05 aprel 2021 17:42
1245

Komandirimiz dedi ki, vurduğunuz maşın ordumuza aid imiş, içində də... - VİDEO

Sözsüz ki, müharibə zamanı cəbhədə bir çox anlaşılmazlıqlar, səhvlər olur. Hər hansı bir əsgərin və ya zabitin səhv etməsi xoşagələn hal deyil, çünki bunun çox ağır nəticələri ola bilər. Qızğın döyüşlərin getdiyi Vətən müharibəsində bunu fikirləşmək, səhvən öz orduna məxsus texnikanı, canlı qüvvəni məhv etdiyini düşünmək belə çox stresli haldır. Buna baxmayaraq bu stresi, həyəcan və narahatlığı yaşayanlar da olub.

Ağdaş rayonunun Yuxarı Nemətabad kəndindən olan kəşfiyyatçı Qarayev Elməddin Telman oğlu Suqovuşan istiqamətində döyüşərkən şahidi olduğu hadisəni “İki sahil”ə danışıb: “Düşmən postuna sızma əməliyyatından yenicə öz mövqeyimizə qayıtmışdıq. Gələrkən də yolda bir hərbi maşını vurmuşduq. Komandirimiz Zaur Rüstəmov dedi ki, ehtimal edilir ki, sizin vurduğunuz maşın ordumuza aid imiş, içində də “N” saylı hərbi hissənin qərargah rəisi olub. Hər kəs şok düşdü, axı necə ola bilərdi ki, erməni postundan bizə məxsus olan maşın gəlsin?! O gecəni yata bilmədik, əgər deyildiyi kimi olsa çox pis olacaqdıq. O an maşını vuran əsgər Məmmədovun yerində heç birimiz olmaq istəməzdik. Səhər tezdən komandir gəldi. Nə deyəcəyini həyəcanla gözləyirdik. Əsgər Məmmədovun qarşısında duraraq bir neçə saniyə səssizcə ona baxdı. Sonra dedi: “Əsgər, səni təbrik edirəm, hadisə araşdırıldı, vurduğun erməni maşını olub, ölənlər də ermənilərdir”. O anda çox sevindik, bir-birimizi təbrik etdik. Əgər o maşın ordumuza aid olsaydı özümüzü bağışlaya bilməzdik”. 

Taleh Bağırov, “İki sahil”