Xalq arasında belə bir deyim də var: Qarabağda qundaqdakı körpələr də muğamat üstə ağlayır. Bəlkə də bu, Qarabağ torpağının ab-havasındandır, suyundan, təbiətindəndir, meşələrinin ətrindəndir, bulaqlarının zümzüməli nəğməsindəndir. Dillər əzbəri olan məşhur bir misrada deyildiyi kimi: “Külli Qarabağın abi-həyatı, nərmə-nazik bayatıdır, bayatı.
Bu da danılmaz bir həqiqətdir ki, bu torpaq Azərbaycan musiqisinə dahilər bəxş edib. Əlbəttə ki, onların hamısının yalnız adının sadalanması neçə-neçə səhifəyə sığmaz. Onlar haqqında nə qədər kitablar yazılıb, adları dillər əzbəridir.
"Qarabağ Qafqazın konservatoriyasıdır." Bu ifadənin kimə məxsus olmasını və ilk dəfə nə vaxt işlədildiyini araşdırmağa gərək yoxdur. Ən əsası odur ki, bu deyim Qarabağ torpağının əsl musiqi ocağı, incəsənət mərkəzi olduğunu bizə çatdırır. Bu da nəsil-nəsil yetişən peşəkar musiqiçilərdən xəbər verir, bu musiqi ocağının Azərbaycan mədəniyyətində tutduğu yeri aydınlaşdırır. Eyni zamanda, bu torpağın yetişdirdiyi musiqiçilərin, incəsənət xadimlərinin bütün Qafqazda böyük şöhrət qazandığını və musiqi mədəniyyətinin inkişafında mühüm rol oynadığını sübut edir.
Qarabağın ürəyi-Şuşa özünün təkcə füsunkar təbiəti və gözəl mənzərələri ilə deyil, həm də Azərbaycanın vokal məktəbinin beşiyi kimi bütün dünyada məşhurdur. Təsadüfi deyildir ki, Şuşaya həm də istedadlar məskəni deyərdilər. Cəsarətlə demək olar ki, Şuşanın verdiyi musiqi istedadlarını dünyanın heç bir ölkəsi verməyib. Şuşa Xurşid banu Natəvanın, Mir Möhsün Nəvvabın, ifaçılardan Xarrat Qulunun, Sadıqcanın, Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Rəşid Behbudovun, Qurban Pirimovun, bəstəkarlardan Üzeyir Hacıbəylinin, Zülfüqar Hacıbəyovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəylinin vətənidir. Bu, hələ Şuşa musiqiçilərinin tam siyahısı deyil. Şöhrəti Vətənimizin hüdudlarını aşmış Qarabağ musiqiçiləri xalqımızın əsrlər boyu inkişaf etmiş musiqi ənənələrini yaşadırdılar.
Xüsusilə də onu vurğulamaq lazımdır ki, Azərbaycan professional vokal məktəbinin banisi Bülbül Azərbaycanın vokal sənətini yorulmadan bütün şüurlu yaradıcılıq həyatı dövründə təbliğ edib. Qarabağın göz bəbəyi sayılan Şuşada yaşayıb yaratmış Bülbül ecazkar səsi ilə hamını heyran qoyan, öz şaqraq zəngulələri ilə bülbülləri susduran və buna görə də xalq tərəfindən Bülbül adlandırılan sənətkarın əsl adı Murtuza Məşədi Rza oğlu Məmmədov olsa da, Azərbaycanda və onun hüdudlarından çox-çox uzaqlarda elə Bülbül kimi tanınmışdı. O, 1897-ci ildə Şuşada anadan olmuş və bu şəhərin ab-havası, sözlü-nəğməli, muğamla nəfəs alan mühiti onun sənətkarlığı üçün bəhrəli zəmin olmuşdur. O, ilk təhsilini də burada mədrəsədə almış, bir çox ustad xanəndələrin ilk musiqi biliyinə yiyələndiyi bir ocaqda – Molla İbrahimin məktəbində muğam sənətinin qanun-qaydalarını öyrənib. Xüsusilə görkəmli xanəndə Cabbar Qaryağdı oğlundan o, sənətin bir çox sirlərini əxz edib. Xalqın sevimlisinə çevrilmiş gənc Bülbülün şöhrəti doğma yurdunun sərhədlərini aşıb, professional xanəndə kimi o, ilk Azərbaycan operalarında da çıxış edib.
Bülbül daim öz sənətini təkmilləşdirməyə çalışırdı. Buna görə də o, 1921-ci ildə təşkil olunmuş Azərbaycan Dövlət Konservatoriyasında ilk azərbaycanlı tələbə kimi vokal təhsili alır. Azəraycan müğənnilərinin böyük bir nəslinin yetişməsində Bülbülün xidmətləri əvəzsizdir. Ümumiyyətlə, Bülbül bir çox bəstəkarları xalq üçün yeni əsərlər yazmağa ruhlandırmışdır. Məsələn, Fikrət Əmirov dönə-dönə qeyd edirdi ki, onu simfonik muğamları yaratmağa məhz Bülbül sövq etmişdi. F.Əmirov Bülbülü Azərbaycan musiqisi haqqında "dərin, mənalı bir kitaba" bənzədərək yazırdı ki, "Azərbaycan musiqisini həm sevməkdə, həm də sevdirməkdə böyük müğənnümiz Bülbülə çatmaq çox çətindir. Bunun üçün gərək Azərbaycan torpağının Bülbülü olasan.” Bəli, Bülbülün qüdrəti onun sənətinin xəlqiliyində idi. Xalqımız öz qüdrətli sənətkarını – Şuşa torpağının yetirməsi olan, yüksək zirvələri fəth etsə də öz yurddaşlarını yaddan çıxarmayaraq son konsertlərini də Şuşada vermiş və ruhu bəlkə bu gün də Şuşanı dolaşan Bülbülün adını, sənətini yaşadır. Azərbaycan xalqı yaşadıqca, Bülbül də yaşayacaqdır. Bu gün yazımın sonluğunu əbəs yerə Bülbülə bitirmirəm Çox təəssüf ki, erməni vandalları bizim Bülbülün Şuşadakı Ev Muzeyini məhv edərək xarabalığa çevrib. Amma eybi yox, Biz yenidən Şuşaya qayıdırıq. Bülbül yaşadığı evi əsl cənnətə çevirəcəyik.
Ruhiyyə İsrafilova, İTV-nin əməkdaşı