14 oktyabr 2020 18:08
1620

“Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü”

“Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” üzrə İcra Komitəsinin ilk iclası keçirilib

Oktyabrın 14-də CEPI üzrə (Caspian Environmental Protection Initiative - “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü”) İcra Komitəsinin sədri, SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin rəhbərliyi ilə üzv şirkətlərin ilk iclası keçirilib.

İclasda gündəlikdə duran məsələlərə baxılıb, 2021-ci il üçün iş planı müzakirə olunaraq təsdiqlənib və layihə koordinatoru seçilib. Bundan başqa, CEPI-nin strategiyasına uyğun olaraq, SOCAR-ın Xəzər regionunda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə yeni layihə ideyası nəzərdən keçirilib və iş planına daxil edilib.

Bundan başqa, 2021-ci ildə “Net Zero” (xalis sıfır) məqsədlərini təşviq etmək və geniş ictimaiyyətə ətraf mühitin qorunması istiqamətində davamlı olaraq məlumatların çatdırılması üçün tədbirlərin və treyninqlərin təşkil olunmasına dair razılıq əldə edilib. 

Qeyd edək ki, Azərbaycan BMT-nin iqlim dəyişikliklərinə dair Çərçivə Konvensiyasına üzv dövlətlərin 21-ci konfransında qəbul olunan Paris Sazişini imzalayaraq istixana qazlarını azaltmaq və ekoloji cəhətdən davamlı gələcəyə yol açmaq niyyətini geniş beynəlxalq ictimaiyyətə göstərib.

Paris sazişindən irəli gələn hədəfləri həyata keçirmək üçün SOCAR ətraf mühitin təhlükəsizliyi və resurslardan səmərəli istifadə edilməsi, karbon intensivliyinin azaldılması və bölgənin davamlı inkişafının təmin edilməsi istiqamətində ən qabaqcıl ekoloji tədbirləri və həll yollarını davamlı olaraq tətbiq edir.

Həmçinin Xəzər regionunun ekoloji tarazlığına təhlükə yaradan iqlim dəyişikliyi ilə mübarizə aparmaq, istixana qazlarının emissiyasını və ətraf mühitə atılan zərərli maddələrin qarşısını almaq üçün birgə proaktiv addımların atılması zəruridir. Bu səbəbdən  SOCAR, “KazMunayGaz”, BP, “Equinor Abşeron AS”, “Total E&P Absheron B.V.” şirkətlərinin təsisçiliyi ilə CEPI adlı səmərəli və müstəqil fəaliyyət göstərən regional Təşəbbüs Qrupu yaradılıb.

Eyni zamanda, cari ilin sentyabr ayının 14-də “Ekopark: Ekoloji Tədqiqatlar Mərkəzi”ndə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “KazMunayGas” şirkətinin idarə heyətinin sədri Alik Aidarbayev, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz,  “Equinor Abşeron AS” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Favad Qureyşi, “Total E&P Absheron B.V.” şirkətinin idarəedici direktoru Regis Aqut tərəfindən CEPI üzrə anlaşma memorandumu imzalanıb.

Ceyhun Piriyev, “İki sahil”