Ermənilərə diz çökdürdüyümüz Vətən müharibəsində sözsüz ki, ən böyük rolu ordumuzun cəsur zabit və əsgər heyəti oynadı. Onların rəşadəti, qorxmazlığı, peşəkarlığı, qanı hesabına Qarabağ düşmən tapdağından azad oldu. Bu uğurda canından keçən şəhidləri, yaralanan qaziləri və digər iştirakçıları yad etmək, tanımaq və tanıtmaq hər birimizin müqəddəs borcu olmalıdır.
“İki sahil” bu məqsədlə ardıcıl olaraq şəhid ailələri və qazilərlə görüşərək onların döyüş hekayətini təqdim edir. Bu gün Suqovuşan istiqamətində döyüşən Ağdaş rayon sakini Səfərov Murad Gülyar oğlunun döyüş yolunu təqdim edirik.
Murad Səfərov 1998-ci ildə Ağdaş rayonunun Binələr kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 2016-cı ildə Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. Əsgərliyini başa vurduqdan sonra Ağdaş rayonundakı yanacaqdoldurma məntəqəsində operator kimi çalışıb. Sentyabrın 21-də çağırış əsasında Goranboy rayonunda yerləşən hərbi hissəyə yollanıb.
Mayor Zamanov əl qumbarası atdı, iki düşmən əsgəri...
“Bir neçə gün təlim keçdikdən sonra sentyabrın 27-də səhər saatlarından Suqovuşan istiqamətində döyüşlərə başladıq. Səfərbərlikdən çağırılan 40 nəfər idik, “qara meşəlik” deyilən meşə ilə hərəkət edirdik. Soyuq gecədə və dumanlı havada, göz-gözü görmürdü. Yaxınlıqda erməni postları var idi. Aviasiya oranı bombalamışdı, biz də piyada qüvvələr olaraq həmin postları düşməndən tam təmizləyərək azad etməli idik. Ən öndə komandirimiz mayor Zamanov gedirdi, xeyli getdikdən sonra postlardan birinə yaxınlaşdıq. Çöldə heç kim yox idi, Zamanov tək gedərək postun qapısından içəri əl qumbarası atdı. İki düşmən əsgəri yerindəcə öldü. Ora bayraq sancandan sonra digər iki posta getdik, heç kim yox idi, ərazini yoxlayıb bayraq sancdıq.
Düşmənlə açıq sahədə üzü-üzə gəldik
Müəyyən tədbirləri gördükdən sonra yuxarı komandanlıqdan irəli davam etmək əmri verildi. Gah meşəlik, gah da dağlıq ərazilərlə gedirdik. Hər yer minalanmışdı, hərəkət etmək çətin olduğu üçün yavaş və səssiz davranırdıq. Bir neçə kilometr getdikdən sonra qarşıda yol dönürdü. Dediyim kimi, biz ərazini tanımırdıq, sən demə, yolun dönəcəyində erməni postu var imiş. Düşmən tam hazır vəziyyətdə bizi gözləyirdi, məsafə isə 30 metr olardı. Atışma başladı. Bizim olduğumuz yer maskalanmağa əlverişsiz idi, onlar isə səngərlərdə idilər. Düşmənlə açıq sahədə üzü-üzə gəldik. Atılan əl qumbarasının qəlpəsi ayağıma tuş gəldi.
Üç uşağı Vətənə əmanət qaldı
Mayor Zamanov orada əsl qəhrəmanlıq nümayiş etdirdi. Əl qumbarasının fitilini çəkərək düşmən üzərinə getdi və qumbaranı düz onların yanına atdı. Təbii ki, düşmən tərəfi də avtomat silahla Zamanova ardıcıl atəş açdı. Komandirimiz elə yerindəcə şəhid oldu, üç uşağı isə Vətənə əmanət qaldı. Hər iki tərəf itki vermişdi. O anda atışma bir neçə dəqiqə dayandı. Tez hərəkətə keçib Zamanovun nəşini döyüş sahəsindən çıxararaq geri çəkildik.
Səhərə yaxın kəşfiyyat qrupu gəldi, məlum oldu ki...
Səhərə yaxın 20-25 nəfərdən ibarət kəşfiyyat qrupu gələrək ərazini kəşfiyyat etdi. Məlum oldu ki, post yeraltı bunkerdir. Biz arxada gözləyirdik. Kəşfiyyatçılar bunkeri mühasirəyə alaraq atışmaya başladı. 2-3 saat davam edən mühasirə heç bir nəticə vermədi, iki şəhidimiz oldu. Vəziyyət belə olduqda bütün qruplar geri çəkilərək gözləməyə başladıq. Biz artıq bir sutka idi yemək yemirdik, susuzluq isə tam yormuşdu şəxsi heyəti.
Döyüşün əsas ağırlığı xüsusi təyinatlıların üzərinə düşmüşdü
Xüsusi təyinatlılar ön xətdə düşmənlə ölüm-dirim savaşına girmişdilər. Günortaya yaxın idi, biz yeməyə getdik, dedilər xüsusi təyinatlılar postu aldıqdan sonra gedib orada qərarlaşarsınız. Yenicə yemək yeyib hazırlıq etmişdik ki, dedilər hazırlaşın, artıq xüsusi təyinatlılar postu alır. Nə isə, tez tələsik yola çıxdıq. 10 nəfərlik qrup idik, posta az qalmışdı ki, ermənilər başqa istiqamətdən minamyotla atəş açmağa başladılar. 8 nəfər yerindəcə şəhid oldu. Ağdaşın Kükəl kəndindən olan Vüsalın qəlpə sağ qolunu qopardı, mənim də ayaqlarıma 13 qəlpə girdi. Oradan sağ çıxan elə biz ikimiz olduq. 15-20 dəqiqə yaralı halda qaldıqdan sonra sanitar maşını gələrək bizi ərazidən çıxardı. Sonra “Ambulans”la Naftalana gətirildik. Hazırda dizimi qatlaya bilmirəm, sol ayağımı isə hiss etmirəm. Qəlpələr çətin yerdə olduğu üçün heç birini çıxarmadılar, hamısı ayaqlarımda qalacaq. Hazırda vaxtaşırı yoxlanışa gedib müalicə alıram.
Ayaqlarım deşik-deşik idi, qan su kimi axırdı
Yaralandığım an çox çətin idi. Yerə yıxılmışdım, ayaqlarımı hiss etmirdim. Elə bilirdim ayaqlarım yoxdur, ürək edib baxa da bilmirdim. Çünki Vüsalın qolunun necə qopduğu gözümün önündə baş vermişdi. Qolunun dirsəkdən aşağısı yox idi. Yanımda başqa bir şəhid də var idi, ayaqları mənim baş tərəfimdə idi, elə bildim mənim ayağımdır, sonra gördüm ki, başqasının ayağıdır. Bir az keçdikdən sonra cəhd edib barmaqlarımı tərpətməyə başladım, bildim ki ayağım yerindədir. Yalnız bundan sonra ayaqlarıma baxdım, deşik-deşik idi, qan su kimi axırdı. Sonra sanitar gələrək juqutla bağladı, qanaxma bir az azaldı.
Mən yaralı olsam da, uşaqlarımın yanına gələ bildim, amma...
Müharibə həqiqətən də çox çətindir. Bunu yaşamayana, orada olmayana başa salmaq mümkün deyil. Nə qədər şəhid, nə qədər yaralı görürsən. Döyüş yoldaşın yaralanır, yardım istəyir, kömək edə bilmirsən, ya qanaxmadan, ya ağrıdan şəhid olur. Bunu gözlə görmək, yardım edə bilməmək ağır bir hissdir. Neçə şəhidimiz oldu, çoxusu da ailəli idi. Onların uşaqları atasız qaldı. Mən yaralı olsam da ailəmizə, uşaqlarımın yanına gələ bildim, amma o oğlanlar, atalar gələ bilmədilər. Hamısı Vətən üçün sinəsini sipər etdi. Günlərlə aç-susuz qalırdıq, amma bu bizi zərrə qədər də ruhdan salmırdı, dözürdük. Şəhid, yaralı olanda isə hamımız pis olurduq. Allah bütün şəhidlərimizə rəhmət etsin, məkanları cənnət olsun, onlar daim bizim qəlbimizdə yaşayacaqlar”.
Taleh Bağırov, "İki sahil”