07 mart 2021 21:43
1130

Güclü külək bir sıra fəsadlar yaradıb - FOTO/VİDEO

Bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində, xüsusilə də Abşeron yarımadasında güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN)  Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı, paytaxt Bakı şəhərində müxtəlif ünvanlarda güclü külək səbəbindən insan həyatı və sağlamlığı üçün yaranmış təhlükəli hallarla bağlı FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin müvafiq qəza-xilasetmə qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb. Belə ki, daxil olmuş zənglər əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi və Nərimanov rayonu, Həsənoğlu küçəsində beşmərtəbəli binaların dam örtüklərində asılı vəziyyətdə qalmış dəmir parçalarının kənarlaşdırılması və ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, habelə Binəqədi rayonu, 3-cü Mədən küçəsində obyektdə yaranmış təhlükəli vəziyyətin aradan qaldırılması təmin olunub.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edir.