30 aprel 2026 15:33
202

“Süni intellektin dövlət idarəçiliyində yeri və rolu: dünya və Azərbaycan təcrübəsi” - DİA-da bu mövzuda ümumrespublika elmi-praktiki konfrans keçirilib

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Politologiya və siyasi idarəetmə” və “İntellektual Sistemlərin  İdarə olunması” kafedralarının birgə təşkilatçılığı ilə “Süni intellektin dövlət idarəçiliyində yeri və rolu: dünya və Azərbaycan təcrübəsi” mövzusunda ümumrespublika elmi-praktiki konfrans keçirilmişdir.

“İki sahil” xəbər verir ki, konfransın açılışında giriş sözü ilə çıxış edən Akademiyanın rektoru, akademik Urxan Ələkbərov süni intellekt texnologiyalarının müasir dövlət idarəçiliyində artan rolundan bəhs edərək, rəqəmsal transformasiya proseslərinin idarəetmədə səmərəliliyin yüksəldilməsinə, şəffaflığın təmin olunmasına və qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsinə mühüm töhfə verdiyini vurğulamışdır.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev süni intellekt texnologiyalarının iqtisadiyyatın müxtəlif sahələrində innovativ inkişafı stimullaşdırdığını, biznes mühitinin təkmilləşdirilməsinə və dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına töhfə verdiyini bildirmişlər. Eyni zamanda, onlar bu texnologiyaların milli təhlükəsizlik, risklərin idarə olunması və strateji qərarların qəbulunda mühüm rol oynadığını vurğulayaraq, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi uğurlu islahatların və rəqəmsallaşma siyasətinin ölkəni regionda qabaqcıl mövqeyə yüksəltdiyini qeyd etmişlər.

Konfrans çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, professor Elvin Əzizbəyov, f.e.d., professor Nigar Ələkbərova, “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”nin direktor müavini Soltan Bayramov, s.e.f.d., Perspektiv Siyasətin Texnologiyaları İctimai Birliyinin  sədri Rufiz Qonaqov mövzu ətrafında məruzələrlə çıxış etmişlər. Onlar süni intellektin dövlət idarəçiliyində tətbiqi, rəqəmsal hökumət modellərinin inkişafı, innovativ idarəetmə yanaşmaları, kibertəhlükəsizlik məsələləri və hüquqi tənzimləmə mexanizmləri barədə geniş fikir mübadiləsi aparmışlar.

Qeyd olunmuşdur ki, süni intellekt texnologiyalarının dövlət idarəçiliyində tətbiqi yalnız texnoloji yenilik deyil, eyni zamanda idarəetmə fəlsəfəsinin transformasiyası kimi qiymətləndirilməlidir. Bu istiqamətdə Azərbaycan Respublikasında həyata keçirilən islahatlar, strateji yol xəritələri və rəqəmsallaşma təşəbbüsləri ölkənin qlobal çağırışlara adekvat cavab vermək imkanlarını genişləndirir.

Sonda konfrans iştirakçıları tərəfindən mövzu ilə bağlı təkliflər səsləndirilmiş, konfrans bölmə iclasları ilə davam etmişdir.