“Azərbaycan Dəmir Yolları” sürət qatarlarında gedişhaqqının ödənilməsi üçün istənilən bank kartlarından və mobil telefonlardan istifadə imkanı yaradıb
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) sərnişinlərin rahatlığını təmin etmək üçün daha bir yeniliyə imza atıb. Bir neçə gündür ki, Bakı və Sumqayıt şəhərləri arasında - Abşeron dairəvi dəmir yolunda fəaliyyət göstərən sürət qatarlarında gedişhaqqını istənilən bank kartı, habelə mobil telefonlar vasitəsilə təmassız ödəmək mümkündür. Qeyd edək ki, layihə “Azərbaycan Mərkəzi Bankı”, “Azərbaycan Dəmir Yolları” QSC, VISA Beynəlxalq Kart Təşkilatı və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin birgə tərəfdaşlığı çərçivəsində reallaşdırılıb.
Tətbiq edilən yenilik haqqında “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin Daşımaları Departamentinin Avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinin rəis müavini Rəşad Yasinovla əlaqə saxladıq.
R.Yasinov “İki sahil”ə açıqlamasında bildirdi ki, “Azərbaycan Dəmir Yolları” şəhərətrafı nəqliyyatın ən təhlükəsiz və ekoloji baxımdan ən təmiz növlərindən olan qatarlarda sərnişinlərə daha rahat, etibarlı gediş şəraiti yaratmaq üçün daim yeni innovasiyaları tətbiq etməyə çalışır: “Hazırda Abşeron dairəvi dəmir yolunun 14 stansiyasının hamısında hər iki istiqamətdə təmassız oxuyucu cihazları ilə təhciz edilmiş 27 xüsusi turniket quraşdırılıb. Bu isə sərnişinlərə gedişhaqlarını bank kartları və mobil telefonlar vasitəsilə çox asan, sürətli və təhlükəsiz şəkildə ödəməyə imkan verir”.
Yeni ödəniş sisteminə sərnişinlərin münasibətini öyrənmək üçün “Azərbaycan Dəmir Yolları”nın Biləcəri stansiyasına yollandıq. Müşahidələrimiz göstərdi ki, sərnişinlər arasında “dəmir yolu kartı” ilə ödəniş aparanlar üstünlük təşkil etsə də, yeni layihənin imkanlarından yararlanaraq müxtəlif bankların kartlarından istifadə edənlər də kifayət qədərdir. Nağd pul ödənişi ilə bilet alanlara isə çox az halda rast gəlinir.
Fürsətdən istifadə edib yeni quraşdırılmış turniketlərdən istifadə edənlərin sırasına biz də qoşulduq. Əməkhaqqı kartı ilə ödəniş edib Sumqayıt-Bakı sürət qatarına əyləşdik...
Sərnişindaşımanın keyfiyyətinin artırılması baxımından nümunə göstərilə biləcək qatarın təmiz və səliqəli salonu, rahat oturacaqları, nümunəvi xidmət müasir standartlar səviyyəsindədir. Gedişhaqqı münasib, stansiyalar arasında itirilən vaxt isə az olduğundan qatarın xidmətindən yararlanan sərnişinlər çoxluq təşkil edir. Yol yoldaşı olduğumuz sərnişinlərdən bir neçəsinin təəssüratını da öyrəndik.
Rafiq Paşayev:
- Qatarın rahatçılığı da, qrafiki də çox gözəldir, razıyam. Əvvəl dəmir yolunun öz kartından istifadə edirdim, indi artıq maaş kartından istifadə edirəm.
Renar Lütfəliyev:
- Yeni turniketlərin quraşdırılmasına münasibətim çox yaxşıdır. Çünki elə ola bilər ki, üstündə nağd pul olmasın və yaxud “dəmir yolu kartı”nda balansında pul qalmasın, istənilən kartla ödəniş edib keçmək olar.
Anar Rzayev:
- Mən ikinci dəfədir ki, bu qatardan istifadə edirəm. Daimi sərnişin olmadığım üçün “dəmir yolu kartı” da almamışdım. Dünən məlumatım oldu ki, istənilən bank kartından istifadə etməklə gedişhaqqı ödəyə bilərəm. İndi şəxsi kartımdan istifadə etmişəm. Rahatlığı da ki, şəxsi maşından da yaxşıdır...
Sərnişinlər, elə oxucular üçün də maraqlı olduğunu nəzərə alaraq, yeni turniketlərdə bank kartlarından və mobil telefonlardan istifadənin təhlükəsizliyi ilə də maraqlandıq. Layihənin tərəfdaşlarından biri olan Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri və Hesablaşmalar Departamentinin Milli ödəniş sisteminin inkişafı və nəzarəti şəbəsinin aparıcı mütəxəssisi Rəşad Qasımov “İki sahil”ə bildirdi ki, ötən ildən pilot rejimdə fəaliyyət göstərən gedişhaqlarının təmassız ödəniş kartları ilə ödənilməsi layihəsi 2021-ci il iyun ayının 2-dən real rejimdə istifadəyə verilib: “Hazırda yeni turniketlərin quraşdırıldığı bütün stansiyaların hamısında ölkənin istənilən bankı tərəfindən imisiya olunmuş kartlar, habelə NFC funksiyasına malik mobil telefonlar, üzüklər vasitəsilə gedişhaqqının ödənilməsi mümkündür. Qeyd edək ki, kartlar vasitəsilə həyata keçirilən təmassız ödənişlərin təhlükəsizliyi beynəlxalq kart təşkilatlarının tələbləri nəzərə alınmaqla, ən müasir təhlükəsizlik standartları əsasında təmin edilir. Mobil telefonlar vasitəsilə aparılan təmassız ödənişlərdə isə tokenizasiya texnologiyasından istifadə olunur. Tokenizasiya təmassız ödənişlərin həyata keçirildiyi kartın bütün məlumatlarını şifrələməklə, bu məlumatların açıq formada istifadəsini əngəlləyir və məlumat mübadiləsinin fomalaşdırılmış xüsusi tokenlər vasitəsilə aparılmasını təmin edir”.
Mütəxəssisin bildirdiyi kimi, təmassız ödənişlər zamanı kartların təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilib.
Sürətlə inkişaf edən ölkəmizdə bütün sahələrdə müasir texnologiyaların tətbiqinə üstünlük verilməsi, belə layihələrin həyata keçirilməsi dövlətimizin vətəndaşlara verdiyi dəyərin daha bir təzahürüdür. Sərnişindaşımada xüsusi çəkisi olan sürət qatarlarından istifadə artıq daha asan, rahat və təhlükəsizdir.
Mahir Rəsuloğlu