27 may 2025 21:12
165

Rəqamsal yeniliklərdə ADY-nin imzası

Səmərəli, sürətli, etibarlı polad yollar…

Modern dəmir yolu idarəetməsi: Şəffaflıqdan beynəlxalq inteqrasiyaya

Müasir dövrdə rəqəmsallaşma iqtisadiyyatın bütün sahələrinə nüfuz etdiyi kimi, nəqliyyat sektoru da bu transformasiyadan kənarda qalmır. Xüsusilə dövlətə məxsus strateji müəssisələr üçün rəqəmsal həllər təkcə idarəetmənin təkmilləşdirilməsi deyil, həm də xidmət keyfiyyətinin yüksəldilməsi, şəffaflığın təmin olunması və beynəlxalq rəqabətə davamlı olma baxımından vacibdir. Bu baxımdan 145 yaşlı “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) fəaliyyətində rəqəmsal həllərin tətbiqi əhəmiyyətli strateji addım kimi qiymətləndirilə bilər. ADY dəyişir və müasirləşir, müasir, innovativ və müsbət dəyişikliklərə açıq şirkətə çevrilir.  Müasirləşmə birbaşa rəqəmsallaşma ilə bağlıdır. Bu kontekstdə, xüsusən də son iki ildə biz ADY-nin təqdim etdiyi xidmətlər sahəsində rəqəmsal təşəbbüsləri müşahidə edirik.

ADY-nin tərəfdaşlarla qarşılıqlı etimada əsaslanan əlaqələrinin qurulması və xidmət keyfiyyətinin artırılması, yəni şəffaflıq təşəbbüslərinə açıqlığı rəqəmsallaşmanın tətbiqini asanlaşdırır. Bu baxımdan rəqəmsallaşma ADY-nin yalnız texnoloji yenilənməsinə deyil, eyni zamanda, biznes modelinin transformasiyasına, müştəri yönümlü yanaşmanın formalaşmasına və qlobal dəmir yolu şəbəkələri ilə inteqrasiyanın sürətlənməsinə mühüm töhfə verir.

Rəqəmsal relslərlə irəli…

ADY-nin rəqəmsal transformasiyası bir neçə əsas istiqaməti əhatə edir: istehsal proseslərinin və ofis funksiyalarının avtomatlaşdırılması, İnformasiya Texnologiyaları İT infrastrukturunun inkişafı, informasiya təhlükəsizliyinin təmin edilməsi və işçilərin İT bacarıqlarının artırılması. Əsas diqqət əməliyyat proseslərinin avtomatlaşdırılmasına yönəldilir. İT infrastrukturunun inkişafı və informasiya təhlükəsizliyi transformasiyanın tərkib hissəsidir.

Azərbaycanı qlobal nəqliyyat qovşağına çevirməyi qarşısına məqsəd qoyan ADY 2024-cü ildə də Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri boyunca yerləşən ölkələrlə dəmiryol nəqliyyatı infrastrukturunun rəqəmsallaşdırılması üzrə əməkdaşlığı genişləndirib, onlayn tarif kalkulyatoru və “ADY Smart” platforması ilə yük sahibləri üçün səmərəli, sürətli və “bir pəncərə” sisteminə əsaslanan xidmətlər paketi təqdim edib. Yükgöndərənlər artıq “ADY Smart” vasitəsilə yükün qeydiyyatından başlamış daşınmasına qədər bütün prosesləri real vaxt rejimində izləmək imkanı əldə edib. “ADY Smart”ın təqdim etdiyi yeniliklərdən biri saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə qədər azaldan rəqəmsal iş icazəsi (naryad) sistemidir. Bu funksionallıq müştərilərə naryadın ayrılması üçün müraciəti “ADY Smart” vasitəsilə elektron qaydada, kağız sənədləşmə olmadan birbaşa təqdim etmək, yük qaimələrini elektron formada hazırlamaq, eyni zamanda, emal və maliyyə sənədlərini sürətli qəbul etmək imkanı verir.

Digər mühüm nailiyyət beynəlxalq daşımaları sürətləndirən vahid CIM/SMGS elektron yük qaiməsinin tətbiqidir. Bu həll bir neçə sənədi bir formatla əvəz etməyə imkan verir, gömrük prosedurlarını sürətləndirir və sərhədi keçərkən ortaya çıxa biləcək riskləri azaldır. Hesab-faktura olduğu kimi qonşu ölkələrin mövcud İT sistemlərinə ötürülür və “vahid daxiletmə” prinsipi ilə işləyən avtomatlaşdırılmış məlumat mübadiləsini təmin edir. Bütövlükdə bu dəyişikliklər gömrük proseslərini sadələşdirir, beynəlxalq ticarətin inkişafına dəstək verir və iqtisadi əlaqələri gücləndirir. Daşımaların idarə edilməsi, real vaxt rejimində yüklərin monitorinqinin optimallaşdırılması üçün ADY tərəfindən infrastrukturun modernləşdirilməsi və informasiya sistemlərinin yenilənməsi işləri davam etdirilib. Rəqəmsal həllər logistika proseslərini sadələşdirir və beynəlxalq müştərilərlə əlaqələri gücləndirərək Azərbaycanı regionda daha cəlbedici nəqliyyat mərkəzinə çevirir. Analoji rəqəmsallaşma prosesləri Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində həyata keçirilir. Yük məlumatlarının mübadiləsini və “Track&Trace” rəqəmsal xidmətlərini təmin etmək üçün “Global DTC” şirkətinin yaratdığı beynəlxalq logistika platformasına inteqrasiya ADY-nin dəstəklədiyi təşəbbüslər sırasındadır.

Bundan başqa, ADY tərəfindən istehsal proseslərinin təhlili aparılıb və şirkətin əməliyyat fəaliyyətini avtomatlaşdıran üç əsas sistemə – “Yükdaşımaların idarə edilməsi”, “Yük-kommersiya işlərinin idarə edilməsi” və “Lokomotiv briqadalarının idarə edilməsi”nə olan tələbləri müəyyən edən konseptual çərçivə yaradılıb.

ADY 2024-cü ilin noyabrında müştərilərinə daha rahat və effektiv xidmət təqdim etmək məqsədilə yenilənmiş korporativ veb-saytını istifadəyə verib. Sayt həm sərnişinlərin, həm də biznes tərəfdaşların Azərbaycan Dəmir Yollarının xidmətlərindən daha rahat yararlanmasını təmin edir.

Əgər rəqəmsal innovasiyadan danışırıqsa, o zaman “ADY Mobile” mobil tətbiqinin mühüm rolunu qeyd etmək lazımdır. Tətbiq sərnişinlərə səyahətlərini daha rahat təşkil etməyə imkan verir. Hazırda qatarla səyahətə üstünlük verən sərnişinlərin təxminən 70%-i onlayn ödənişi seçir. ADY artıq loyallıq proqramını tətbiq etməyə başlayıb. Loyallıq proqramı “ADY Mobile” vasitəsilə bilet alışı zamanı 3% keşbek qazanmaq, həmçinin tətbiqdə qeydiyyatdan keçmək, 3 dosta tətbiqdə qeydiyyatdan keçmək üçün dəvət göndərmək və sorğu və qiymətləndirmələrdə iştirak etməklə bonuslar əldə etmək imkanı verir.

Sərnişindaşıma prosesinin sadələşdirilməsi üçün nəzərdə tutulan layihələrdən biri də “Sima-Pay” sisteminə inteqrasiyadır. Test olunan bu layihə Abşeron dairəvi dəmir yolunda biometrik yoxlama sisteminin tətbiqini nəzərdə tutur. Sərnişinlər üz tanıma kimi biometrik vasitələrdən istifadə edərək hər hansı təmas olmadan turniketlərdən rahat keçə biləcəklər.

Yeniliklərdən biri ölkədaxili sərnişin qatarlarına minik zamanı fiziki şəxsiyyət vəsiqəsinə olan tələbin aradan qaldırılması ilə bağlı olub. Artıq “My.gov.az” portalından QR kod vasitəsilə elektron vəsiqəni təqdim etmək kifayətdir.

Bakı, Sabunçu, Sumqayıt, Gəncə, Qəbələ vağzallarında, Koroğlu, Bakıxanov, Pirşağı, Goran, Ağstafa stansiya və dayanacaqlarında, eləcə də Bakı–Ağstafa–Bakı, Bakı–Qəbələ–Bakı marşrutları ilə hərəkət edən qatarlarda sürətli “W-Fi” internet bağlantısı mövcuddur. Bu xidmət 2025-ci il yanvarın 3-dən Bakı–Balakən–Bakı reyslərini yerinə yetirən qatarlarda da aktiv edilib.

ADY-nin rəqəmsallaşma səyləri 2024-cü ilin oktyabr ayında Asiya İnkişaf Bankı tərəfindən maliyyə dəstəyi alıb. Bank Azərbaycanda dəmiryol sisteminin rəqəmsallaşdırılmasına, ölkənin dəmiryol şəbəkələrinin təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin artırılmasına dəstək məqsədilə 47 milyon dollarlıq krediti təsdiqləyib. Kredit məbləği kompleks rəqəmsallaşma tədbirlərinə, o cümlədən yük əməliyyatlarının idarə edilməsi, aktivlərin saxlanması və təmiri, investisiyaların planlaşdırılması, həmçinin daşınma qiymətləri və vergi hesablamalarına çıxış sisteminin yaradılmasının təmin edilməsinə yönəldiləcək.

2024-cü ildə, həmçinin ADY-də yeni müasir İT ofisi fəaliyyətə başlayıb. Yeni ofis Azərbaycan Dəmir Yollarının ilk innovativ və dinamik məkanıdır. Yeni İT ofisinin inkişafı ADY-nin müasir işəgötürən brendini möhkəmləndirməyə kömək edir və şirkəti istedadlı kadrlar üçün daha cəlbedici edir.

Kağızdan ekrana:  ADY xidmətləri bir toxunuşda

ADY-nin strategiyasına uyğun olaraq, əməliyyat səmərəliliyinin artırılması, vətəndaşlara və biznes müştərilərinə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni elektron xidmət portalı (portal.ady.az) istifadəyə verilib. İnnovativ platforma istifadəçilərə bir sıra xidmətlərə görə onlayn şəkildə müraciət etmək, sorğularının statusunu izləmək və cavabları operativ əldə etmək imkanı yaradır. Platforma ADY-nin rəqəmsal transformasiya yolunda atdığı mühüm addımlardan biri olmaqla dəmiryol xidmətlərinin daha rahat, müasir, şəffaf və innovativ şəkildə təqdim olunmasını təmin edəcək.

Yeni rəqəmsal platforma həm fiziki, həm də hüquqi şəxslər üçün aşağıdakı 5 xidmət istiqamətini əhatə edir. Buraya vətəndaş müraciətlərinin elektron qəbulu,  yük vaqonlarının planlı (depo və əsaslı) təmiri üçün müraciətlərin qəbulu, yük vaqonlarının yuyulması (deqazasiya edilməsi) üçün müraciətlərin qəbulu, ümumi istifadəli dəmir yollarında müxtəlif səviyyələrdə mühəndis qurğu və kommunikasiyalarının keçirilməsinə dair texniki şərtin (razılığın) verilməsi üçün müraciətlərin qəbulu , dəmiryol infrastrukturunun tikili və qurğularının, o cümlədən dəmiryol xətlərinin tikintisi və yenidən qurulması işlərinin layihələndirməsi üzrə müraciətlərin qəbulu  daxildir.

Əvvəllər bu xidmətlər yalnız kağız daşıyıcılar üzərindən həyata keçirilirdi. Yeni sistem sayəsində isə fiziki və hüquqi şəxslər ADY-nin xidmətlərinə müraciət etmək üçün ofislərə getməyə, kağız sənədlər təqdim etməyə ehtiyac duymayacaqlar. Həmçinin istifadəçilər öz müraciətlərinin hansı mərhələdə olduğunu real vaxt rejimində izləyə, elektron poçt vasitəsilə bildirişlər ala biləcəklər. Bu, xüsusilə regionlarda yaşayan vətəndaşlara vaxtlarına qənaət etməyə və ADY-nin xidmətlərindən daha rahat istifadə etməyə imkan verir.

Aldım bir dənə, açdım min dənə…

ADY-nin elektron xidmətlər portalı ölkənin vahid rəqəmsal identifikasiya sistemi olan “digital.login” ilə uğurla inteqrasiya edilib. Bu yenilik istifadəçilərə portala daha sürətli, təhlükəsiz və rahat şəkildə daxil olmaq imkanı yaradır. İndi istifadəçilər portalda xidmətlərə daxil olmaq üçün artıq mövcud olan identifikasiya vasitələrindən – SİMA İmza, Asan İmza, SİMA Token (Elektron İmza), İdentifikasiya nömrəsi və BSXM (Bank Sertifikat Xidmətlər Mərkəzi) Elektron İmzadan istifadə edə bilirlər. Eyni zamanda, bu yenilik “bir pəncərə” prinsipi əsasında təqdim edilən onlayn xidmətlərin daha genişləndirilməsinə imkan yaradır. 

Polad relslərdə rəqəmsal izlər

Müasir dövrdə rəqəmsallaşma təkcə texnologiyanın deyil, idarəetmənin və xidmət mədəniyyətinin də əsasını təşkil edir. “Azərbaycan Dəmir Yolları” QSC-nin bu istiqamətdə atdığı addımlar onu rəqəmsal iqtisadiyyatın fəal iştirakçısına çevirir. Onlayn bilet sistemlərinin yaradılması, yük daşımalarının avtomatlaşdırılması, infrastrukturun rəqəmsal nəzarətə alınması və məlumatların təhlükəsiz inteqrasiyası ADY-nin fəaliyyətində ciddi keyfiyyət dəyişiklikləri yaradıb. Bu yeniliklər nəticəsində xidmətlər daha əlçatan və şəffaf olmuş, operativlik və dəqiqlik artmış, resursların idarə olunmasında iqtisadi səmərəlilik təmin edilmişdir. Beynəlxalq standartlara uyğunlaşma və rəqabət qabiliyyətinin gücləndirilməsi baxımından da rəqəmsal həllər ADY-nin strateji üstünlüyə çevrilmişdir. Beləliklə, rəqəmsallaşma ADY üçün yalnız texnoloji yenilənmə deyil, həm də davamlı inkişafın və beynəlxalq etimadın əsas dayağına çevrilmişdir. Bu model bütövlükdə Azərbaycanın nəqliyyat-logistika potensialının yüksəldilməsində nümunəvi yanaşma kimi çıxış edir.

Yaqut Ağaşahqızı, “İki sahil”,
Yazı  “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur