30 aprel 2021 17:18
1103

Uçot dərəcəsi növbəti dəfə dəyişməz qaldı: Ən yüksək və ən aşağı faiz dərəcəsi hansı ölkələrdədir?

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərini növbəti dəfə dəyişməz olaraq saxlayıb. Uçot dərəcəsi 6,25 faiz, dəhlizin aşağı həddi 5,75 faiz, yuxarı həddi isə 6,75 faiz səviyyəsində saxlayıb. Mərkəzi Bank 19 mart tarixli qərarında da uçot dərəcəsini dəyişməz olaraq saxlanmışdı.

Uçot dərəcəsi Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin edərkən tətbiq etdiyi faiz dərəcəsidir. Sadə dillə desək, Mərkəzi Bank kommersiya bankları və digər maliyyə təşkilatlarına uçot dərəcəsinə uyğun kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları (fiziki şəxslər), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxslər) kreditlə təmin edir.

Uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir.

Qurumun bununla bağlı açıqlamasında deyilir ki, inflyasiya başlıca olaraq qeyri-monetar xarakterli birdəfəlik xərc və mövsümi faktorlardan təsirlənir. Son aylarda inflyasiya gözləntilərində dəyişikliklər baş versə də, yenilənmiş proqnozlar ilin sonuna inflyasiyanın hədəf daxilində qalacağını göstərir. İnflyasiyanın dinamikası başlıca olaraq qeyri-monetar xarakterli faktorlardan təsirlənir. Bildirilib ki, rəsmi statistikaya görə mart ayında 12 aylıq inflyasiya 4,1 faiz təşkil etsə də dövlət tərəfindən tənzimlənən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-mart aylarında 2,2 faiz təşkil edib. Məcmu tələbin tədricən bərpası iqtisadiyyatın məcmu buraxılış potensialını üstələmədiyindən hələ ki, inflyasiya təzyiqləri yaratmır. Əsasən dövlət investisiyaları ilə dəstəklənən məcmu tələbin qısamüddətli dövrdə inflyasiya təzyiqi yaradacağı gözlənilmir. Ev təsərrüfatları arasında sorğular istehlakçı inamı indeksinin zəif olduğunu göstərir. 

Qeyd edilib ki, inflyasiyanı hədəfdən kənarlaşdıra biləcək daimi və əhəmiyyətli risklər müşahidə edilmir. Artırıcı amillərə əsasən xərc amilləri aiddir. Dünya ərzaq bazarında bahalaşmanın davam etməsi, eləcə də digər xərc amilləri ilin qalan dövründə də qiymətlərə və inflyasiya gözləntilərinə artırıcı təsir göstərsə də risklər balansını əhəmiyyətli dəyişmək potensialına malik deyildir. Apreldə yenilənmiş proqnozlara görə 2021-ci ilin sonuna illik inflyasiya hədəf diapozonunda formalaşacaq.

Dünyada ən yüksək və ən aşağı faiz dərəcəsi hansı ölkələrdədir?

Bu sahədə dünya birincisi Venesueladır. İqtisadi böhran səbəbindən Venesuelada uçot dərəcəsi 45,34 faizdir. Növbəti yerlərdə 40 faizlə, Zimbabve, 38 faizlə Argentinadadır.

Digər yüksək faiz dərəcəsinə malik digər ölkələr isə bunlardır: Yəmən 27 faiz, Liberiya 25 faiz, Surinam 25 faiz, Türkiyə 19 faiz, Konqo 18,5 faiz, İran 18 faiz, Haiti 17 faiz, Anqola 15,5 faiz, Sudan 15,5 faiz, Cənubi Sudan 15 faiz, Qana 14,5 faiz, Syerra Leone 14 faiz, Özbəkistan 14 faiz, Mozambik 13,25 faiz, Malavi 12 faiz, Qvineya 11,5 faiz, Nigeriya 11,5 faiz.

Dünyanın 51 ölkəsində isə uçot dərəcəsi 1 faizdən aşağıdır. Bunlardan 19-u Avrozona ölkələridir. Avropa Mərkəzi Bankının faiz dərəcəsi 0, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsi 0-0.25 faiz arasındadır.

3 ölkədə isə uçot faiz dərəcəsi mənfidir. Yaponiyada faiz dərəcəsi -0,1, Danimarkada -0,6, İsveçrədə -0,75-dir.

     

        Ceyhun Piriyev, “İki sahil”