ilə təmin olunacaqlar”.
Ərdoğan Türkiyənin “Space X” ilə kosmik tədqiqatlar sahəsində uğurlu birgə fəaliyyətlərinin davam edəcəyinə və genişlənəcəyinə ümid etdiyini bildirib, “Türksat 5B”nin buraxılışının həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, Yeni – 5-ci nəsil telekommunikasiya peyki olan “Türksat 5B” istifadəyə verildikdən sonra orbitdəki türk peyklərinin sayı 8-ə çatacaq.