Vətən müharibəsi parlaq qələbə ilə bitsə də torpaqların alınması uğrunda canından keçərək şəhidlik məqamına yüksələn əsgər analarının göz yaşı qurumur. Hər bir ölüm ağır, acı itki olsa da övlad ölümü daha ağırdır deyirlər. Lakin hər kəs kimi, şəhid anaları da yaxşı bilirlər ki, torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda isə Vətən olur. Vətən bizin hər şeyimizdir, ən uca, ən ali yerdədir, qeyrətimiz, namusumuz, kimliyimiz, tariximiz və gələcəyimizdir. Şəhidlər məhz bu yolda canlarından keçiblər, nə ediblərsə bizlər üçün, xalq üçün, Vətən üçün ediblər. Elə şəhid analarının da ən böyük təsəllisi, ürəklərinə az da olsa su səpən budur. Çünki bugünki və gələcək nəsil onlara hər zaman sonsuz minnətdar olmaqla son nəfəsinə kimi qəlbində yaşadıb yad edəcək. “İki sahil” bu gün belə qəhrəman şəhidlərdən biri, Balakən rayonunun Qaysa kəndində dünyaya göz açan, milliyətcə avar Əsdiyev Heybullah Məzahir oğlunun şəhidlik hekayəsini təqdim edir.
Əsdiyev Heybullah Məzahir oğlu 1993-ci il oktyabrın 14-də doğulub. Heybullah orta məktəbi bitirdikdən sonra Milli Orduda həqiqi hərbi xidmətdə olub. Əsgərliyini başa vurduqdan sonra isə atası və qardaşı ilə birlikdə kənddə usta kimi işləməyə başlayıb. Sentyabrın 22-dən Vətən müharibəsində iştirak etmək üçün təlimə yollanıb, kəşfiyyatçı kimi Suqovuşan və bir sıra ətraf yüksəkliklərin alınmasında fəal iştirak edib.
Sonra başa düşdüm ki, oğlum mənimlə halallaşmaq istəyirmiş
Şəhidin anası Nəzakət Əsdiyeva bildirdi ki, sentyabrın 21-i axşam saatlarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən Rayon Hərbi Şöbəsindən zəng edərək oğlunu təlimə çağırıblar: “Ertəsi gün Heybullah təlim bölgəsinə yola düşdü, 27-dən isə Suqovuşan istiqamətində döyüşlərə başladı. Döyüş yoldaşları deyir ki, qəhrəmancasına, ürəklə, Vətən sevgisi ilə düşmənə qarşı mübarizə aparıb. Elə ilk gündən könüllü olaraq kəşfiyyatda fəaliyyət göstərib. Müharibə başlayandan dörd gün sonra danışdı bizimlə, amma döyüşlərdə olduğunu son günə kimi demədi, hər danışanda deyirdi biz arxadayıq, təlim keçirik. Oktyabrın 12-də yenə zəng edib yarım saat danışdı. Ertəsi gün səhər saatlarında bir də zəng etdi, dedi ki, ana, biz dağa təlimə gedirik ola bilsin bir müddət zəng edə bilməyim. Sonra soruşdu ki, təzə-köhnə nə xəbər var? Bu sualı üç dəfə təkrar-təkrar verdi. Onun səsini eşidəndə hər şey yadımdan çıxırdı, ona görə dedim mənim üçün sənin səsini eşitməkdən təzə nə ola bilər? Hər şey yaxşıdır, bircə səndən narahatıq, özünü qoru, ehtiyatlı ol! Bu, oğlumun mənimlə son danışığı oldu. O sözləri hələ də qulaqlarımdan getmir. Nəsə soruşmaq, ya da mənimlə hallalaşmaq istəyirdi. Danışanda başa düşməmişdim. Şəhid olandan sonra başa düşdüm ki, oğlum mənimlə halallaşmaq istəyirmiş.
Doğum günündə şəhid olubmuş
Ayın 14-ü ad günü idi, çox gözlədim, amma zəng etmədi. Özümə yer tapa bilmirdim, çünki harda olsa ad günündə mütləq zəng etməli idi. İki gün sonra şəhid olması xəbərini aldıq, özünün doğum günündə, ayın 14-də şəhid olubmuş. Sanki o an oğlumla birlikdə mən də öldüm...
Oğluma nə olurdusa sol tərəfdən olurdu
Oğluma nə olurdusa sol tərəfdən olurdu. 2020-ci ilin yanvarında sol cinahında körpücük sümüyü çıxmışdı. Gəncədə əməliyyat olundu, iki ay yatılı müalicə aldı. Bundan da əvvəl sol ayağı sınmışdı, daha əvvəl isə yenə sol qol sümüyü çatlamışdı, bir dəfə də sol barmağı çıxmışdı. Sonuncu qəlpələr də elə sol tərəfindən ürəyinə tuş gəldi”.
Bir neçə dəqiqədən sonra bütün kənd camaatı küçəyə axışdı
Şəhidin atası Məzahir Əsdiyev bildirdi ki, oğlunun şəhid olmasından cənazə kəndə gətirilən gün xəbər tutublar: “Kənddə tikinti sahəsi üzrə usta işləyirəm. Oktyabrın 14-ü oğlumun ad günü idi, çox gözlədik amma ondan zəng gəlmədi, ad günündə mütləq zəng etməli idi, narahat idik. Ayın 16-sı işdən evə yenicə gəlmişdim ki, iş yoldaşım zəng edib görüşmək istədiyini dedi. Görüşəndə gördüm ki, qardaşım da yanındadır. Dedilər ki, Heybullah şəhid olub, hazırda cənazəsi rayona gətirilir. Bir neçə dəqiqədən sonra bütün kənd camaatı, polis, icra nümayəndələri, həkim, molla və sair küçəyə axışdılar. Şəhid olmağını qardaşım elə həmin gün bilib, öz oğlunu Bərdəyə meyitə baxıb dəqiqləşdirmək üçün göndərib. Meyitin Heybullaha aid olduğunu dəqiq bilənə kimi də bizə heç bir söz deməyiblər. Qardaşım oğlu bildirir ki, Heybullahın bədəni sağlam olub, sadəcə iki minamyot qəlpəsi sol qolunun altından girərək ürəyinə dəyib.
Heç bir şəhid və yaralımızı neytral mövqeydə qoymayıb
Çox mərd, fiziki cəhətdən möhkəm oğlan idi. Silahdaşları bildirirlər ki, şəhid olan günə kimi bir neçə yaralı yoldaşını döyüş meydanından çıxararaq tibb məntəqəsinə çatdırıb, heç bir şəhid və yaralımızı neytral mövqeydə qoymayıb. Silahdaşları ondan qürurla danışırlar. Hər zaman öndə olduğunu deyirlər. Oğlumla fəxr edirəm, övlad acısı nə qədər ağır olsa da bilirəm ki, şəhidlikdən şərəfli ölüm ola bilməz. Şəhidlik ölümlərin ən şərəflisidir. Allah xalqımıza səbir versin, bütün şəhidlərə rəhmət etsin, yerləri cənnət olsun”.
Taleh Bağırov, “İki sahil”