“Zağlı-Zeyvə” yatağı ərazisində səmt qazının yığılması məqsədi ilə yeni komressor stansiyasının açılışı olub
Yeni layihənin həyata keçirilməsi nəticəsində 1250 abonent qazla təmin olunacaq
Sentyabrın 23-də Siyəzəndə SOCAR-ın əməliyyatçı olduğu “Zağlı-Zeyvə” yatağı ərazisində səmt qazının yığılması məqsədi ilə quraşdırılmış kompressor stansiyalarının açılış mərasimi keçirildi.
Kompressor stansiyası SOCAR və BMT İnkişaf Proqramının (İP) Azərbaycan Nümayəndəliyi tərəfindən birgə həyata keçirilən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” (NAMA) layihəsi çərçivəsində inşa edilib.
Açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BMT İnkişaf Proqramının Azərbaycan ofisinin rəhbəri Alessandro Frakassetti və SOCAR-ın ekologiya üzrə vitse-prezidenti, layihənin rəhbəri Rəfiqə Hüseynzadə iştirak edirdilər.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BMT İP-nin Azərbaycan ofisinin rəhbəri Alessandro Frakassetti birgə simvolik start düyməni basaraq qurğunu işə saldılar.
Spesifik vəzifəsi SOCAR-ın İqlim Dəyişikliyinin Təsirlərinin Azaldılması Strategiyasını dəstəkləməkdən ibarət olan NAMA layihəsinin 3-cü komponenti çərçivəsində SOCAR-ın “Siyəzənneft” NQÇİ-nin “Zağlı-Zeyvə” yatağı pilot ərazi olaraq seçilib və burada səmt qazının yığılması məqsədilə birgə işlər görülüb. Ərazidəki 3 qaz yığım məntəqəsində yeni kompressor və separator avadanlıqları, soyuducu sistemlər və onlayn nəzarət sistemi quraşdırılıb, ümumi uzunluğu 32 km olan əsas qaz boru xətti çəkilib. 2 il ərzində davam edən layihənin icrası nəticəsində ildə 6,8 milyon m3 səmt qazının yığılması planlaşdırılır. Layihənin başlıca özəlliyi yığılacaq səmt qazının emal olunduqdan sonra əhalinin istehlakına yönəldilməsidir. Beləliklə, 15 ətraf kənd üzrə 1250 abonentin təbii qazla təchizatı təmin olunacaq.
“Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları (NAMA)” birgə layihəsi SOCAR və BMT İP tərəfindən 2015-ci ildən həyata keçirilir. Layihə ölkədə enerjiyə qənaət edən və karbon emissiyası aşağı olan texnologiyaları dəstəkləyir. 2013-cü ildən başlayaraq, SOCAR hər il birgə müəssisələrində və digər əməliyyatçı şirkətlərdə atmosferə atılan çirkləndirici qazların ümumi miqdarının hesablanmasını həyata keçirir.
Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BMT İnkişaf Proqramının Azərbaycan ofisinin rəhbəri Alessandro Frakassetti və SOCAR-ın vitse-prezidentləri ərazidə ağac əkdilər.
SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə jurnalistlərə açıqlamasında bildirdi ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəyi ilə 6 kompressor, 6 seperator və 3 soyuducu qurğu quraşdırılıb: “Bu, ekoloji layihədir. BMT-nin İnkişaf Proqramı ilə SOCAR arasındakı müqavilədə 3 komponent iştirak edir. Bu komponentlərdən birincisi enerji səmərəliliyidir ki, biz bunu “Azərikimya” İstehsalat Birliyində quraşdırmışıq. İkinci komponent enerji səmərəliliyi olan nəqliyyat vasitələrindən istifadədir. Bununla əlaqədar BMT tərəfindən bizə hibrid maşınlar, simulyator qurğusu verilib. Müqavilənin son mərhələsində isə havaya buraxılan alçaqtəzyiqli qazları toplayıb əhalinin istifadəsinə vermək öz əksini tapır.”
R.Hüseynzadə deyib ki, qurğular BMT tərəfindən quraşdırılıb, 32 kilometr məsafədə borunun çəkilməsi isə SOCAR tərəfindən həyata keçirilib: “Ümumilikdə 3 stansiya qurulub və ay ərzində 583 min kubmetr qaz yığılacaq. Bu kompressorlar işə salındığı gündən 2-3 kəndə qazın verilməsinə də başlanılacaq. Yeni kompressorlar və ayırma qurğuları xam neftdən səmt qazını yığmağa və onu Siyəzənin 15 kəndində istehlakçılara çatdırmağa kömək edəcək. 600-dən çox ailənin 1250 nəfər üzvü bu proqramdan yararlanacaq.”
BMT İP-nin Azərbaycan ofisinin rəhbəri Alessandro Frakassetti qeyd etdi ki, istixana qaz emissiyaları bu gün dünyanın bir çox ölkələrində, o cümlədən iqtisadiyyatın enerji ehtiyatlarına söykəndiyi Azərbaycan kimi bir ölkədə ciddi bir təhlükədir. “Bu gün quraşdırılan müasir avadanlıqlar istixana qaz emissiyalarını kifayət qədər azaltmaq, eyni zamanda, Azərbaycanın əyalətlərində həssas icmaları təmiz yanacaqla təchiz etmək potensialına malikdir. Biz inanırıq ki, maksimum təsiri təmin etmək üçün belə layihələrə dəstək göstərilməli və onların tətbiq dairəsi genişləndirilməlidir.”
Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), “İki sahil”