22 may 2021 19:11
1120

ABŞ-ın “Foreign Policy News” nəşrində “Xarıbülbül” musiqi festivalı haqqında geniş məqalə dərc edilib

ABŞ-ın “Foreign Policy News” nəşrində AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun “Xarıbülbül”ün qayıdışı və Şuşadan dünyaya verilən mesajlar” sərlövhəli məqaləsi dərc olunub.

Ermənistan silahlı qüvvələrinin məğlubiyyətindən və Qarabağ Zəfərindən sonra “Xarıbülbül” musiqi festivalının daha bir uğur hekayəsi olduğu vurğulanan məqalədə tarixə yazılan bu günlərin uzun illərin ayrılığından sonra qovuşduğumuz, qucaqladığımız yurd yeri, bənzərsiz hadisə olduğu qeyd edilir. Müəllif yazır ki, “Xarıbülbül”ün qayıdışı multikulturalizmin Azərbaycan modelinin daha bir parlaq nümayişi idi və qədim Şuşadan dünyaya musiqinin dili ilə ibrətamiz mənəvi-siyasi mesajlar ünvanlanırdı.

Vurğulanır ki, musiqi və birlik, qayıdış və milli ləyaqət bayramı olan “Xarıbülbül” festivalı Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdu.

Məqalədə Şuşadan dünyaya verilən mühüm mesajlardan bəhs olunur. Müəllif qeyd edir ki, bunlar, azərbaycanlıların qurucu və yaradıcı xalq olduğu, onunla birlikdə Şuşaya sivilizasiyanın da qayıtmasıdır. “Zənnimcə, ən önəmli mesajlardan biri birinci xanım Mehriban Əliyevanın sosial şəbəkələrdəki səmimi paylaşımları, eləcə də festival iştirakçıları tərəfindən Şuşada gəzinti zamanı çəkilmiş kadrlar idi. Həmin paylaşımlardan, videolardan aydın şəkildə görünür ki, bu qədim şəhərdə artıq həyat qaynayır, hər yerdə bərpa işləri gedir. Yəqin ki, bu kadrları işğal illəri ərzində dağıdılmış şəhər və kəndlərdə törədilən barbarlıq aktlarını qeydə almaq üçün Qarabağa gəlməkdən imtina edən UNESCO məmurları da görürlər. Görürlər ki, burada bərpa işləri necə səylə və dəqiqliklə aparılır”, - deyə məqalədə qeyd olunur.

Məqalədə, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın festival zamanı Şuşadan paylaşdığı tvitinə də yer verilib.