YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov İkisahil.TV-yə müsahibəsində Ümummilli Liderin zəngin siyasi irsindən, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən və bu siyasəti gözü götürməyən antimilli ünsürlərdən söz açdı
- Tağı müəllim, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın zəngin dövlətçilik tarixində yeri və rolu, xalqımız qarşısındakı misilsiz xidmətləri barədə nə deyə bilərsiniz?
- Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir. Ulu Öndər Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz işlər görmüşdür. Əminliklə söyləmək olar ki, Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Azərbaycanı XX yüzilliyin sonlarında düşdüyü xaos və anarxiyadan çıxaran, ölkədə ictimai-siyasi sabitliyi təmin edən ümummilli lider Heydər Əliyev zəngin dövlət idarəçiliyi ənənəsi formalaşdırmışdır. Bütün ömrünü dövlətinin, xalqının rifahı, intibahı üçün həsr edən, bu yolda canını belə əsirgəməyən böyük şəxsiyyət Azərbaycanın ən çətin və mürəkkəb dövrlərində hakimiyyətə gələrək dövlətini xilas etmiş, millətinin gələcəyini təmin etmişdir. O öz əməlləri, fəaliyyəti, xalqımıza, dövlətimizə bəxş etdiyi azadlıqlarla əsl xilaskarlıq nümayiş etdirmişdir. Hakimiyyətinin hər iki dövründə xalqa xidmət, Vətənə sədaqət ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsasında dayanıb. Ulu öndər Heydər Əliyevin milli dəyərlərimizə, milli düşüncə və ideologiyamıza əsaslanan siyasi kursu bu gün Azərbaycan dövlətinin dünya dövlətləri arasında öz layiqli yerini tutmasına gətirib çıxarmışdır. Ulu Öndər bilirdi ki, xalqın ruhunun qəbul edə bilməyəcəyi hər hansı addım ilk baxışdan nə qədər zəruri görünsə belə təqdir olunaraq ümummilli dəyərə çevrilə bilməz. Bu mənada, ümummilli lider Heydər Əliyevin siyasətinin, fəaliyyətinin fəlsəfəsinin kökündə azərbaycançılıq məfkurəsi dayanırdı.
Azərbaycan xalqı bundan sonra da bu böyük məktəbdən, Ümummilli Liderin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq, Azərbaycan Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda əmin addımlarla irəliləyərək yeni zirvələr fəth edəcək. Yəni əminliklə söyləmək olar ki, Heydər Əliyev irsi gələcək nəsillər üçün də zəngin xəzinə olacaq.
- Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin siyasətinin təməlində insan amili dayanır. Ölkədə aparılan uğurlu sosial siyasətin əhəmiyyəti haqqında nə deyərdiniz?
-Cənab İlham Əliyevin xalqın siyasi iradəsi əsasında Azərbaycan Prezidenti seçildiyi vaxtdan keçən müddət ərzində ölkə həyatında baş verən ictimai-siyasi proseslərə, qazanılan uğurlara diqqət yetirsək, Ümummilli Liderin vaxtilə böyük uzaqgörənliklə söylədiyi fikirlərin həyatda nə dərəcədə özünü doğrultduğuna şahid ola bilərik. Cənab İlham Əliyevin ötən 16 illik prezidentlik fəaliyyəti ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması ilə nəticələnmişdir. “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” tezisini irəli sürmüş Azərbaycan Prezidenti bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün ciddi siyasi iradə, qətiyyət və əzmkarlıq nümayiş etdirmişdir. Azərbaycan Prezidentinin ötən dövr ərzində vahid sistem halına saldığı milli inkişaf modeli həm də onun yüksək idarəçilik qabiliyyətinin və mükəmməl iş təcrübəsinin əyani təzahürü kimi diqqəti çəkir. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Yaxşı xatırlayırıq ki, cənab İlham Əliyev ilk dəfə Prezident seçiləndə ölkədə 600 min yeni iş yerinin yaradılacağını vəd etmişdi. Onda bu rəqəm bəzilərinə xəyal kimi görünürdü. İllər keçdi, xəyal hesab edilənlər reallığa çevrildi. Bu müddətdə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradıldı. Bu və digər addımların nəticəsi olaraq yoxsulluq 50 faizdən 5 faizə düşdü. Maaşlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırıldı. Günümüzün bu reallığı beynəlxalq siyasətçilər, ekspertlər tərəfindən də təsdiqlənir: Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur.
- Tolerantlıq nümunəsi olan Azərbaycan bu gün beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilib. Ölkəmizdə bir çox mötəbər beynəlxalq tədbirlər keçirilir. Beynəlxalq tədbirlərin ölkəmiz üçün əhəmiyyəti haqqında nə deyərdiniz?
- Son illər böyük inkişaf yolu keçən Azərbaycan bir çox sahələrdə mühüm uğurlara imza atmışdır. Bu fakt da, təbii ki, dünya ictimaiyyətinin diqqətindən kənarda qalmamışdır. Unutmaq olmaz ki, beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən bu məqama mütləq fikir verirlər. Azərbaycan bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında aparıcı yerlərdən birini tutur. Məhz elə bu səbəbdəndir ki, son illərdə Azərbaycanda beynəlxalq təşkilatların yüzlərlə siyasi, iqtisadi və idman tədbirləri keçirilmişdir. Bu tədbirlərin Azərbaycanda keçirilməsi bütün sahələrdə ölkəmizə böyük nüfuz qazandırıb.
Amma unutmaq olmaz ki, Bakı həm də digər mötəbər tədbirlərə - zirvə toplantılarına, elmi konfranslara, idman, musiqi yarışlarına, teatr, kino festivallarına ev sahibliyi edir.
Nəticə etibarilə demək istəyirəm ki, Azərbaycanda son illər keçirilən beynəlxalq tədbirlər ölkəmiz haqqında formalaşan təəssüratları dəyişir, respublikamızın imicinə müsbət təsir göstərir. Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik, əmin-amanlıq məkanıdır. Respublikamızda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor isə hakimiyyətin həyata keçirdiyi siyasi kursun ümummilli maraq və mənafeyə tam cavab verməsidir.
- Beynəlxalq tədbirlər zamanı antimilli ünsürlərdə sanki bir canlanma yaranır. Ölkəmizə qarşı qarayaxma kampaniyaları həyata keçirirlər. Burada bir neçə “sapı özümüzdən olan baltalar” var ki, maşalıq etməkdə onlara yardımçı olurlar. Bu barədə nə deyərdiniz?
- Ermənilərin maraqlarının müdafiəçisinə çevrilmiş anti-milli ünsürlər, “beşinci kolon” nümayəndələri Azərbaycan xalqını, onun milli mənəvi dəyərlərini hədəfə almaqla təhqir kampaniyası aparırlar. Şübhəsiz ki, anti-Azərbaycan dairələrin alətinə çevrilmiş bu ünsürlərin təhqir kampaniyası cəmiyyətdə böyük hiddət və narazılıqla qarşılanır. Cəmiyyət nümayəndələri bu cür kampaniyaların məhz ermənipərəst dairələrin sifarişi əsasında həyata keçirildiyini bilir, “sapı özümüzdən olan baltalar”ın çirkin əməllərinin yolverilməz olduğunu qətiyyətlə ifadə edirlər. Heç şübhəsiz ki, xaricdə və ölkə daxilində radikal mövqe tutanlar kiminsə əlində alət olduqları üçün istifadə olunub atılacaqlar.
Radikallar baxsınlar ki, regonda nə qədər mürəkkəb proseslər baş verir. Belə bir vəziyyətdə sabit Azərbaycan var. Yaşadığımız ölkədə əmin-amanlıq, sabitlik var və bu amillərin təminatçıları var. Bunu görməyənlər gərək kor olsunlar.
Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Bununla yanaşı, ölkəmizdə zamanın çağırışlarına uyğun olaraq genişmiqyaslı islahatlar həyata keçirilir, dövlətimizin qüdrətinin daha da artmasına xidmət edən mühüm addımlar atılır. Təbii ki, bu reallıqlar anti-Azərbaycan dairələri narahat edir və həmin qüvvələr ölkəmizə qarşı “beşinci kolon”dan istifadə edirlər. Ermənipərəst qüvvələrin maraqlarını müdafiə edən antimilli ünsürlər sosial şəbəkələr və müxtəlif internet resursları vasitəsilə həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Onların məqsədi Azərbaycanın inkişafına, vətəndaşların sosial rifahının daha da yaxşılaşmasına xidmət edən, qarşıya qoyulan hədəflərə çatmağa imkan verən tədbirlərin, islahatların və müsbət reallıqların üzərinə kölgə salmaqdır. Amma bütün bu cəhdlər faydasız və nəticəsizdir. Azərbaycan xalqı reallıqları görür və yüksək qiymətləndirir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçərək regionun lider dövlətinə çevrilib, paytaxt Bakının və regionların siması əhəmiyyətli dərəcədə dəyişilib, əhalinin sosial müdafiəsi daha da gücləndirilib və bütün bunlar Azərbaycanın qüdrətinin artmasını təmin edib. Bütün bu reallıqları görən ölkə vətəndaşları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti yüksək qiymətləndirirlər.
Şəmsiyyə Əliqızı, “İki sahil”