24 iyul 2019 19:11
1259

Ötən hər gün xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin əvvəlindən başlayan sosial islahatların uğurla davam etdirilməsi Azərbaycan xalqının böyük əksəriyyətinə müsbət təsir göstərməkdədir.

Prezident İlham Əliyevin vətəndaşların mənafeyinin müdafiəsi, onların problemlərinin həlli istiqamətində müvafiq qurumlara qəti tapşırıqlar verməsi ictimai fikirdə ölkədəki islahatların uğurla davam edəcəyinə inam yaradır.

Milli Məclisin deputatı, YAP Ağdaş rayon təşkilatının  sədri Cavid Osmanov  İkisahil TV-yə müsahibəsində bildirdi ki,  Azərbaycan dövləti qabaqlayıcı tədbirlər həyata keçirməklə makroiqtisadi sabitliyi qoruyub saxlayıb. Dövlətin vətəndaşların həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı özünü bilavasitə sosial təminat sistemində büruzə verir. Vətəndaşların sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə xidmət edən iqtisadi siyasət ümumən insan amilinin inkişafına təkan verir. Hökumət azad iqtisadi münasibətlərə, rəqabətə, özəl mülkiyyətçiliyə və sahibkarlığın inkişafına zəruri kömək göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni də diqqətdən qaçırmır.

Cavid Osmanov qeyd etdi ki, dövlət başçısının həyata keçirdiyi sosial islahatların əsas istiqamətləri əhalinin məşğulluğunun təmin edilməsi, paralel olaraq sosial müdafiəsi məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsi, aztəminatlı ailələrin, əlillərin, ailə başçısını itirənlərin, şəhid ailələrinin və bu qəbildən olan digər şəxslərin pensiya və müavinət təminatının yaxşılaşdırılmasından, onların həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradılmasından ibarətdir. Qlobal böhran şəraitində daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi respublikanın neft amilindən asılılığını əhəmiyyətli dərəcədə azaldıb. Cavid Osmanov vurğuladı ki, dövlət başçısı seçildikdən sonra hökumət üzvləri ilə keçirdiyi ilk toplantıda xalqa xidməti əsas tələb, vəzifə kimi müəyyənləşdirən cənab İlham Əliyevin irəli sürdüyü bu prinsip daim qüvvədədir. “Xalq prezidenti seçir, prezident də xalqın qarşısında cavab verməlidir. Əgər xalq onun fəaliyyətini dəstəkləyirsə, ona inanırsa, bu, ən böyük mükafatdır””. Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən, bu problemlərin həlli üçün qəti tapşırıqlar verən cənab İlham Əliyevin bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqın öz Prezidentinə inamını, etimadını daha da artırır. Ən nəhayət, Prezident İlham Əliyevin məmurlara, dövlət rəsmilərinə fəaliyyətlərini vətəndaşların mənafeyinin müdafiəsi, onların problemlərinin həlli istiqamətində müvafiq qurumlara qəti tapşırıqlar verməsi ictimai fikirdə ölkədəki islahatların uğurla davam edəcəyinə inam yaradır.

C.Osmanov diqqətə çatdırdı ki,   2025-ci ilədək Azərbaycan qarşısına məqsəd qoyub ki, dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxsın. 2016-cı ildə ölkə Prezidentin Sərəncamı ilə Azərbaycan Milli İqtisadiyyatının İnkişafı üzrə 11 istiqamət üzrə Strateji Yol Xəritəsi qəbul edilib. Strateji Yol xəritələrində məqsədlərdən biri 2025-ci ildə minimum əməkhaqlarının orta aylıq əməkhaqlarının 60 faizinə çatdırmaqdır. Bu da inkişaf etmiş ölkələrin göstəricilərindən biridir. Bu il də ölkəmizin tarixində dərin sosial islahatlar ili kimi daxil olacaq. Ölkə başçısı bildirdi ki, sosial islahatlar il ərzində davam edəcək. Yenə də əməkhaqlarının, pensiyaların, təqaüdlərin artırılması, daha yüksək gəlirli iş yerlərinin açılması davam edəcək. Keçən il 200 minə yaxın iş yerləri açılıb ki, onların da 120 mini daimidir. Bu il də bu tendensiya davam edəcək. Xüsusilə intellektual əmək tələb edən, intellektual tutumlu iş yerlərinə üstünlük veriləcək.  Ötən 16 ildə həyata keçirilən islahatlar göstərdi ki, cənab Prezident vədinə sadiqdir.

Şəmsiyyə Əliqızı, “İki sahil”