29 mart 2019 10:29
775

Ermənistana Azərbaycanla uzunmüddətli müharibə aparmaq sərf etmir

Tarix boyu müşahidə etmişik ki, Ermənistan heç  vaxt müstəqil siyasət həyata keçirə bilməyib. Dövlət olaraq hər zaman siyasi qüvvələrin maraqlarına xidmət edən siyasət nümayiş etdirib. Hazırda da bu tendensiya davam etməkdədir. Ümumiyyətlə, Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan-Azərbaycan  Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı absurd, siyasi savadsızlığa söykənən təkliflərlə çıxış etməyə başladı. Bildirdi ki, mütləq şəkildə bu prosesdə qondarma bir qurum olan  Dağlıq Qarabağ tərəf kimi çıxış etməlidir. Bu da təbii ki, onun hüquqi savadsızlığından irəli gəlirdi. Bu gün beynəlxalq münaqişələrdə  problemlərin həllində qəbul olunmuş qaydalara əsasən mütləq şəkildə beynəlxalq hüququn subyektləri tərəf kimi iştirak etməlidir.  Beynəlxalq hüququn subyektləri BMT tərəfindən tanınmış dövlətlərdir. Bu münaqişə də baş verən andan  onun nizamlanması ATƏT-in Minsk qrupuna həvalə olunub. Münaqişədə tərəf kimi  Ermənistan və Azərbaycan göstərilib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, rəsmi Bakı Ermənistanın baş nazirini danışıqlar masasına qayıtmağa məcbur etdi. Ötən bir il ərzində  Nikol Paşinyan bir çox sərsəm bəyanatlar verməklə Ermənistanı işğal siyasətindən kənarda saxlamağa çalışdı. Bakının diplomatik hücumları və beynəlxalq təşkilatların təzyiqi onunla nəticələndi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqların formatının dəyişməsinin qeyri-mümkün olduğunu bildirdilər. Bundan sonra Avropa İttifaqının rəsmiləri də eyni bəyanatı verdilər. Buna paralel olaraq Azərbaycan həm də təmas xəttində genişmiqyaslı təlimlər keçirməklə, bir daha öz hərbi və siyasi gücünü, beynəlxalq nüfuzunu bütövlükdə Ermənistana nümayiş etdirdi. Yalnız bundan sonra Paşinyan danışıqlar masasına qayıtmağa məcbur oldu. Bildiyiniz kimi, bir  neçə gün bundan əvvəl Ermənistan Təhlükəsizlik  Şurasının iclası keçirildi və belə qərara aldılar ki, danışıqlar masasına qayıtmaq vacibdir. Çünki danışıqlar olmasa bunun alternativi müharibədir. Heç bir halda Ermənistana və onun havadarlarına indiki şəraitdə Azərbaycanla uzunmüddətli müharibə aparmaq sərf etmir.

H.Babaoğlu bildirdi ki, Azərbaycanın güclü hərbi texnikası mövcuddur. Bütün bunlar da nəticə etibarilə nəhayət danışıqları zəruri etdi. Paşinyanın radikal bəyanatları, danışıqlardan imtina etməsi  Ermənistan informasiya resurslarında müharibənin başlanması kimi qiymətləndirilirdi. Əslində, Paşinyana səs verən, onu baş nazir edən elektoratın özündə də bir qorxu mövcud idi. Hesab edirdilər ki,  danışıqlardan imtina etmək şübhəsiz ki, müharibə ilə nəticələnəcək. Ona görə də hesab edirəm ki, bu mənada Paşinyan doğru seçim etdi. Ancaq ən doğru seçim o olacaq ki, nəhayət substantiv danışıqlar başlasın və Ermənistan işğalçılıq siyasətindən əl çəksin. Ümid edirik ki, gec də olsa, nəhayət, işğalçı ölkə ən düzgün qərarın məhz bu qərar olduğunu dərk edəcək.

Şəmsiyyə Əliqızı, “İki sahil”