Biz Ucara çatanda gün günortanı keçmişdi.Ucarın isti havası, bizi qarşılayan gülümsər gözlü günəşin səmada nazlanması, payızın xoş, ilıq havası canımıza rahatlıq gətirsə də gedəcəyimiz ünvanın Şəhid qapısı olduğunu, nakam taleli bir gəncin həyat hekayəsini varaqlayacağımızı bildiyimiz üçün üzümüz gülmür, ürəyimiz açılmırdı. Yaxşı başa düşürdük ki,yenə bir ananın göz yaşında boğulacaq, beli bükük bir atanın nisgilli baxışlarına tuş gələcək, gözü yaşlı, ürəyi dağlı, bir bacının yarasının qaysağını qoparcağıq. İşıqlı dünyamız qaralacaq, dərdən yük tutub, qəmdən pay götürəcəyik… Maşınımız Qarabörk kəndinə istiqamət götürür…
Qarabörk kəndi,Ucar Zərdab yolunun sağ sahilində məskən salmış bağlı- bağatlı, gözəl insanları, zəhmətkeş adamları, vətənsevər oğulları ilə seçilən adından da göründüyü kimi qədim qarapapaq türk tayfalarının yaşadığı bir kənddir. Yol boyu irəlilədikcə yarpaqları tökülmüş üstü xurmalarla dolu barlıbərəkətli ağaclar, Ucarın incisi sayılan bərəkətli nar bağları göz oxşayır.
Mənzil başına çatmaq üçün çox vaxt sərf etmirik. Yenicə istifadəyə verilmiş Ucar –Zərdab yolu ilə irəlilədikcə yolun kənarında Azərbaycan və Türkiyə bayrağı asılmış Şəhidin portreti olan lövhə diqqətimizi gendən cəlb edir. Bizdən az qabaqda hərəkət edən hərbi Ural markalı avtomobil də şəhidin portretinə yaxınlaşıb dayanır. Ural maşınından bir neçə əsgər, bir baş leytenant cəld hərəkətlərlə maşından düşüb portretin önündə nizami qaydada düzülüb Şəhidə əsgər salamı verib bir ağızdan «Qarabağ Azərbaycandır!» hayqırırlar. Əsgərlər tez də maşınlarına doluşub sürətlə Hikmətin onlara əmanət etdikləri Qarabağa doğru irəlləyirlər.
Bu mənzərəni şahidləri , yoldan keçən sürücülərin bəziləri də maşınlarını saxlayıb avtomobillərindən düşərək ömrünü Vətənə bağışlamış Hikmətin ruhuna fatihə oxuyur, bəziləri də qürurla, sevgi ilə əsgərgərimizi salamlayırdılar. Şəhidə sevgi sayğı dolu bu mənzərə bizi təsirləndirmişdi. Bizi qalib edən, zəfərə aparan səbələrdən biri də əsgərlərimizin, bir birinə sayğısı, diqqəti, Vətənə olan sevgiləri, sarsılmaz birliyimiz olmuşdu.
Qalın çatma qaşlı, qara gözlü, nur üzlü, olduqca zəhimli görkəmi, ciddi baxışlı Şəhidimiz də yoldan ötən yolçulara, bu vətəni sevənlərə, vətəni əmanət edib getdiyi insanlara məmnun-məmnun baxaraq, sanki «Sizlərin xoşbəxt, firavan gələcəyiniz üçün bu vətəni azad etdik, qoruduq sizlərə əmanət etdik.Bu Vətəni can fəda olunacaq qedər sevin, onu qoruyun» demək istəyir.
Bir topa qara bulud sallana- sallana gəlib Hikmətin valideyinlərinin yaşadığı evin üstündə günəşin qarşısına keçib yavaş- yavaş yerini rahatlayır. Utancaq qız kimi qızaran günəş qara biludun arxasından nə qədər boylanmağa çalışsa da əbəs yerə cəhd etdiyini duyub yerində qərarlaşan qara buluda təslim olur.Elə bil bu andaca hava da soyuyub bizi üşüdür. Bir anlığa havanın rəngi dəyşib tutqunlaşır, bozarır… Hikmətin valideyinləri yaşayan evin küçə qapısını döyürük. Səsə bəstəboylu , əsmər bəniz bir qız çıxır. Öyrənirik ki, Şəhidin bacısı Gülnurdur. Gülnurun gözləri qəm dənizinə oxşayır.Günəşin qarşısını bulud bağlayan kimi onun da gülüşünü, sevincini, ürəyindəki odu, alovu sanki qardaşının vaxtsız gedişi özü ilə aparıb… Məni qınamayın bir anlığa düşünürəm ki,bu evdən, bu həyətdən aralanan kimi yenə əvvəlki tək günəş parlayacaq, göylər nura boyanacaq, günəş yenə saçlarını gah hörüb, gah da darayacaq. Hikmət gedişi ilə bu aliənin sevincini, xoşbəxt günlərini, işığını da özü ilə aparıb. Vətəni nura boyayan Şəhidimizin yaxınlarının qəlbinə qaranlıq çöküb… Ruhları bədəndən ayrlıb göylə yer arasında özlərinə yer tapa bilmirlər. Ailə dərdin ağırlığına tab gətirə bilmir. Hiss olunur ki, sevimli Hikmətin ayrılığı, Şəhid olması ailənin ümidini, arzularını da özü ilə toparlayıb aparıb. Hikmətin Şəhid olması günəşin qarşısını alan qara bulud kimi Hikmətin sevdiklərinin də gününü qara edib. Həyat qəribəliklərlə doludur.
Bu bir həqiqətdir ki, istəsək də, istəməsək də biz Tanrının hökmünü dəyişə bilmirik. Biz ona hökm etmək gücündə deyilik. Bizə yalnız ona tabe olmaq qalır…Ona itaət etməyə borcluyuq. Adını nə qoyuruqsa qoyaq , qədər deyək, qismət adlandıraq, alın yazısı sayaq, hər nə olursa olsun onun qərarını dəyişmək bizim gücümüzdə deyil. Bəzən bizi üzən hadisələrdən, fəlakətlərdən aylar ilər keçdikcə, məsafə uzaqlaşdıqca, üstündən zaman keçdikcə, ürəyimizdə daşıdığımız o yaranın ağrısı, acısı azalmasa da, sağalmasa da üstünü qaysaq tutur. Elə yaralar da var ki, illər ötsə də o yaralar daha da dərinləşir, qan verir…Hikmət İbrahimovun yoxluğunun ailəsinin sinəsinə çəkdiyi çalın-çarpaz dağ kimi yeri göynəyir, daha da dərinləşir,qan veridiyi kimi... Bu qan yerdə qalmır, Qələbə bayrağına köçür. Blmirəm, bu niyə belədir,elə insanlar var ki, onlar bəzən gözləri ilə gördükləri həqiqətləri dərk etmək gücündə olmurlar,hadisələrə öz baxışları ilə yanaşırlar,öz arşınları ilə ölçürlər. Mən gözlə görünməyən, əl ilə tutulmayan inancların ifadə etdiyi fikirləri deyirəm… İstəsək də, istəməsək də bizim gerçək sandığımzı, həqiqət bildiyimiz fikirləri təsəlli üçün deyilmiş söz hesab edirlər... Bu mövzu o qədər incə, həssasdır ki… Burada kimi isə haqsız sanmaq, qınamaq ədalətsizlik olar… Bəzən çox haqlı olaraq da ortalığa belə bir sual çıxır. «Niyə zənginin övladı deyil, mənimki Şəhid olmalıdır» Dərk etmək lazımdır ki, həyatda hər şey şərtidir. Bizim zənginlik sandığımız Tanrı yanında yoxsuldur, cılızdır. Bəlkə də üzü qaradır. Tanrı bəlkə də o cr adamları bağışlamaq üçün onlaraa möhlət verir? Bütün bunlar bəlkələrdir. Həqiqət olan budur ki, Şəhidlik ucalıqdır, zirvədir. Tanrı dərgahında məqam deməkdir. Vətənin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda Şəhid olan oğullarımızn müqqəddəs ruhları qarşısında əyilməyən baş bizdən deyil.
Şəhidliyin Tanrı dərgahına gedən yolu oiduğunu peyqəmbərimizin elmin açarı adlandırdığı Allahın ən sevimli bəndələrindən olan Həzrət Əli belə ifadə edirdi, «And olsun Allaha ki, evində rahat ölməkdənsə döyüş meydanında min qılınc yarası alıb ölmək daha asandır». Yaxud da «Şəhid olanlar yenidən on dəfə dirilib bu həyata gəlsələr yenə də Şəhid olmaq istəyərlər»deyib. Bu məqamda bircə onu deməklə kifayətlənmək istərdim ki, bizim istək və arzumuzdan asılı olmayaraq yerin, göyün, küllü kainatın öz qanunları var. Bizim istəyimizdən, arzumuzda və iradəmizdən asılı olmayaraq yer öz oxu ətrafında fırlanır. Allahın sevimli bəndəsi olmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil. Bu seçilmişlərdən biri də yarımçıq qalmış nakam ömrü, bitməmiş həyat hekayəsi ilə könülləri dağlayan Hikmət Zaur oğlu İbrahimovdur.
Hikmət Zaur oğlu İbrahimov 23 iyun 2001-ci ildə Ucar rayonunun Qarabörk kəndində anadan olub. Atası Zaur İbrahimov Birinci Qarabağ müharibəsi iştirakçısıdır Hikmət 2007-ci ildə Qarabörk kənd tam orta məktəbin birinci sinfinə daxil olub, 2016-cı ildə doqquzuncu sinfini bitirmişdir. Hikmət İbraimov 25 may 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsindən hərbi xidmətə çağırılıb. Beyləqan rayonunda 181 saylı hərbi hissədə qulluq edən Hikmət İbrahimov Xidmətinin 4 ay 25-ci günündə torpaqlarımızın erməni işğalından ezad edilməsi uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına döyüşərək Şəhidlik zirvəsinə ucalıb.. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Hikmət İbrahimov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Nə edəcəyimizi, söhbətə haradan körpü salacağımızı bilmirik.Tərslikdən Hikmətin atası da evdə yox idi. Şəhidliyinin il dönümünə cəmi bir neçə gün qaldığından şəhidin il mərasiminə hazırlıq gedirdi. Atası Zaur əli qabarlı, alnının təri ilə dolanan, ailəsini halal zəhməti ilə yaşadan zəhmətkeş insandır. Bir sözlə çörəyini alnının təri ilə isladıb yeyən adamlardandır desək daha doğru alınar. Gözümüzün gəzdiyini,Zaur bəyi axtardığımızı hiss edən xanım «Siz narahat olmayın, bu dəqiqə atası da gələr.,Zəng vurub məlumat vermişik»,dedi. Sonra da əlavə etdi ki, Hikmətimin il mərasimi yaxınlaşır. Gələn ,gedən çox olur.Gərək qapına gələni də qarşılayıb, yola sala biləsən.Əli qabarlı adamdır.Çörəyinin dalınca gedib.Yaxında işləyir, indi gələr…
Bir an. Kirimək bilməyən,gözünün yaşında boğulan, qadının kimliyini soruşuram. Açığı elə zənn edirəm ki,Hikmətin böyük bacısıdır. «Hikmətimin anasıyam», deyib hönkürür. Mən müharibəyə nifrət edirəm. Anaları gözü yaşlı, ataları boynu bükük qoyan müharibəyə. Mən oğlunun il mərasiminə hazırlaşan ana olmaq istəmirdim. Mən yas halvası bişirən, ehsan vermək üçün qoç kəsən ana olmaq istəmirdim. Mən toy xonçası bəzəyən, gəlinin, əlinə xına yaxmaq, nişanlısının qoluna girib gəlin paltarında gəlin gətirən oğlunun ayaqları altında qoç qurbanı kəsən ana olmaq istəyirdim. Mən tabuta bələnib gələn Şəhidin deyil, mən gəlin gərdəyinə girən oğulun anası olmaq istəyirdim. Mən oğul cənazəsinin arxasınca sürünən, zarıyan ana deyil qapısında «vağzalı» çaldlran ana olmaq istəyirdim. Lənətə gəlmiş müharibə oğlumu əlimdən almaqla ,həyatımı qaraltdı. Ocağımın odu, evimin işığı söndü, ,həyatım qaraldı. Mən qəhrəman oğul anası yox , mənə çoxlu övladlar doğub verən soyumu yaşadan gəlinin qaynanası olmaq istəyirdim. Müharıbə təkcə balamıı almadı əlimdən. Ümidimi, arzumu, gözləntilərimi öldürdü. Mən Hikmətlə birlikdə ruhumu da dəfn etmişəm. Niyə ahı, niyə mənim balam? Niyə zənginin balası səfa ,kasıbınkı cəfa çəkməlidir? Niyə vətəni qorumaq kasıbın payına vətənin malına sahib olmaq zəngin balalrının qismətinə düşməlidir ki? .Nə qədər bu belə olacaq? Vallah Hikmətsiz yaşamağı haram bilirəm, künah sayıram. Öz əlimdə olsa canımı özüm alaram ki, balama tez qovuşam. Min əzabla böyütmüşdüm Hikməti… Bilirsiniz ,bu dəqiqə ürəyim dəfn olunmuş arzularımın qəbirstanlığına bənzəyir. Təkcə Hkməti yox,arzularımı aldı əlimdən bu müharibə. Mənə olan oldu. Qiymətlimi itirdim. Rədd olsun müharibə.İstəmirəm bir də müharibə olsun, analar gözü yaşlı, gəlinlər dul, qızlar sevgi həsrəti çəksinlər…Hər gün göylərə baxıram. Yağış yağanda elə bilirəm göydən şəhid qanı yağır. Elə bilirəm şəhidlər bizim çəkdiklərimizi görüb göydən göz yaşı axıdırlar. Hikmətim mənim bu əzabıma dözməzdi.Çox mehriban ,qayğıkeş, adamdan ötrü canını yaxan bir uşaq idi…Yuxuma da girmir. Evdəki palatarları da Hikmətimin ətrini vermir. Mən nədən təsəlli tapım? Məni kim qarğıdı? Demək mən oğul toyu görməyəcəm. Mən gəlin buyurub,zövq almayacam? Bütün bunları düşünəndə dəhşətə gəlirəm. Göylərə əl açıb Allahdan ölüm istəyirəm…Nə yazıq ki,Allah onu da mənə çox görür…
Gülnarə İbrahimova, bibisi:
- Heç ağlıma gəlməzdi ki, adını qoyduğum, qucağımda böyütdüyüm, sinəmə sıxıb əzizlədiyim, qardaşım oğlu haqqında xatirə danışacam. Hikmət həyatda olmayacaq xatirələrdə yaşayacaq. Dəhşətdir. Bunu təsəvvür etmək, ağla gətirmək çətindir. Mən hər gün elə düşünürəm ki, bu dqəiqə qapı açılacaq, zarafatcıl,gülərüz, şirindil Hikmətimiz içəri girib deyəcək ki, bu mənim növbəti zarafatım idi… Adını mən qoymuşəm. Çox nadinc uşaqlığı var idi.Bir yerdə qərar tutmazdı.Bildiyindən qalmazdı.Gülə-gülə aləmi qatardı bir yerə.Yuxa ürəkli idi. Hiss etsəydi ki, səni incidib,könlünü almaq üçün min oyun çıxarardı. Fərqli bir uşaq idi. Hər şeyi bəyənən deyildi. İstəyirdi ki, fərqlənsin.Geyimi,gecimi, hərəkətləri, hər şeyi ilə.. Fərqləndi də. Hamının gedə bilmədiyi, bir yolu getdi. Hikmətimlə fəxr edirəm.
Bacısı Gülnur İbrahimovanın xatirələrindən:
- Ailədi bir bacı bir qardaş idik. Evin böyüyü Hikmət idi. Qaşqabaqlı, qaradinməz,ciddi bir görkəmi,çox təmiz,saf ürəyi, yumuşaq qəlbi var idi. Bəlkə də ürəyinin təmizliyinə, saflığına gözrə Tanrı yanına tez apardı. İnsan yox bir Mələk idi,qardaşım. Ürəyi bir gül idi, qardaşımın. Əlində nəyi var idisə, son tiksinə,son qəpiyinə kimi paylaşmağı sevərdi. Uşalığımızda çox dalaşardıq. Bəlkədə dalaşmadığımız günümüz heç olmayıb. Amma küsülü qalmağı heç xoşlamazdı. Beş dəqiqədən sonra gəlib üzünü dirəyərdi ki, üzümdən öp barışaq. Adamın üzündən öpərdi. Min dil tökərdi. Bir- birimizə istəyimizi bildirməsək, biruzə verməsək də bir- birimizə çox bağlı idik. Ürəyi arzularla dolu, həyata bağlı bir adam idi. Maşın sürməyi çox xoşlayardı. Ən böyük arzusu da özünün avtomobili olması idi. Xeyif, çox xeyif ki,o arzusuna da çatmadı. Həyatda nə gördü ki? Mənimlə şəkil çəkdirməzdi.Zorla tutub şəkil çəkdirərdim. Nə yaxşı da ki,etmişəm. Bilsəydim,hər gününü,hər dəqiqəsini çəkərdim.Özümü onun şəkilləri ilə bəzəyərdim. İndi geridə bir xatirələri,birdəki şəkilləri qalıb. Əsgərlikdə olanda tez tez zəng edərdi. Müharibədə olduğunu deməzdi., bizdən gizlədirdi. Deyirdi ki,mən gənc əsgərəm,gənc əsgərləri döyüşə aparmırlar. Bizə son sözü bu olardı ki,özünüzdən müğayyət olun. Amma özündən müğayyət ola bilmədi.Bizi gözü yaşlı,məni qardaşsız ,güvəncsiz qoydu.Elə bilirdim ki,güvənəcək dağım var.İndi özümü dağı uçub altında qalmış,beli qırılmış adam zənn edirəm.Gücsüzəm,acizəm…Güvənc yerim qalmadı…
Sevinc Zeynalova orta məktəb müəlliməsi:
- Mən Hikmətin beşinci sinifdən riyaziyyat müəlliməsi olmaqla yanaşı sinif rəhbəri olmuşam. Çox qəribə , maraqlı bir uşaq idi Hikmət. Hələ kiçik yaşlarından onda çox ciddi,qaradinməz kişi görkəmi var idi. Amma görkəmi ilə ürəyi, xarakteri çox fərqli idi. Yuxa ürəkli, şən,əyləncəni sevən, həyata bağlı bir uşaq idi. Açığını deyim ki,dərs oxumaqlada arası heç yox idi. Amma məktəbdə hər işdə öndə olar,fərqlənər,oxumasa da sinifin gözü,çox da vətənpərvər, eyni zamanda prinsipial idi. Onda bir qəhrəman xarakteri var idi. Vətənə bağlı, əsl vətəndaş qeyrəti olan insan idi. Adətən bu xarakterdə olan insanlar qəhrəman olurlar. Uşaqlıqdan onda erməni faşizminə nifrət var idi. Hikmət öz dediyini edən,prinsiplərinə sadiq, etdiyini də danmayan bir şakird idi. Adətən məktəbdə, uşaqlar arasında sözü bir yerə qoyub,kollektiv nəsə etmək, arabir dərsdən qaçam xalları da olur. Belə olanda Hikmət özünü qabağa verib «mən dedim», «,mən etdim» deyib məsuliyyəti öz üzərinə götürərdi. Bütün bu müsbət kefiyyətlər, əsl kişiyə xas xüsusiyyətlərinə görə məktəbdə nəinki müəllimlər, bütün şagirdlər də onu tanıyar və sevərdilər.
Olduqca qəribədir. Düşünəndə ki, sənin dünən qarşında oturdub dərs dediyin, «düz otur», «düz dur»,dediyin şagird bu gün vətən uğrunda şəhid olmuş bir qərəman,,Allahın mükafatını almışlardan biridir, qürurlanmaya bilmirsən. Bu gün Hikmətin oxuduğu məktəbin müəllm və şakgird kollektiv ,onun özünü və valideyinlərini tanıyan bütün kənd sakinləri Zəfər Müaribasinin Şəhidi Hikmət İbrahimovla qürur duyur. Allah məqamını uca etsin. Bibisi Səidə müəllimə göz yaşlarında boğulur.Nəfəsi daralır. Hikmətin adı çəkiləndə nəinki,əli, ayağı gözləri də titrəyir. Bibi sanki bütün şüurlu həyatını, düşüncəsini,arzularını, ən xoş xəyallarını belə Hikmətin üzərində qurub, ona bağlayıbmış. Bu ağır itgiyə tab gətirə bilmir,Onun dili ilə danışır,öz körpəcə balasını, əzizini əzizləyirmiş kimi dilini oxşayır. Hətta bağırmaq,etiraz etmək istəyir. Üzünü göylərə tutub baxır, göylərdən imdad diləmək,göylərin qüdrətinə hikmətinə sığınıb Allahdan Hikmətini geri almaq istəyir.
Aciz olduğunu, gücü çatmadığını his edib əlini dizlərinə çırpır. Göylərə baxan gözlər o ucalıqda zirvədə olan əzizini, gözünün nurunu görə bildiyini deyə bilmərəm.amma bu dəqiqdir ki,Hikmət o yüksəklikdən bizi görür .Azadlığı uğrunda qanını töküb canını fəda etdiyi bu torpaqları,görür. Onun ruhu rahatdır Onun məqamı ucadır…O Tanrı dərgahıba gedən yola zəvvar olub. Bəlkə də cənnətdə əzizləri , canından çox sevdiyi Səidə müəllimə üçün də dua edir.Allah bütün duaları qəbul, Şəhidimizin məqamını uca etsin.
Bibisi Sədə Mahmudovanın xatirələrindən:
-Hikmət mənim canımdır,ürəyimdir.Mən onu öz canımla qızdıradım.Uşaq vahtı soyuqdan çox qorxan, çox üşüyən idi. Mənimlə birlikdə yatardı. Soyuq olan kimi deyərdi ki,bibi kürəyini soykə kürəyimə soyuq olmasın.Üşüyürəm….Görən indi canparam o soyuq məzarda necə yatır? Əgər imkan versəydilər onunla bir məzara girərdim. Yenə onu öz canımla isindirərdim. Məni çox sevərdi.Qəribə andiçməyi var idi. Heç yalan- palan sevməzdi. Məcbur olub, adamı bir şeyə inandırmaq istəsəydi, «anamın canı, bibimin ölmüşü» haqqı deyərdi… Çox şən,həyatsevər idi. Biz zəngin ailə deyilik. Atası alnının təri , namusla ,halal çörəyi ilə böyüdüb. Bu ev,bu ocaq haram tikə görməyib. Az olub, nəyimiz olubsa özümüzünkü olub, kimsənin varında,malında gözümüz olmayıb.Gözü tox olmuşuq. Balamızı da gözü könlü tox böyütmüşük. Ürəyindən keçən, arzusunda olduğu hər şeyi ona alıb yedirib geyindirmişik.İstəməmişik ki, kimnsə balasından geri qalsın.
Çox maraqlı uşaq idi.Hər şeyi bəyənməzdi. Gözəl geyinməyi çox sevərdi. Bir paltar alamağa gedəndə saatlarla seçim edərdi. 18 yaşı tamam olanda Hərbi Səfərbərlik İdarəsindən çağrış gəldi.Dəfələrlə Bakıya Hospitala göndərdilər,Gözündə problemi var idi.Hər dəfə də deyirdilər ki,orduya yaramır. Sonuncu dəfə 19 yaşı tamam olanda yena Papaniyə Hospitala göndərdilər komissiyadan keçmək üçün .Orada 2-3 gün qalandan sonra evə gəldi. Dedi ki,gedib Hərbi Səfərbərlik İdarəsində deyəcəm ki, baxın gəlmişəm,ya məni əsgər aparın, ya da gedib evlənirəm. Elə həmin günün səhəri 2020 ci ilin may ayında əsgər apardılar. Beyləqanda xidmət edirdi.Tez-tez bizimlə danışardı, yanına gedərdik. Demişdik ki,Hikmət hər ay yanına gələcəyik..Müharibə başlayanda biz fikir edərik, darıxarıq deyə döyüşüdüyünü bizdən gizlədib. Ağlımıza gəlməyən başımıza gəldi…
Atası Zaur İbrahimovun dediklərindən:
- Mən birinci Qarabağ savaşının iştirakçısıyam.1993.cü ilini aprelin 2-sində hərbi xidmət etmək üçün yola düşmüşəm. Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində qulluq edirdim. Arzumuz,istəyimiz Qarabağa getmək işğalçı düşmənə qarşı savşmaq.Qarabağda törətdikləri qətliamların düşməndən qisasını almaq idi. Amma bizə dedilər ki.Daxili Qoşunlar döyüşə getmir,ölkə dahili sabitliyin qorunmasında, asayişin bərpa olunmasında iştirak edir. Bir sözlə biz döyüşən qoşun növündə xidmət etmədiyimizi anlayıb 12 nəfər gənc əsgər birləşərək döyüşmək üçün ön cəbhəyə, Qarabağa, ,Ağdama qaçdıq.Düşmənlə burun-buruna idik. İndiki kimi təhcizat, müasir silah növləri olmasa da düşmənlə cəsarətlə çarpışırdıq.Yaxşı döyüşdüyümüz üçün hətta medalla da təltif olunmuşuq. Bizim qurupun şücaiətini, ,döyüş qabiliyyətini görən komandanlıq bizi Füzuli istiqamətində gedən ağır döyüşlərə qatılmaq üçün Füzuli Beylaqan istiqamətinə göndərdi…Çox qəribədir ,medalla təltif olunsaq da, sən demə döyüşçü kimi adımız qeydə alınıb, siyahıya salınmamışdı.Ölüb itsəydik yəqin yerimiz də bəlli olmayacaqdı. Həmişə evdə oturanda özüm, bizə gələn keçmiş döyüş yoldaşlarım xatirələr danışar,o şərəfli günlərin acılı ,şirinli xatirələrini yada salıb söhbət edərdik. Hikmət də bu danışıqalardan öz vətənpərvərlik, qəhramanlıq, kişilik payını götürərdi.Hikmət çox vətəncanlı böyümüşdü.Prinsipial böyümüşdü.Düşmənə nifrət ruda böyütmüşdüm onu..
Tale elə gətirdi ki,,O, da xidməti borcunu Beylaqandakı 181 saylı hərbi hissədə Minamyot batareyasında yerinə yetirməli oldu.Vətən Müharibəsi başlayan günü zəng etmişdi. AğIr döyüşlər getdiyini dedi. Dedim ki, Hikmət mərd ol. Özünü kişi kimi apar.Bir döyüşçü oğlu olduğunu unutma. Nə olmalıdırsa o da olacaq. Bircə qorxaq olma. Beş gündən bir zəng edirdi. Deməli beş gün ön cəbhədə döyüşüb gəlir,bir gün istiraət edib ,yenidən döyüşə qatılırdılar.
Sonuncu dəfə 20 oktyabrda gecə zəng vurmuşdu.Dedi ki,bir saatdan sonra ağır döyüşlər olacaq. Mənə zarafat etdi. Dedi ki,sən mənim qarşımda birdə döyüşdən, müaribədən,qəhrəmanlıqdan danışa bilməyəcəksən. Biz sizdən də güclü döyüşürük.İşğal olunmuş əraziləri geri qaytarırıq. Səni öz qəhrəmanlığımla susduracam. Bu hikmətin son zarafatı,sön sözü oldu. Balam ,qəhrəman bir döyüşçü kimi Şəhid oldu.Bizim edə bilmədiklərimizi edib,tarix yazdılar.Üç rəngli bayrağı özləri ilə birlikdə samaya qədər yüksəldib.evimizə bayraqlaşıb gəldi. Məqamın uca ,yerin rahat olsun, əziz balam.
Döyüş yoldaşı Seyfəddinin Abdurəhmanovun xatirələri:
- Mən 27 yanvar 2020-ci ildə hərbi xidmətə çağrılmışam. Əsgəri xidmətimə Beyləqan rayonu ərazisində yerləşən 181 saylı hərbi hissənin minamiyot batareyasında başlamışam. Elə həmin ilin mayın 25 də qulluq etdiyim hərbi hissəyə yeni çağrışçılar gətirildi. Öyrəndim ki,çağrışçılar arasında Hikmət adında Ucar rayonundan olan bir əsgərdə gəlib. Qonşu rayondan olduğum üçün tez Hikməti görüb onunla tanış olmaq qərarına gəldim.Tanışlığımızın ilk günündən də bizim dostluğumuz başladı. Hikmət çox mehriban ,gülərüz, şən, zarafatı sevən, ürəyi həyat eşqi sevgi dolu bir gənc idi. Demək olar ki,günümüz bir keçirdi.Boş vaxtlarımızda bir-birimizdən heç ayrılmazdıq.Hikmət də mən də minamyot heyətində heyət nəfəri kimi qulllluq edirdik.Günümüz təlimlərdə keçirdi. Ermənilərin atəşkəs reimini tez tez pozmaları onların təcavüzkar niyyətindən xəbər verirdi. 2020- ci ilin yayaında Tovuz rayonu ərazisindən düşmənin fitnəkar niyyətini həyata keçirmə cəhti, genralımızın Şəhid olması, müharibənin qaçmaz olmasından xəbər verirdi.Ordumuz döyüş hazırlığına tam hazır vəziyyətdə komandanlığın əmrini gözləyirdi.Belə bir vəziyyətdə hər bir əsgərin öz məsuliyyəti ,oz üzərinə düşən vəzifə olur. Hikmət də gənc əsgər olmasına baxmayaraq, çox cəsarətli, mərd, öyrənməyə çalışan, gördüyünü tez götürən bir əsgər idi. Bizim döyüş yolumuz Füzuli rayonunun Alxanbəyli kəndindən başladı.Bu kənd əslində Aran Qarabağ sayılır. Ərazisi düzənlik bir kənddir. Qarşı tərəfdə ,ermənilərin güclü istehkamları, ağır artleriyanın zərbəsindən qorunmaq üçün qalın beton divarları olan bunkerləri, komanda müşahidə məntəqələri, beş qat, vallardan ibarət ohanyan səddi var idi. Düşmən çox güclü sursata ,təchizata malik idi.
Müharibənin ilk günləri düşmən nə etdiyini, necə etməli olduğunu bilməsə də, sonralar çox ciddi müqavimət gostərirdi. Ordumuz düşmənin müqavimətini qırır, hər vəchlə işğal olunmuş torpaqlarımızı azad etməyə çalışirdıq. Biz, artileriyanın güclü atəş altında anba-an irəlləyirdik. Minamyot mərmisi, ağır artileriya dolu kimi yağırdı. Elə bir səhnə idi ki, bunu gərək gözlə görəsən. Gündüzlər toz dumana qatışır, göylər sankı nərilldəyirdi. Gecələr birdə görürdün göyün üzü qıpqırmızı rəng alırdı. Elə zənn edirdin ki, göylər od tutub yanır. Ölüm saçan silahların işığı yeri gündüz kimi işıqlandırırdı. Dəhşət idi. Hər atəş bir ölüm gətirird, bir can alırdı.
Düşmən kordinatımızı dəqiqləşdirib vura bilməsin deyə biz tez-tez yerimizi dəyişirdik.Daima hərəkətdəydik. Bu müddətdə mən Hikmətin bir daha qorxmaz qəhrəman olduğunun şahidi olurdum. Çox cəld idi. Cəsur idi. Gözündə qorxu yox idi. Zarafatından da qalmazdı. Birdə görürdün ki,ən kritik məqamda elə zarafat edir ki,hər şeyi unudub,gülürdük.Oz zarafatı, gülməli sözləri ilə sanki həyatı dəyişib öz normal macarasına qaytarırdı..Hər torpaq işğaldan azad olunanda bir onun sevincini, üzündəki ifadəni görəydiniz. Atası Zaur dayı da müharibədə iştirak edib,düşmənlə savaşıb.Elə tez- tez deyirdi ki, «Ay dədə, sən ala bilmədiyin torpaqları gör ermənidən necə mələdə- mələdə alırıq, Döyüşçü belə olar e».
Biz irəllilədikcə döyüş daha dəhşətli məcaraya düşürdü.Nəhayyət, oktyabrın 20-si ərazilərimizi azad edə- edə Füzuli rayonunun Kürd Mahmudlu kəndinə qədər gedib çıxa bilmişdik. Bu kənd dərəli, təpəli,dağların ətəyində məsgən salmış bir kənd idi. Biz aşağıda dərədə mövüelənmişdik.Düşmənin artleriyası ara vermədən atəş açırdı. Hikmət isə bir qədər yuxarıda movqe tutmuşduq. Belə deyək ki,çox da yüksək olmayan dağmı deyim, dəpəmi ,deyim heç özümdə bilmirəm fikrimi necə izah edim? Oktyabrın 20-si gecə saat 23-24 arası idi. Bu an Hikmətin lap yaxınlığına 120- mm artleriya mərmisi düşdü. Həmin anda zərbənin təsirindən Hikmətin dağdan aşağı yumarlandığını gördüm. Dərhal Hikmətə tərəf qaçdım. Hikmət artıq ruhunu göylərə təslim etmişdi. Qəlpə yarası onun həyat eşqi ilə doyünən ürəyini susdurmuşdu. Qardaşımı, dostumu qucaqlayıb bağırırdım. Həmişə hər Hikmət deyə çağıranda mənə can-can deyən susurdu,dostum cansız idi... Biz oradan Hadruta,daha sonra isə Şuşaya doğru irəliləyirdik. Hikmətin özü bizimlə olmasa da ruhu,zarafatları,xoş xatırələri bizimlə idi. Allah bütün şəhidlərimizə rəhmət etsin.Məkanlari cənnət olsun.Əziz xatirələri əbədi olaraq qəlbimizdə məsgən salıb.Bizimlə yaddaşımızda ,xatirələrimizdə yaşayacaqları şübhəsizdir.
Biz Hikmətgildən ayrılıb Bakiya doğru kurs götürəndə günəş yenə göyləri nura boyamışdı. Göy üzü qıpqırmızı idi. Amma hələ də bir topa qara bulud Hikmətin valideyinlərinin yaşadığı evin üstündəcə toparlanıb durmuşdu.İçimdən qəribə his keçir. Mənə elə gəlir ki,göydə toparlanıb duran qara buludlar Şəhid anasının qara saçları, ahu, naləsidir. Dərdi, oğul deyib içini yandırdığı,yanğıdan başından çıxan qara tüstüdür. O qara buludun arxasında boylanan günəşin,al şəfəqləri isə şəhid ruhlarıdır. Qələbənin tətənəsindən məst olan, yurda azadlıq nəğməsi oxuyan, yurda qürur yaşadan qəhrəman oğulların ruhları daima məmləkətin başı üstə durub nur saçırlar. Ruhunuz qarşısında səcdələr, xalqımın qərəman oğulları.
Elşən Qəni