“Falcon 9” ağır daşıyıcı raketi oktyabrın 6-da ABŞ-ın Florida ştatındakı Kanaveral burnunda yerləşən NASA kosmodromundan “Starlink” sisteminin internet örtüyünün qlobal şəbəkəsinin davamı üçün nəzərdə tutulan 60 kiçik peykdən ibarət yeni partiyanı aşağı yerətrafı orbitə çıxarıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, layihənin sahibi “SpaceX” kompaniyası “Starlink” peyklərinin orbitə çıxarılmasını təsdiqləyib.
Bu, ötən ilin may ayından “Starlink” layihəsi çərçivəsində orbitə çıxarılan internet peyklərinin 13-cü partiyasıdır. Bundan əvvəl, sentyabrın 3-də fəzaya 60 peyk buraxılmışdı. İndiyə qədər layihənin orbital qruplaşmasına 773 kosmik aparat qoşulub. “SpaceX” kompaniyası hazırda dünyanın ən iri peyk operatorudur.
Qeyd edək ki, “SpaceX” kompaniyası Yer kürəsi sakinlərinin genişzolaqlı internetə girişini təmin etməyə imkan verəcək şəbəkənin qurulması üçün hər birinin çəkisi 500 kiloqramadək olan 12 min kosmik aparatı orbitə çıxarmağı planlaşdırır. Layihənin reallaşdırılması üçün investisiyaların ümumi həcmi 10 milyard dollardır.