«Artıq layihəçilərimiz işğaldan azad edilən və ediləcək rayonların qazlaşma planlarını nəzərdən keçirirlər»
Sentyabrın 27-də Ermənistan hərbi qüvvələrinin işğal altındakı Azərbaycan torpaqlarından ölkəmizə qarşı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları bu gün də böyük qələbələrlə davam edir. 11 gün ərzində bir rayon mərkəzini, bir qəsəbəni və 32 kəndi azad etmək ancaq müzəffər ordunun uğuru ola bilər. Hətta bu uğurdan Ermənistan siyasi rəhbərliyi nəinki qorxdu, eyni zamanda, hərbi birləşmələrimizin gücünü etiraf etməyə başladı.
Bir məsələni də vurğulamaq lazımdır ki, Azərbaycan Ordusunun qüdrətini indi xarici ölkələrin hərbi ekspertləri də etiraf edirlər. Onların qənaətincə, müzəffər ordumuz ən müasir hərbi texnika ilə bərabər, ən müasir hərbi taktika ilə də fərqlənir. Məhz bunun nəticəsidir ki, 30 ilə yaxındır işğal altında saxladıqları Azərbaycan torpaqlarında ən güclü müdafiə sistemi quran ermənilərin (bu sistemi Ermənistanın keçmiş müdafiə naziri Ohanyan qurduğu üçün onu «Ohanyan səddi» adlandırırdılar) müdafiəsi asanlıqla qırıldı. Hətta onlardan əldə edilən hərbi qənimət də kifayət qədər çoxdur.
Təbii ki, hərb meydanında uduzan Ermənistanın hərbi-siyasi rəhbərliyi öz barbar xislətlərinə sadiq qalaraq mülki əhalimizi və cəbhə xəttinə yaxın infrastrukturları vurmağa başlayıblar. Bununla da onlar çalışırlar ki, cəbhə xəttindəki əhali öz doğma yurd-yuvalarını tərk etsinlər.
Ancaq bütün bunlara rəğmən cəbhəyanı rayonların qaz təsərrüfatı öz xidmətini həmişəki qaydada uğurla davam etdirir. Belə ki, SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində ( İB) müharibə şəraitinə uyğun yeni iş rejimi quruldu. Xüsusilə növbəlilik tərtib olunmaqla Qərargah yaradıldı. Bu gün sutkanın 24 saatı ərzində Birlik mütəmadi olaraq cəbhə zonasındakı rayonların xidmət sahələrindən məlumatlar əldə edir, müvafiq tədbirlərin görülməsi barədə qərarlar verilir. «Azəriqaz» İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev «İki sahil»ə açıqlamasında deyir ki, belə bir dönəmdəbiz üzərimizə düşən məsuliyyəti yaxşı dərk edirik və bu haqq işində dövlətimizə, Prezidentimizə dəstək olmağa çalışırlar: «Döyüşlər başlayan anda bəzi yerlərdə qaz təchizatını tamamilə dayandırmağa məcbur olduq. Elə indi də bəzi yerlər var ki, məsələn, Tərtər rayonu, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi sentyabrın 27-dən qazla təchiz olunmur. Bunlar hamısı təhlükəsizlik tədbirləri ilə bağlıdır. Özünüz görürsünüz ki, ordumuz qarşısında tab gətirməyən düşmən dinc insanları, mülki obyektləri nişan alır. Belə olan halda qaz təchizatı da əvvəlki qaydada davam etsə, ciddi fəsadlar yarana bilər. Ona görə də Qərargahımız bu məsələyə diqqətli və olduqca həssas yanaşır. Bizim döyüş zonasında hər bir əməkdaşımız artıq özünü elə döyüşçü kimi hiss edir. Onlar əsgərlərimizə, sakinlərə dəstək göstərmək, öz xidməti vəzifələrini qüsursuz icra etməklə onların yanında olmağa çalışırlar».
Ruslan Əliyev onu da qeyd edir ki, bəzi ərazilərdə artıq qaz təchizatı ehtiyatlı davranmaqla bərpa edilir. Xüsusən də strateji obyektlər, həyati əhəmiyyətli tikililər nəzarətə götürülüb: «Cəbhə zonasına daxil olan rayonlarda ümumilikdə 70 % abonentin qaz təchizatı təmin edilir, 30 % abonentin isə qazla təchizatında məhdudiyyətlər qalmaqdadır. Bir az çətinliklərimiz olsa da, daha sonra Beyləqan və Bərdə rayonlarını tam olaraq təbii qazla təmin etməyə nail ola bildik. Oktyabrın 9-na olan məlumata diqqət yetirsək, Füzuli rayonu üzrə 35 yaşayış məntəqəsi təbii qazla təchiz olunur, yalnız 5 yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılıb. Ağcabədi rayonu üzrə ümumi yaşayış məntəqələrinin yarısı qazla tam təmin edilir. Ağdam rayonu üzrə isə cəmi 5 yaşayış məntəqəsi təbii qazla təchiz olunub, digərlərində məhdudlaşdırma var».
Bu günlərdə cəbhə zonasına səfər etdiyini qeyd edən baş direktor vəziyyətlə yerində tanış olub. O deyir ki, burada yaşayan insanlar Vətənə olduqca bağlıdırlar: «Oktyabrın 2-si və 3-də biz Tərtər, Ağdam və Füzuli rayonlarına baş çəkdik. Əvvəlcə Tərtərə yola düşməklə real müharibə şəraitinin şahidi olduq. Amma yerli sakinlərin əhval-ruhiyyəsi bizi daha da ruhlandırdı, hər addım atdıqca sanki bir qədər də ön cəbhəyə yaxınlaşmaq, əsgər və zabitlərimizin yanında olmaq üçün can atırdıq. Çünki qarşılaşdığımız insanların üzündəki sevinc, qürur, mətinlik müharibə ilə yanaşı, bir bayram əhvalının olduğunu göstərirdi. Bunları görəndən sonra doğrudan da xalqımızın nə qədər güclü, iradəli olduğuna şahidlik etdik. Sözsüz ki, qaz təsərrüfatına dəyən ziyanla da tanış olduq. Tərtər, Ağdam və Füzulinin qərargahlarında olmaqla yerli rəhbərlərlə də görüşdük.
Ruslan Əliyev xüsusi vurğuladı ki, biz həm paytaxtda, həm də cəbhə yanı rayonlarda olanda çox qürurverici məqamların şahidi olduq: «Bir daha hiss olundu ki, insanlar Ali Baş Komandanımız cənab İlham Əliyevlə birdirlər, onun qətiyyətli və əzmkar mübarizəsinə hərtərəfli dəstək verirlər.
Eyni zamanda, bir daha dünyaya bəyan oldu ki, qüdrətli Azərbaycan Ordusu həqiqətən də xilaskar ordudur. Biz həm qətiyyətli Ali Baş Komandanımızla, həm qüdrətli Azərbaycan Ordusu ilə, həm də qeyrətli və müdrik xalqımızla qürur duyduq.
Sonda Ruslan Əliyev maraqlı bir məqama da toxundu. Bildirdi ki, artıq layihəçilərimiz işğal altındakı rayonların qazlaşma planlarını nəzərdən keçirirlər. Hamı kimi biz də Qarabağa qayıtmağa hazırlaşırıq!
Elçin Zaman, «İki sahil»