“SOCAR-Petrofac” birgə müəssisəsi ilə “BP-Azərbaycan” şirkəti arasında beynəlxalq əmək haqqının dəyərləndirilməsi və kadrlara dəstək, o cümlədən treninq xidmətləri göstərilməsi üzrə saziş imzalanıb.
5 il müddətinə bağlanmış 100 milyon dollar dəyərində saziş beynəlxalq əmək haqqı və kadrlara dəstək xidmətləri, o cümlədən “BP-Azərbaycan” şirkəti əməkdaşlarının Azərbayanda və ölkə xaricində treninq kursları keçmələri üçün imkan yaradılmasını nəzərdə tutur.
SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov sazişin imzalanmasını yüksək qiymətləndirərək deyib: “Son illərdə xidmət sektoru SOCAR-ın korporativ mənfəətinə mühüm töhfələr verir. Bizim “Petrofac” ilə yaratdığımız birgə müəssisə də bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Bu gün biz BP ilə tərəfdaşlığımızı yeni səviyyəyə qaldırmaqdan məmnunluq duyuruq və məhsuldar əməkdaşlığımızı davam etdirmək əzmindəyik.
Kadrların peşəkar hazırlığı və peşəkarlığının yüksəldilməsi Sənaye 4.0 dövründə böyük şirkətlər qarşısında duran mühüm vəzifələrdəndir. Pandemiya və neft qiymətlərinin enməsi nəticəsində yaranmış çağırışlar baxımından bu, artıq həyati əhəmiyyət kəsb edir. Aydındır ki, aparıcı neft və qaz şirkətlərinin peşəkar treninq xidmətlərinə tələbatı artmaqda davam edəcək.”
“Petrofac” şirkətinin treninq xidmətləri biznesi üzrə qlobal rəhbəri Patty Eid qeyd edib ki, BP uzun müddət xidmətlərimizdən istifadə edən önəmli müştərilərdəndir: “Biz bu şirkətə beynəlxalq əmək haqqı təminatı və kadrlara dəstək xidmətləri, o cümlədən əməkdaşların Azərbayanda və ölkə xaricində treninq kursları keçməsi üçün dəstək vermək əzmindəyik. “Petrofac” şirkətinin treninq xidmətləri biznesi 2004-cü ildən bəri Azərbaycanın neft, qaz və neft-kimya sənayesində kadr hazırlığı imkanları yaradılmasına xidmət edir. Bu əməkdaşlıq SOCAR kimi mühüm bir tərəfdaş ilə birlikdə regionda fəaliyyətimizin genişlənməsinə əsas yaradır.”
Məlumat üçün bildirək ki, “Petrofac” enerji sənayesinə xidmət təminatını həyata keçirən, böyük neft və qaz şirkətlərinin də daxil olduğu şaxələndirilmiş müştəri portfelinə malik aparıcı beynəlxalq şirkətdir. “Petrofac” neft, qaz, emal, neft-kimya və bərpaolunan enerji infrastrukturunun layihələndirilməsi, tikintisi, idarə olunması və təkmilləşdirilməsini həyata keçirir. Məqsəd müştərilərin dünyanın getdikcə artan enerji tələbatını qarşılamaq iqtidarında olması üçün onlara dəstək verməkdir. “Petrofac”ın əsas bazarları Yaxın Şərq və Şimali Afrika (MENA), Böyük Britaniyanın Şimal dənizi regionlarıdır. Burada ölkədaxili dəyərləri diqqət mərkəzində saxlayan səmərəli yerli çatdırılma modeli əsasında təhlükəsiz, etibarlı və innovativ fəaliyyət qurub. Hindistan, Cənub-Şərqi Asiya və ABŞ kimi digər mühüm bazarlarda da fəaliyyət göstərir. Dünya üzrə 31 ofisi və 11 500 əməkdaşı var.
Orxan Vahidoğlu, “İki sahil”