18 avqust 2021 12:10
1308

Abşeron yarımadasındakı dayazsulu ərazidə ilk kəşfiyyat quyusunun qazılmasına başlanılıb

SOCAR və bp tərəfindən avqustun 16-da Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının dayazsulu hissəsinin (SWAP) Şimal Xali sahəsində ilk kəşfiyyat quyusunun qazılmasına başlanıldığını elan edilib. Quyunun qazılmasında istifadə olunan “Satti” özüqalxan üzən qazma qurğusu avqustun 9-da müvəffəqiyyətlə dənizə yola salınıb. Quyunun dərinliyinin 2,424 metr olması planlaşdırılır. Qazma işlərinin iki ay yarım davam edəcəyi gözlənilir. Quyu haqqında məlumatlar təhlil ediləcək, nəticələr uğurlu olarsa, onları təsdiqləmək üçün qiymətləndirilmə aparıla bilər.

“İki sahil” xəbər verir ki,  SOCAR-dan verilən məlumata görə, layihənin operatoru bp şirkətidir. Hasilatın pay bölgüsü sazişində bp və SOCAR hər biri 50% paya malikdir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, “SOCAR-ın CDC şirkətinin bazasında “KazMunayQaz” şirkətinə məxsus “Satti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsi həyata keçirildikdən sonra Dayazsulu Abşeron yatağında ilk qazma işlərinə start verilməsi sevindirici haldır. Bu, son dövrdə Xəzər regionu dövlətlərinə məxsus şirkətlərin əməkdaşlığının yüksələn xəttlə inkişafını təzahür etdirir. Əminəm ki, SOCAR, BP-Azərbaycan və Qazaxıstanın “KazMunayQaz” şirkəti gələcəkdə də Xəzər dənizindəki layihələrdə əməkdaşlıqlarını müvəffəqiyyətlə davam etdirəcəkdir.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons isə qeyd edib ki, Biz Abşeron yarımadasının dayazsulu sahəsində qazma əməliyyatlarına başlamağımıza sevinirik. Dünyanın digər dayazsulu ərazilərində əməliyyatlar zamanı topladığımız təcrübədən və qabaqcıl texnologiyalardan istifadə etməklə təhlükəsiz və davamlı qazma proqramını təmin etmək üçün böyük hazırlıq görülüb. SWAP ərazisində ilk kəşfiyyat quyusunun təhlükəsiz və effektiv şəkildə təhvil verilməsi üçün SOCAR ilə sıx əməkdaşlıq etməyi düşünürük.

“Satti” özüqalxan qazma qurğusu Caspian Drilling Company (CDC) şirkəti tərəfindən idarə olunur. Qurğunun SWAP layihəsinə cəlb olunması haqqında sənəd 2021-ci ilin iyununda imzalanıb.

Qeyd edək ki, bp və SOCAR arasında Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron Yarımadasının Dayazsulu Hissəsi ofşor bloku üzrə hasilatın pay bölgüsü sazişi (PSA) 2014-cü ilin dekabrında Bakıda imzalanıb və 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya olunub.

Kontrakt sahəsi Xəzər sahili boyunca Abşeron yarımadasının cənubunadək uzanır. Ərazidə suyun dərinliyi 40 metrə çatır, yatağın potensial dərinliyi isə 2,000-5,000 metr arasındadır. 2016-cı ildə ərazidə 3D seysmik tədqiqat işləri aparılıb. 3D seysmik tədqiqatın nəticələri təhlil olunduqdan sonra 2017-ci ildə SOCAR ilə perspektivlilik bəyannaməsi imzalanıb və bp üç perspektiv sahədə - Şimal Xali, Bibiheybət Şərqi və Qarabatdaq sahələrində kəşfiyyat quyularının qazılacağını planlaşdırır.

İlk quyu üzrə Ətraf Mühit və Sosial-İqtisadi Təsirin Qiymətləndirilməsi sənədi 2020-ci ilin avqustunda açıqlanıb, müzakirələrdən sonra 2021-ci ilin yanvarında hökumət tərəfindən təsdiqlənib və 2021-ci ildə qazma işlərinə başlanılmasına icazə verilib.

2021-ci ilin iyulunda ikinci quyu üzrə Ətraf Mühit və Sosial-İqtisadi Təsirin Qiymətləndirilməsi layihəsi açıqlanıb, hazırda bu sənədlə bağlı müzakirələr aparılır və müzakirələrin 2021-ci il avqustun sonunda başa çatacağı gözlənilir.