18 sentyabr 2026 13:55
235

Corc Vaşinqton Universitetinin nümayəndələri BANM-da

ABŞ-nin Corc Vaşinqton Universitetinin Qlobal akademik tərəfdaşlıqlar üzrə prorektoru Sevinc Məmmədova, Elliott Beynəlxalq Münasibətlər Məktəbinin dekanı Ben Hopkins, Təhsil və İnsan İnkişafı üzrə Ali Məktəbin dekanı Lionel Hovard və Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin dekanı Jason Zaradan ibarət nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.

“İki sahil” xəbər verir ki, BANM-in rektoru Elmar Qasımov nümayəndə heyətinə Bakı Ali Neft Məktəbinin fəaliyyəti, təhsil imkanları, akademik potensialı və beynəlxalq əməkdaşlıqları barədə geniş məlumat verib.

Görüş zamanı yüksəkixtisaslı peşəkar kadrların hazırlanması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub, tərəfdaşlıqla bağlı qarşılıqlı maraq ifadə olunub.

Nümayəndə heyəti BANM-in tədris və infrastruktur imkanları, laboratoriyaları, Rəqəmsal Biliklər Liseyi ilə tanış olub, yaradılmış müasir şəraiti yüksək qiymətləndirib.

Daha sonra BANM-in akademik və inzibati heyəti ilə görüş keçirilib, əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılıb.

Corc Vaşinqton Universitetinin nümayəndə heyəti BANM tələbələri ilə də görüşərək onların suallarını cavablandırıb.