03 mart 2021 16:25
3351

Zaqatalalı qazi: Maşının altına girib kəlmeyi şəhadətimi dedim - FOTO/VİDEO

Koronavirus pandemiyasına baxmayaraq ötən il sözsüz ki, hər bir azərbaycanlı üçün unudulmayacaq zəfər ili kimi tarixə həkk olundu. Azərbaycan 44 gün davam edən haqq davasında öz tarixi torpaqlarını, Qarabağı düşmən işğalından azad etdi. Əlbəttə ki, bu sevinci bizlərə yaşadan rəşadətli ordumuzun cəsur əsgərləri oldu. Şəhid olsalar da, yaralansalar da onlar son ana kimi düşmənlə mərdcəsinə vuruşdular. Təbii ki, hər bir azərbaycanlı könüllü olaraq Vətənin harayına yetmək üçün can atırdı. Hətta bəziləri cəbhəyə getmək üçün bir neçə dəfə müraciət belə edirdi. “İki sahil” belə könüllülərdən biri, üçüncü müraciətindən sonra cəbhəyə yollanan Zaqatala rayon sakini Şahin Səfərovun döyüş yolunu təqdim edir. 

Səfərov Şahin Şəmsəddin oğlu  1989-cu ildə Zaqatala rayonunun Gözbarax kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra bir müddət Rusiya Federasiyasında yaşayıb. Sonra isə doğma kəndinə gələrək təsərrüfat işləri ilə məşğul olub. İkinci Qarabağ müharibəsi başlayanda isə valideynlərinin razılığını alaraq cəbhəyə könüllü olaraq yollanıb. 

Cəbhəyə getmək üçün 3 dəfə müraciət etdim

Müharibənin ilk günlərindən cəbhəyə getmək üçün müraciət edən Şahin heç bir cavab gəlmədiyini gördükdə ikinci dəfə müraciət edib: “Müharibənin ilk günlərindən cəbhəyə getmək üçün müraciət etdim. Mən də digər soydaşlarımız kimi Vətənin harayına yetmək üçün tələsirdim. Lakin çağırmadılar, buna görə ikinci dəfə müraciət etdim. Yenə çağırmadılar, “Atalar üçdən deyib” fikrilə oktyabrın 23-də üçüncü dəfə müraciət etdim. Nəhayət, bu dəfə müraciətimi qəbul etdilər. Dərhal hazırlaşıb yola düşdüm.

Hərbi biletimi və şəxsiyyət vəsiqəmi gizlətmişdilər

Evin tək oğlu və ailəli olduğum üçün valideynlərim könüllü getməyimi istəmirdilər. Deyirdilər ki, çağırış olsa gedərsən, ailəlisən iki övladın var, könüllü getmə. Hətta hərbi biletimi və şəxsiyyət vəsiqəmi gizlətmişdilər. Amma mən getməkdə qərarlı idim, valideynlərimlə danışıb bildirdim ki, onsuz da kənddə işləyirəm. Evimiz Zaqatala-Balakən avtomobil yolunun yaxınlığındadır, yəni yol kənarında oluram, maşınlar sürətlə şütüyür bu yolda. Əgər qismətimdə ölüm varsa burda da olacaq, orda da. Daha yaxşı olar ki, torpaqlarımızın azadlığı uğrunda, Vətənin müdafiəsi üçün şəhid olum. Nəhayət ki, razılaşdılar, xeyir-dua verdilər. Yoldaşım və uşaqlarımla da danışıb halallıq aldım. Evdəkilərin halallığını almaq vacib idi, əgər başıma bir hadisə gəlsə deməsinlər ki, razılıq verməmişdik.

Bütün ərzaq, sursat və digər təminat o bazaya gəlirdi

Ayın 23-də Ağcabədi rayonunda yerləşən toplanma məntəqəsinə, noyabrın 2-də də Füzuliyə getdik. Sonra isə Xocavənddəki yerləşmə bazası var idi, artıq ora sırf döyüş bölgəsi idi, biz də orada qərarlaşdıq. Bütün ərzaq, sursat və digər təminat o bazaya gəlirdi, oradan da paylaşdırılırdı, həmçinin də Şuşaya göndərilirdi. Döyüşlərdə ümumiyyətlə, 6 gün oldum. Füzuli rayonuna çatanda müharibənin nə olduğunu anlamağa başladım. Sözlə ifadə etmək çox çətindir. Hər tərəfdən bomba, minomyot atılırdı. 30 il ərzində ermənilər mərhələli şəkildə istehkam, yeraltı bunkerlər, gizli və möhkəm sığınacaqlar yarada bilmişdilər.

Şuşanın zirvəsini fəth etmək əmri gəlmişdi

Şuşanın zirvəsini fəth etmək əmri gəlmişdi, 2800 metrəyə yaxın hündürlük idi, oranı almalı idik. O əməliyyata mən də gedəcəkdim. Mərmi yükləmək üçün maşın gəlmişdi, sonra digər hazırlıqları da edib əməliyyata başlayacaqdıq. Maşın gələn zaman biz bir neçə yoldaşla yağışdan qorunmaq üçün ağaclardan sığınacaq düzəldirdik. Məndən 3-4 metr aralıda Əmrah Əliyev adlı yoldaşım isə silahını təmizləyirdi.

Özümdən asılı olmayaraq mən də qışqırmağa başladım

Sakitlik və isti olduğu üçün qoruyucu jilet və kaskanı çıxarmışdıq. O anda birdən artilleriya səsi gəldi, yanımıza minomyot düşdü, hər yer qaraldı, toz-duman qalxdı. Bir anlıq elə bildim ki, sifətim od tutub yanır. Ətrafa baxanda gördüm ki, Əmhar üzü üstə uzanmış vəziyyətdədir. Yanına getmək istəyəndə öz qolumun cinahımdan sallandığını gördüm. Heç bir şey edə bilmirdim, hər tərəfdən səslər gəlirdi, özümdən asılı olmayaraq mən də qışqırmağa başladım. Sonra özümdə güc taparaq Əmrahın yanına getdim, o, tərpənmirdi, artıq şəhid olmuşdu. Mən də daxil olmaqla 7 nəfər isə yaralanmışdı. Ermənilər yenə minomyot atırdılar. Bir az aralıda yük maşını var idi, birtəhər gedib altına girdim. Nəfəsim kəsilirdi, hər yerim qan idi, ailəmi Allaha əmanət edib, kəlmeyi şəhadətimi dedim.

Füzuliyə çatana qədər üç litr qan itirmişdim

Bir müddət orada o vəziyyətdə qaldım, sonra yoldaşlarım köməyə gəldilər. Məni oradan çıxarıb tibb maşınına apardılar. Maşına minəndən sonra morfi vurdular, ağrı kəsmədi, dedim birini də vurun. Ziyan olar deyə heç kim vurmaq istəmədi, onlardan alıb ikincini özüm vurdum. Füzuliyə çatana qədər üç litr qan itirmişdim. Sağ olsunlar, həkimlər tez müdaxilə etdərək qanaxmanı saxladılar. Sonra əməliyyat edəcəkdilər. Elə bildim qolumu kəsəcəklər. Buna görə də əməliyyat həkimini çağırıb danışdım. Barmaqlarımı tərpədə bildiyimi deyərək qolumu kəsməməsini bildirdim. Sağ olsun, həkim də əlindən gələni edərək qolumu amputasiya etmədi. Əməliyyatdan dərhal sonra gecəyikən Bakıdakı hərbi hospitala gətirdilər. Qəlpə dəyən yerləri əməliyyat edib, oradan da Tibbi Cərrahiyyə Kilinikasına apardılar. Qəlpələrdən biri aorta damarın bir millimetr məsafəsində qalmışdı, digər qəlpə də ayaq nahiyəmdə idi. Sinəmdəki qəpəni çıxardılar, amma ayağımdakı qəlpə hələ də qalır.

Cinahım yenidən əməliyyat olunmalıdır

Bakıya gəldikdən sonra qaynıma zəng edib yaralandığımı dedim. Sonra ailəmlə danışdım, amma onlara bu barədə heç bir söz demədim. Ertəsi gün danışanda xəstəxanada yaralı olduğumu, vəziyyətimin də yaxşı olduğunu bildirdim. Hazırda cinah nayihəmdə müəyyən problem var. Sonuncu dəfə həkimlər rentgen edəndə cinahımın yerində düzgün olmadığını bildirdilər. gilizarov aparatı çıxmalı, cinahım yenidən əməliyyat olunmalıdır”.

Taleh Bağırov, “İki sahil”