23 iyul 2026 14:27
106

Azərbaycan-Almaniya münasibətlərində yeni strateji səhifə: əməkdaşlığın inkişafına güclü siyasi impuls

Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında münasibətlər uzun illər ərzində qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və ortaq maraqlar əsasında inkişaf edərək siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, yaşıl enerji və regional təhlükəsizlik kimi mühüm istiqamətləri əhatə etmişdir. Avropanın aparıcı iqtisadi və siyasi güclərindən biri olan Almaniya Azərbaycanın Avropa İttifaqı məkanında əsas tərəfdaşlarından biri olmaqla yanaşı, ölkəmizin həyata keçirdiyi iqtisadi islahatların, enerji layihələrinin və tranzit imkanlarının etibarlı tərəfdaşı kimi çıxış edir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il 21 iyul tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Berlin şəhərində Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts ilə keçirilən görüşlər, aparılan geniş müzakirələr və imzalanan sənədlər strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində mühüm siyasi iradənin nümayişi olmuşdur. Səfər çərçivəsində "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlığın Strateji Gündəliyinə dair Birgə Bəyannamə"nin, eləcə də Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması və fəaliyyəti haqqında Birgə Bəyannamənin imzalanması əməkdaşlığın institusional əsaslarını əhəmiyyətli dərəcədə gücləndirmişdir.

Prezident İlham Əliyev Almaniya Kansleri ilə birgə mətbuata bəyanatında imzalanan sənədlərin əhəmiyyətini xüsusi vurğulayaraq bildirmişdir: "Əminəm ki, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq." Dövlət başçısının bu fikri Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın artıq ənənəvi iqtisadi münasibətlər çərçivəsini aşaraq uzunmüddətli strateji tərəfdaşlıq modelinə keçdiyini nümayiş etdirir. Yeni Strateji Gündəliyin həyata keçirilməsi iqtisadiyyat, enerji, sənaye, rəqəmsal inkişaf, innovasiya, elm, təhsil, yaşıl keçid və digər istiqamətlərdə konkret fəaliyyət mexanizmlərinin formalaşdırılmasına imkan yaradacaqdır.

Azərbaycan son illərdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan etibarlı tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirmişdir. Cənub Qaz Dəhlizi, bərpa olunan enerji layihələri və yaşıl enerji ixracı istiqamətində həyata keçirilən təşəbbüslər Almaniya ilə əməkdaşlığın genişləndirilməsi üçün də əlverişli zəmin yaradır. Bununla yanaşı, alman şirkətlərinin Azərbaycanda sənaye, energetika, tikinti, logistika, xidmət, kənd təsərrüfatı və digər sahələrdə uğurlu fəaliyyəti iki ölkə arasında iqtisadi əlaqələrin davamlı inkişaf etdiyini təsdiq edir.

Prezident İlham Əliyev çıxışında bu məqama xüsusi toxunaraq vurğulamışdır ki, "Bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir." Bu fikir ölkəmizdə yaradılmış əlverişli investisiya mühitinin, həyata keçirilən iqtisadi islahatların və xarici investorlar üçün təmin olunan etibarlı biznes şəraitinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir. Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması isə biznes dairələri arasında əlaqələrin daha da genişlənməsinə, yeni investisiya layihələrinin reallaşdırılmasına və ticarət dövriyyəsinin artırılmasına xidmət edəcəkdir.

Müasir beynəlxalq münasibətlər sistemində nəqliyyat-kommunikasiya xətlərinin strateji əhəmiyyəti durmadan artır. Şərq ilə Qərbi birləşdirən Orta Dəhliz üzərində yerləşən Azərbaycan Avrasiyanın əsas logistika mərkəzlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyev çıxışında bu məsələyə toxunaraq qeyd etmişdir ki, "Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var." Bu yanaşma göstərir ki, Almaniya Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturunu və tranzit potensialını Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin inkişafında mühüm amil kimi qiymətləndirir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub və Orta Dəhliz layihələri Avropa iqtisadiyyatının dayanıqlı təchizat zəncirlərinin formalaşdırılmasına əhəmiyyətli töhfə verir.

Görüş zamanı regional təhlükəsizlik və Cənubi Qafqazda davamlı sülhün təmin olunması məsələləri də geniş müzakirə edilmişdir. Prezident İlham Əliyev Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha bəyan edərək bölgədə yeni əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətində atılan addımları diqqətə çatdırmışdır. Dövlət başçısı bu kontekstdə vurğulamışdır ki, "Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu." Bu bəyanat Azərbaycanın regionda uzunmüddətli sabitliyin və qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulmasına verdiyi önəmi bir daha nümayiş etdirir.

Prezident İlham Əliyev Almaniyanın sülh prosesinə verdiyi dəstəyi də yüksək qiymətləndirərək bildirmişdir: "Almaniya hökumətinin rolunu biz yüksək qiymətləndiririk." Bu fikir Almaniyanın Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi, dialoqun təşviqi və regional əməkdaşlığın inkişafına verdiyi töhfənin Azərbaycan tərəfindən yüksək dəyərləndirildiyini göstərir. Kansler Fridrix Merts də öz növbəsində Almaniyanın regionda davamlı sülhün bərqərar olması istiqamətində səylərini davam etdirəcəyini bildirmişdir.

Berlin səfəri çərçivəsində imzalanmış sənədlər Azərbaycan-Almaniya münasibətlərinin yeni strateji məzmun qazandığını təsdiq edir. Strateji Gündəliyə dair Birgə Bəyannamə və Biznes Şurasının yaradılması haqqında sənəd yalnız mövcud əməkdaşlığın möhkəmləndirilməsinə deyil, həm də gələcək illərdə iqtisadiyyatın şaxələndirilməsi, yaşıl enerji, rəqəmsal transformasiya, innovasiya, sənaye kooperasiyası, investisiyalar və humanitar sahələrdə yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar açır. Bu sənədlər Azərbaycan ilə Almaniya arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsi, Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlığın dərinləşdirilməsi və regional sabitliyə töhfə verilməsi baxımından mühüm siyasi və strateji əhəmiyyət daşıyır.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri