Bu qurum əsgər və qazi ailələrinin problemlərinin həllini daim diqqətdə saxlayır
SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin fəaliyyətində müştəri məmnuniyyəti qazanmaq prioritet məsələdir. O cümlədən Birlik sosial -humanitar aksiyalarda da fəal iştirak edir. Belə ki, Ramazan və Qurban bayramlarında aztəminatlı ailələrin qaz çəkilişlərini Birlik öz hesabına həyata keçirib. Qarabağ qaziləri, şəhid ailələri, əlillər və digər imtiyazlı kateqoriyadan olan insanlar daim Birlik rəhbərliyinin diqqətindədir. Təbii ki, bu kimi dəyərli işlər dövlətimizin başçısı cənab İlham Əliyevin sosial siyasətinin tərkib hissəsidir. Ona görə də bu siyasətə sadiqlik nümunəsi kimi vətəndaşların xidmətində olmaq İstehsalat Birliyinin əsas vəzifəsidir.
Bundan başqa, ön cəbhədə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatlarının davam etdiyi bir zamanda ordumuzun ruhlanması və igid oğullarımızın yad edilməsi üçün «Azəriqaz» İstehsalat Birliyi 2016-cı ilin Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına şəhid olan əfsanəvi «Murov Qartalı», şəhid polkovnik-leytenant Raquf Orucov haqqında videoçarx hazırlayb.
Videomaterialda hazırda bütün cəbhə boyu qoşunlarımızın əks-hücum əməliyyatının uğurla davam etməsi, bir sıra işğal altındakı ərazilərimizlə yanaşı, Murovdağ silsiləsindəki əhəmiyyətli yüksəkliyin də azad olunmasından bəhs edilir.
Həmçinin qeyd edilir ki, 2016-cı ilin Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına şəhid olan əfsanəvi «Murov Qartalı», şəhid polkovnik-leytenant Raquf Orucovun bu gün ruhu şaddır. Çünki 1972-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olan Raquf Orucov Murov dağını özünün ikinci evi sayırdı.
Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, «Zəfər» Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova «Azəriqaz» İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibəsində bunları qeyd edib: «Raquf Orucov bir döyüşçü kimi ilk hərbi fəaliyyətinə 1995-ci ildə Murovdağ silsiləsində yerləşən N saylı hərbi hissədə başlayıb. O, oranın hər cığırını, keçidini tanıyırdı. Həmişə deyirdi ki, nə vaxtsa biz bu ərazilərə qayıdacağıq. qayıdacaq. Murovdağ ucalıqdır. Azərbaycan Ordusu bu zirvəni fəth etdib düşməni oradan qovması bizə iki qat sevinc yaşatdı. Xüsusilə Raqufun ruhu şad oldu. O oylaqlarda, zirvələrdə artıq yağı düşmən, mənfur düşmən yoxdur».
Videomaterialda o da qeyd edilir ki, «Azəriqaz» İB Azərbaycan əsgərinin yanında olmaqla yanaşı, onun qayğılarını, qazilərin ailələrini diqqətdən kənarda qoymur. Birliyin bütün kollektivi arxa cəbhənin məsuliyyətini yaxşı dərk edir, ən qaynar nöqtələrdə belə qaz təsərrüfatının çətinliklərinin həllinə çalışır. Belə ki, şəhid polkovnik-leytenant Raquf Orucovun vaxtilə yaşadığı Ağdam rayonunun Quzanlı qəsəbəsindəki fərdi yaşayış evi təbii qazla təmin edilib. Bu barədə də fikirlərini bölüşən Sevinc Orucova bunları deyib: «Biz müraciət etməsək də, hiss etdik ki, bizi düşünən biri var. Bizim problemlərimizi, qayğılarımızı çəkən biri var. Bu özü bir dəstəkdir, ümiddir!»
Videoçarxda şanlı ordumuza müraciətdə deyilir: «Biz sizinləyik, Azərbaycan Əsgəri! Qarabağ Azərbaycandır!»
Elçin Zaman, «İki sahil»