04 avqust 2021 16:59
2684

“ASAN xidmət”: Dünyaya nümunə olan model

Milyonlarla insanın müraciət etdiyi bu xidmət bürokratiyasız, korrupsiyasız, rahat və mədəni şəkildə gözəl xidmətlər həyata keçirir

Azərbaycan innovativ texnologiyalardan istifadə imkanları ilə dünyada seçilən ölkələr sırasındadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ən qabaqcıl texnologiyaların tətbiqi, cəmiyyətdə informasiya texnologiyalarının istifadəsinə əlverişli şəraitin yaradılması üçün məqsədyönlü işlər həyata keçirilir. 2012-ci ildən bu sahədə daha mühüm islahata imza atıldı. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradıldı. Bu qurumun yaradılması bürokratik əngəllərin və mümkün korrupsiya hallarının aradan qaldırılmasında inqilabi dəyişiklik etdi və innovasiya sahəsində Azərbaycan brendi kimi dünyada tanındı.

Bu günlərdə Prezident İlham Əliyevin 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirakı da məhz bu addımların uğurlu davamı kimi qiymətləndirilir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlət başçısına Bakıda 6-cı, ölkə üzrə isə 21-ci olan bu “ASAN xidmət” mərkəzi barədə məlumat verdi. Bildirildi ki, 6 saylı mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkətlər və kommunal xidmət qurumları qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara ümumilikdə 320-dən çox xidmət göstərəcək. Dövlət orqanlarının bu mərkəzdə fəaliyyət göstərəcək işçiləri də daxil olmaqla ümumilikdə 230 əməkdaş və 85 könüllü çalışacaq. Onların mütləq əksəriyyəti şəhid ailələrinin üzvləri və qazilərdən, Vətən müharibəsinin iştirakçılarından ibarətdir.

Onu da qeyd edək ki, hazırda fəaliyyət göstərən 20 “ASAN xidmət” mərkəzinin 5-i Bakıda, digərləri isə bölgələrdədir. Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi də davam etdirilir. Yeri gəlmişkən onu da qeyd edək ki, bu günədək “ASAN xidmət”ə 7 milyon 465 mindən çox vətəndaşın 45 milyondan artıq müraciəti daxil olub. Bununla da keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.

Yeri gəlmişkən onu da qeyd edək ki, Prezident İlham Əliyevin ötən ilin dekabrında imzaladığı Fərmanla yaradılan “YAŞAT” Fondunun dəstəyi ilə Vətən müharibəsi qazilərinin sağlamlıqlarının bərpa olunması istiqamətində də çox mühüm işlər görülür. Şəhid ailələri üzvlərinin və yaralıların 1152 müraciəti üzrə 3,8 milyon manat kreditləri “YAŞAT” Fondu tərəfindən ödənilib. 5667 müraciət üzrə şəhid ailəsi üzvlərinin və yaralı hərbçinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 22,6 milyon manat, bu qəbildən olan 2357 şəxsin tibb və xaricdə təhsil haqlarının ödənilməsi üçün isə 5.6 milyon vəsait ayrılıb. 120 ağır yaralı müalicə üçün Türkiyəyə göndərilib. Onların 64 nəfəri tam sağalıb, 56 nəfər isə hazırda müalicədədir. Bundan başqa, “Onlar bizə əmanət” layihəsi çərçivəsində Vətən müharibəsindən sonra dünyaya gələn 100 şəhid övladına 1000 manat məbləğində maddi yardım olunub, onların adına 5000 manat məbləğində depozit hesab açılıb.

Beləliklə, Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət” qısa müddətdə uğur qazanıb və dünyaya nümunə olan modelə çevrilib. Prezident İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində həyata keçirdiyi islahatların tərkib hissəsi olan “ASAN xidmət” dövlət və özəl xidmətlərin vahid məkandan innovasiyaların tətbiqi ilə vətəndaşlara çatdırılması sahəsində uğurlara səbəb olub. Milyonlarla insanın müraciət etdiyi bu xidmət bürokratiyasız, korrupsiyasız, rahat və mədəni şəkildə gözəl xidmətlər həyata keçirir.

Mənsumə Babayeva, “İki sahil”