10 mart 2021 19:39
3013

Balakənli iş adamı: Maşınımızı top atəşinə tutmuşdular FOTO/VİDEO

Vətən müharibəsində şücaətlə döyüşən qəhrəman əsgərlərimiz şanlı tarix yazanlardan oldular. Ürəyi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlı o igidlərin yerində olmaq istəyərdi. Amma yaş məhdudiyyəti ilə əlaqədar olaraq təbii ki, bu, mümkün deyildi. Belə olan halda bəzi şəxslər əlinə silah alıb torpaqlarımızın azad edilməsində iştirak edə bilməsələr də, əsgərlərə maddi və mənəvi dəstək olmaq üçün həyatlarını riskə ataraq cəbhəyə kimi getdilər.

Milliyyətcə avar olan Balakən rayonunun Xalatala kənd sakini, tanınmış iş adamı Qebeyev Şamil Əhməd oğlu da belə şəxslərdən biridir.

O, “İki sahil”ə müsahibəsində bildirdi ki, müharibə müddətində bir neçə dəfə şəxsi vəsaiti hesabına müxtəlif təminatlar alaraq öz avtomobili ilə cəbhəyə gedərək əsgərlərimizi ziyarət edib: “Mən Birinci Qarabağ müharibəsində iştirak etmişəm. Müharibənin nə olduğunu, onun çətinliklərini, risklərini yaxşı bilirəm. O zaman uğur əldə edə bilmədik, torpaqlarımız işğal olundu, dinc sakinlərimiz soyqırıma məruz qaldılar, ona görə də ürəyim hər zaman Vətən üçün, xalq üçün döyünüb. Təbii ki, cəbhəyə getmək böyük riskdir, amma o torpaqlar mənə o qədər əzizdir ki, heç bir risk buna mane ola bilmədi. Fikirləşdim ki, özüm düşmənlə üz-üzə döyüşə bilməsəm də heç olmasa orada döyüşən igid əsgərlərimizə mənəvi və maddi dəstək olum. İlk dəfə oktyabrın 2-də Füzuliyə getdim. Döyüşlərin qızğın vaxtları idi. Ümumilikdə dörd dəfə Füzulidə, bir dəfə də Ballı qaya, Tərtər, Cəbrayıl, Zəngilan və Qubadlıda oldum. Müharibə təzə başlayan zaman su və dəyişik paltara daha çox ehtiyac var idi. Sonradan isə həm su və paltar, həm də yemək və lazım olan hər bir ləvazimatı aparırdım. Hər dəfə  gedəndə isə görürdük ki, kənddə heç kim yoxdur, bilirdik ki, əsgərlərimiz irəliyə gediblər. Çox sevinirdik, qürurlanırdıq ki, növbəti kəndlər işğaldan azad olunub. İrəliyə gedib o əsgərləri tapırdıq, oturub birlikdə yemək yeyirdik, çay içirdik, mənəvi dəstək olurduq. Bu hadisələrə şahid olmaq, o tarixi günləri yaşamaq tamamilə ayrı bir hissdir. Çünki biz illər öncə bu torpaqlardan məğlub ayrılmışdıq”. 
Həyatını riskə atdığını bildiyini deyən Ş. Qebeyev bir neçə dəfə top atəşinə məruz qaldıqlarını diqqətə çatdırdı: “Biz ön cəbhəyə belə gedirdik. Təbii ki, bunun nə qədər riskli olduğunu çox gözəl başa düşürdüm. Faktiki olaraq Ağdərə və Qubadlıda iki dəfə düşmənin atəşi altına düşsək də ölümdən xilas ola bildik. Maşınımızı top atəşinə tutmuşdular. Qubadlıya gedərkən qarşımızdakı iki maşını vurdular. Buna görə də biz Qubadlının mərkəzinə gedə bilməyərək geri qayıtmağa məcbur olduq”. 
Qeyd edək ki, Şamil Qebeyev müharibə müddətində cəbhəyə 40 min manatlıq ərzaq və digər təminat yardımı aparıb. 
Taleh Bağırov, “İki sahil”