06 oktyabr 2020 15:48
1430

Siyəzənin Qalaaltı və Məşrif kəndləri qazlaşdırılır

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Siyəzən rayonunun Qalaaltı və Məşrif kəndləri qazlaşdırılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tikinti işləri yekunlaşdıqdan sonra bu 2 kənddə ümumilikdə 240 abonent yüksəktəzyiqli təbii qazla təmin olunacaq. Yaşayış məntəqələrinin qazla təminatı üçün müxtəlif diametrli 25 min 700 metrə yaxın metal borulardan istifadə olunur. Bununla yanaşı, bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılacaq.

Məşhur Qalaaltı sanatoriyasının yaxınlığında yerləşən kəndlərin qazlaşdırılması ərazidəki meşələrin qorunması ilə yanaşı, sahibkarların qış aylarında turizm obyektlərinin qızdırılması xərclərini xeyli azaldacaq. Yaşayış məntəqələrində təbii qazın olmaması payız-qış mövsümündə ərazidəki istirahət mərkəzlərində əlavə çətinliklər yaradırdı.

İş icraçısı Qurban Əliyev bildirib ki, artıq Qalaaltı kəndində işlər tam yekunlaşıb. Yaxın günlərdə Məşrifdə də tikinti işləri başa çatdırılacaq. Kəndlərin qazlaşdırılması oktyabr ayının sonuna kimi tamamlanacaq.

Siyəzəndə, ümumilikdə, 13 yaşayış məntəqəsi qazlaşdırılıb. Rayonda 8 min 340 abonent “mavi yanacaq”dan istifadə edir.