23 iyun 2020 11:21
1274

Avropada koronavirusun ikinci dalğası başlayır, karantin bərpa edilir - VİDEO

Avropanın bir sıra bölgələrində koronavirus pandemiyasının ikinci dalğası ilə əlaqədar karantin tədbirləri bərpa edilir. “İki sahil” “Euronews”a istinadla xəbər verir ki, İspaniyanın Araqon vilayətində məhdudiyyətlər aradan qaldırıldıqdan qısa müddət sonra təkrar tətbiq olunub. Mütəxəssislər hesab edir ki, infeksiya meyvə-tərəvəz yığımında iştirak edən mövsümi işçilər arasında yayılmağa başlayıb. Bundan başqa, paytaxt Madrid və Barselonada infeksiya ocaqları aşkar edilib. Qonşu Portuqaliyada da hökumət profikatika tədbirləri qismində komendant saatı tətbiq edib. Məhdudiyyət hələlik paytaxt Lissabon və ətraf ərazilərə şamil edilir. Bu müddət ərzində restoran, bar, kafe və mağazaların işi məhdudlaşdırılır. Portuqaliyada son bir ay ərzində koronavirusa yoluxanların sayı 9 min nəfəri keçib. Ümumilikdə ölkədə bu günədək 40 minədək yoluxma, 1,5 min ölüm qeydə alınıb. Almaniyada da vəziyyət gərginləşməyə başlayıb. Şimali Reyn-Vestfaliyada yerləşən iri ət kombinatında çalışanlar arasında 500-dən çox yoluxma qeydə alınıb. Yerli sakin Berit Ryurup deyib: “Psixoloji cəhətdən çox ağırdır. Amma insanlar artıq anlamağa başlayıb ki, sitasiya doğrudan da ağırdır və onların intizamlı olmağından da çox şey asılıdır”.  Almaniyada son sutka ərzində yeni növ koronavirusdan 10 nəfər dünyasını dəyişib.  İndiyə qədər ölkə üzrə ümumilikdə 190 862 yoluxma, 8895 ölüm halı qeydə alınıb. 175,7 min nəfər sağalaraq evə buraxılıb.

“Euronews” yazır ki,  yeni virus ocaqları təkcə Avropa İttifaqı ərazisində deyil,  Britaniyada, əsasən də Uelsdə də qeydə alınıb.  Ümumdünya Səhiyyə Təşkilatı isə hesab edir ki, Avropada koronavirusun yeni dalğasının başlaması yaxın günlərdə reallaşacaq.

Anar Miriyev,

“İki sahil”