Ölkəmizdə icbari tibbi sığortanın əsasları hələ 1999-cu ildə qəbul edilmiş “Tibbi sığorta haqqında” Qanunla qoyulsa da, onun ölkə üzrə tətbiqinə bu ildən başlanılır. Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında icbari tibbi sığorta ötən ildən tətbiq edilir. Bu ilin yanvarın 1-dən daha 36 şəhər və rayon icbari tibbi sığorta sisteminə qoşulub. Bakı, Sumqayıt və Abşeronda isə icbari tibbi sığortanın tətbiqinə aprelin 1-dən başlanılacaq. Bu tarixdən etibarən, həmçinin Xankəndi, Qubadlı, Zəngilan və Şuşanın əhalisi də icbari tibbi sığorta ilə əhatə olunacaq.
İcbari tibbi sığorta haqqına gəlincə, 1 yanvar 2021-ci il tarixindən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılır. Maraqlıdır ki, icbari tibbi sığortanın tətbiqi bölgələr üzrə mərhələlərlə həyata keçirilsə də, ödənişlərin toplanmasına eyni vaxtda start verilib. Məsələn, ölkə əhalisinin əsas hissəsinin cəmləşdiyi Bakı, Sumqayıt və Abşeronda yanvar ayından icbari tibbi sığorta haqqı toplanılmasına baxmayaraq, aprel ayından etibarən ondan yararlanmaq mümkün olacaq.
Eyni zamanda, icbari tibbi sığorta haqlarının məbləği dövlət və neft sektoru, qeyri-dövlət və qeyri-neft sektoru, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə fərqlidir. Məsələn, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən ayrı-ayrılıqda aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edildiyini nəzərə alaraq, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən ayrı-ayrılıqda aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0.5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən hər birindən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub. Eyni zamanda, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəcəyəklər. Həmçinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib. Rəsmi statistikaya görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqının 704,5 manat olmasını nəzərə alanda, daha çox icbari tibbi sığorta haqqının dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlar üzrə toplanılacağını demək mümkündür.
Digər şəxslərin icbari tibbi sığorta haqqı isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Belə ki, həm qeyd olunan əhali kateqoriyaları, həm də digər şəxslər üzrə dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqı ayrılır. Dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqının 2020 və 2021-ci illərdə mərhələli şəkildə ödənilməsi nəzərdə tutulub. Sığorta haqqının adambaşına məbləği ötən il 90 manat, 2021-ci ilin yanvar ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat + 90 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi, 2021-ci ilin aprel ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat + 67,5 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi müəyyən edilib. Bu o deməkdir ki, 2020-ci il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi 3 faiz təşkil edərsə, 2021-ci ilin yanvar ayından etibarən icbari tibbi sığortanın tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə adambaşına sığorta haqqı 92,70 manat (90 manat + 90 manat x 3%), 2021-ci ilin aprel ayından etibarən icbari tibbi sığortanın tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 69,53 manat (67,5 manat + 67,5 manat x 3%) təşkil edəcək.
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə gəlincə isə buraya 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Buraya ilkin səhiyyə, təcili və təxirəsalınmaz tibbi yardım, ixtisaslaşdırılmış ambulator yardım, laboratoriya, fizioterapiya, invaziv radiologiya, stasionar tibbi xidmətlər aiddir. Həmin xidmətlərin sırasında stasionar terapevtik xidmətlər 3500-dən artıq diaqnoz əhatə etməklə, hətta miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər ürək-damar xəstəliklərinin, sеrеbrоvаskulyаr хəstəliklərin, mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin, infeksion və parazitar xəstəliklərin müalicəsi, travmalar, yanıqlar, zəhərlənmələr zamanı sığortaolunanların müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcək. Əlavə olaraq hamiləlik, doğuş və zahılıq dövründə müayinə və müalicə icbari tibbi sığorta təminatına daxildir.
Xidmətlər Zərfinə, həmçinin 1100-dən çox cərrahi əməliyyat salınıb. Həmin əməliyyatlar sırasına koxlear implantasiya əməliyyatı, oynaq endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anevrizma əməliyyatları, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcədə minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları (koronar stentlərin taxılması) daxildir. Bahalı əməliyyatlar sırasında, həmçinin kifayət qədər geniş sayda oftalmoloji, travmatoloji, uroloji və neyrocərrahiyə əməliyyatları var.
Tibbi göstərişə əsasən vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində, həmin tibb müəssisələrində xidmətin göstərilməsi mümkün olmadıqda isə müqaviləli tibb müəssisələrində göndəriş əsasında göstərilir. Tibbi xidmətlərə göndəriş vərəqəsi TƏBİB-in tabeliyindəki tibb müəssisəsi tərəfindən verilir. Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri Xidmətlər Zərfinə daxildir. Ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri isə Xidmətlər Zərfi ilə təminata aid deyil.
.