14 may 2026 13:54
95

“Azexport” portalı “Farm2Tour” layihəsində təmsil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov aqroturizm sahəsində mövcud problemlərin innovativ həllinə yönəlmiş “Farm2Tour” layihəsi çərçivəsində gənclərə təlim keçib. O, aqroturizm iştirakçılarının qlobal dəyər zəncirinə qoşulması, eləcə də yaradıcı mədəniyyət sənayesi və yerli aqro-məhsulların xarici bazarlara ixracı yolları barədə ətraflı məlumat verib. Sessiyada aqrar sektorun qlobal bazarlara inteqrasiyası üçün “Alibaba”, “Amazon” və “eBay” kimi beynəlxalq e-ticarət platformalarından istifadə və müasir rəqəmsal satış həlləri gənclərin diqqətinə çatdırılıb.

“İki sahil” xəbər verir ki, “Farm2Tour” layihəsi Gənclər və İdman Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, İİTKM-in “Enterprise Azerbaijan” portalı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “Azmaş Lizinq” MMC-nin tərəfdaşlığı, həmçinin Aqrar İnkişaf Könüllüləri Təşkilatının təşkilatçılığı ilə həyata keçirilir. Məqsəd süni intellekt əsaslı rəqəmsal həllər vasitəsilə kənd təsərrüfatı və turizm sahələrini birləşdirən yeni ideyaların hazırlanmasını təşviq etməkdir.

Layihə çərçivəsində iştirakçılar əvvəlcə xüsusi təlimlərə cəlb olunur. Sonra onlar komandalara bölünərək mentor dəstəyi ilə 36 saat davam edən intensiv hakatonda iştirak edəcəklər. Seçilən ən uğurlu layihələr inkubasiya mərhələsinə yönləndiriləcək. Eyni zamanda startap potensialı olan ideyalar “Enterprise Azerbaijan” portalı tərəfindən “Startap School 4” proqramına daxil edilərək beynəlxalq ekosistemə çıxış imkanı əldə edəcəklər.